rafiqoday

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist

Ramiz Qusarçaylıya

Ötsə yenə şıltaq havalar, bir yaya gəlsək,
Dost haylasa, biz də yığışıb bu haya gəlsək.

Bizdə belədir dosta məhəbbət ta əzəldən,
Gərəkdi səni dost dediyin dost saya, gəlsək.

Dost mehrinə, dost sehrinə möhtacdı könüllər, –
Az, ya ki çoxuq – varmı bir hacət saya, gəlsək?

Enək düzünə, dərəsinə, dağına qalxaq, –
Kimdir ki, qoyan zəhməti getsin zaya, gəlsək.

Bir qoşma deyək sərt qayaya Məmməd Arazdan,
Bir kəlmə ilə təzimə dursun qaya, gəlsək.

Oday, di tez ol Ramizə bir ismarıc eylə,
Nolar yığışıb bir gecə Qusarçaya gəlsək?!

A DƏRDİM

Sən mənim kimsəyə söyləmədiyim,
Pünhan saxladığım sirrim, a dərdim.
Doğmadan qaçanda, yaddan qaçanda,
Sön ümid, son pənah yerim, a dərdim.

Göydən yağış kimi ələn, sevinim,
Ömrümə, günümə bələn, sevinim,
Tək mənəm dərdini bilən… sevinim,
Hələ yazılmamış şerim, a dərdim.

Sən varsan – meydanda gəşt edə billəm,
Baxıb öz halıma qəşş edə billəm,
Ha ötüb-keçənə “keşkə” de… billəm,
Nazını çox çəkib sərim, a dərdim.

İçimdə mizan tək qurulmusan sən,
Qanımda dövr edib, durulmusan sən,
Bəlli ki, mənə bərk vurulmusan sən,
Mənim ilham adlı pərim, a dərdim.

Sənə gələn yollar kəc də nə? – gəlləm,
Dolarsan ruhuma, vəcdə nə gəlləm!!!
Gündə neçə kərə səcdənə gəlləm,
Müridim, mürşüdüm, pirim, a dərdim!