Yüksəkliyə qarşı böyük fobiyam var…O qorxu ki, əvvəllər məndə olmayıb. Sözümün canı var. Keçən yay bu qorxuya, həyəcana rəğmən iki rəfiqəmlə Dənizkənarı Parkda mənim üçün çox yüksək atraksiyona mindik. Rəfiqələrimin yanımda olmasımı, gənclik çılğınlığımı, ya hər şey bir qırağa, özümün adrenalin həvəskarı olmağımmı bu qorxuya üstün gəldi…
İlk dəfə idi öz-özlüyümdə cəhənnəmin uğultusunu, ölümün hənirtisini ən yaxınımda, qulaqlarımda eşidirdim. Qorxudan gözlərimi bərk-bərk sıxmışdım, yerim çox narahat və təhlükəli idi. Mənə elə gəlirdi ki, bərkidici tutacağdan əlimi çəksəm, hər tikəm o möhkəm küləkli yay günündə, göyün yeddinci qatında bir yana səpiləcək. O atraksiyona mənim inadımla minmişdik, elə ən çox dəhşət içində olan da mən idim, deyəsən. Rəfiqəm dəfələrlə demişdi ki, istəmirəm, çox həyəcanlananda ürəyim narahat olur. Yaxşı bilirdim bunu…Nəysə ki, birtəhər yola gətirmişdim. Elə ona görəydi ki, bütün fikrim ondaydı.
Adını bərkdən bağırdığım yadıma gəlir: “Qorxma, qorxma, düşürük…dayanır…” Mən bağıranda nədənsə onun səsi çıxmırdı…Hələ yüksəklik qorxusu canıma yer eləməmiş “ona nəsə oldu” qorxusu bürüdü məni. Mən “dayanır…” dedikcə o hənirti oturacağımızla birgə daha da qalxırdı elə bil. Yenə səsi gəlmirdi…Bu dəfə qətiləşdirdim ki, nə olsa da əlimi çəkəcəm oturacaqdan, gözlərimi də açacam. Gözümü açanda onun da tutacaqdan bərk tutduğunu görüb xeyli rahatladım. Aramızda sədd olduğuna görə üzünü çətinliklə görürdüm. əlimi buraxıb əlindən tutdum, eyni sözləri deyə-deyə beşinci dəqiqənin tamamında bu cəhənnəmin uğultusu birdəfəlik kəsildi. Artıq yerdəydik. Illərlə əsirlikdə, sürgündə əsir-yesir olmuş halındaydım. O biri rəfiqəm məndən bir az uzaqda oturduğuna, əvvəldən qorxmadığına, bu da üzündə əks olunduğuna görə ani ona baxıb səsi çıxmayan rəfiqəmə donuxub baxırdım. Məlum oldu ki, güclü külək nəfəsinə dolmasın deyə danışmırmış. “Yenə minək” deyəndə başa düşdüm ki, bu yüksəklik qorxusunu üstələyən qorxum boş yerəymiş…
Sözümün yenə canı var. Hər zaman itirməkdən qorxmuşam. Ağlım kəsəndən dəyər verdiyim hər şey və hər kəsi elə “hər şeyim” bilmişəm. Məncə, həyatda hər gözəl şeyin təməlində dostluq, yoldaşlıq, hörmət və anlayış dayanır. Bunlar var, sədaqət yoxdursa… O zaman hər şey sıfırlanır…Sədaqət hər şeydən önəmlidir…
S.Sarvan deyir:
Əh, birin bilirsən, sən də birin yox,
daha yıxılıram heç xəbərin yox.
Gördüm ki, tutmağa özgə yerim yox,
tutdum yıxılmağa qorxduğum yerdən…
Yıxılmağa qorxduğum yerlərdən yıxıldım…Gördüm tutmağa yerim də yoxdur…tutmağa yerim yoxdursa, yıxılmağa qorxduğum yerlər də qalmayıb demək. Artıq yüksəklikdən qorxmadığımı da hiss eləyirəm. Əslində, insanın yıxılmağı normaldı, anormal olan ətrafındakıların, yaxınlarının münasibətidi. Yıxan da elə budu. Bundan belə dost tərəfindən yıxılsam nə ki, ayaqlarımı kəssələr təəccüblənmərəm, yıxılmaram. Həmişəkindən daha soyuqqanlı, daha qəddar olmuşam, sanki. Həmişə deyirəm ki, həyatımdan, yaşadıqlarımdan bir roman yazacam. Bestseller olacaq bir roman…Hər kəs üçün ibrət olsun. Kimsə çəkməsin çəkdiklərimi. Bəlkə, elə bir roman yaza bilməyəcəm heç vaxt, bəlkə heç bestseller də olmayacaq, amma, bir neçə insanın həyatını bataqlıqdan qurtarmaq mənə nəsib olacaqsa o zaman “hərşeyim”i yenidən qazanacam. Və ən yüksəklərdə hiss eləyəcəm özümü, bundan da qürur duyacam. Əslinə qalanda mən həyatda tanıdığım adamları, şahidi olduğum hadisələri bir daha kitab səhifələrindən oxumaq istəməzdim. Vəziyyət o yerdədi ki, təlaş üçündə olmaq yerinə qəribə bir sakitlik içindəyəm. Bu boyda da yanılmaq olar? Elə bil illərdi birgə yaşadığın, həyatını, ömrünü-gününü birgə keçirdiyin və hər şeyin əla olduğu bir dönəmdə həyat yoldaşın sənə deyir ki, hamısı yalan idi, heç sevməmişəm səni. Absurt bir şeydi, deyilmi? Belə absurtların içində də sakitəm. Elə bil yuxudakı kimi qışqırmaq istəyirəm, səsim çıxmır. Bəlkə, buna görə də sakit görünürəm. Susduqlarımı eşitsinlər daha… Hər şeyi bağışlamaq hər şeyi anlamaq deməkdir – romalılar belə deyir. Anlamaq və bağışlamaq yəqin ki, tək mənim alnıma yazılmayıb. Bir az da başqaları anlasın artıq. Susduqlarımı tapsınlar, tapıb yan-yana düzsünlər, rəngbərəng bir təsbeh düzəltsinlər. Ya da şeytan yelləncəyi qursunlar. Qalxaq-düşək, düşək-qalxaq… Qalxanda görək və düşəndə susaq…
“Özünə qayıdır hər şey, özünə” – deyir Ramiz Rövşən. Mən də özümə qayıtmışam, nəhayət ki…Amma bilin ki, qayıtmaq istədiyimiz o yerdə bizim qoyub getdiklərimiz qalmır. Kürün axıb gedən suları kimi adamlar da dəyişir. Və əsl həqiqət bəlkə də budur ki, heç bir yerdə heç kim heç kimi gözləmir…
Nigar RÜSTƏMQIZI,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı