rafiqoday

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist

SEVİNİR

G.Şöhrəddinqızına

Qoşa yaranıbdır sevgiylə, nifrət,
Seçməyən qəmlidi, seçən sevinir.
Hər kəsə eşq adlı bir badə qismət,
İçməyən qəmlidi, içən sevinir.

Hissini, duyğunu sevgidən yoğur,
Səni dərk edəni sev ki, – tən yoğur.
Hər nurlu sabah da sevgidən doğur,
Doğdumu dan gülür, gecən sevinir.

Səni anlayansa könül həmdəmin,
Yönsüz tufanlara tuş olmaz gəmin.
Qədər biçinçidir, insanlar zəmi,
Biçilən qəmlidir, biçən sevinir.

Göy ilə bağlıdır yer, – körpü durur,
O ucu, bu ucu sirr körpü durur,
Hər kəsin önündə bir körpü durur,
Keçməyən qəmlidi, keçən sevinir.

Qismətsiz nə əksən ək, sənin deyil,
Əkdinsə gözünü çək, sənin deyil,
Bu sevinc, əzizim, tək sənin deyil,
Gör neçən şadlanır, neçən sevinir.

BİLMƏZ

Ürək – arzuların qanadlarında,
Ömür – haçan çatdı bu yaşa, bilməz.
Hər zaman ürəyin istəyi ilə,
Ömrün gedişatı uyuşa bilməz.

Bu sel min illərdir dərəni oyur,
Uçurur hər bəndi-bərəni, oyur.
Özünə tən gələr hərənin boyu, –
Bu başdan nə düşər o başa bilməz.

Önünə keçəni vurub aşırar,
Oturub aşırar, durub aşırar.
Min kərə bu daşla vurub başı yar, –
Bu daş nədən dəyər o başa, bilməz.

Ötürüb səksəni, doxsanı adam,
Hələ də varlığı yox sanır adam,
Ha söylə, bu yolun yox sonu, adam,
Düşməz etdiyini o başa, bilməz.

Vədə yetişdimi – can söküləcək,
Gəlimi, gedimi qan, söküləcək.
Yəqin ki, birazdan dan söküləcək,
Gecə haçan çatdı obaşa, bilməz.

Bir yol tərəzi bil elin gözünü,
Yoxdan dağ eyləmə çölün düzünü.
Yuya bilməyirsə əlin üzünü, –
Hələ “b”-yə keçmə, o baş “a” bilməz.