12091354_1653537131524991_3860076084131834097_o

BAHARIM ,YAZIM

Aman Allah nə tez çatdım mən əlli yaşa,
Ağ qırovlar nə vaxt qondu saçlara, başa?
Ömür boyu atdığım ox dəydi hey daşa,
Doğulmamış tələf oldu nə qədər arzum-
Göz açınca payız oldu baharım, yazım.

Dağ ömrümə qüssə, kədər qartək ələndi,
Cavan canım hər möhnətə, dərdə bələndi.
Sınıq könlüm gülmədi heç,fərəh diləndi,
Çalan oldu naşı,nadan, inlədi sazım-
Göz açınca payız oldu baharım, yazım.

Enişi qar, yoxuşu qar,getdiyim yolun,
Uçurumdu,sıldırımdı sağım, həm solum.
Qədd əyilib, saç ağarıb, tutmur əl-qolum,
Dada çatan nə yaxın var, nə oğul, qızım-
Göz açınca payız oldu baharım, yazım.

Fələk oldu qanlı yağı,hey tələ qurdu,
Namərd kimi qəmə çəkib, arxadan vurdu.
Illər boyu tikdim, qurdum, o hey uçurdu,
Talehimdən giley, güzar nə qədər yazım?!
Göz açınca payız oldu baharım, yazım.

27.10.2015.

HARAYA GEDİRSƏN DÜNYA

Hələ bitməyibdir səninlə işim,
Sanma təsadüfmiş sənə gəlişim.
Yoxsa əzir səni əzmim, gərdişim?
Qailkən mən sənin verdiyin paya,
“Yığışıb haraya gedirsən dünya?”

Hələ bükülməyib polad biləyim,
Hələ tükənməyib arzum, diləyim.
Imkan ver dərd, səri səndə ələyim,
Yetməmişkən ömür bahardan yaya,
“Yığışıb haraya gedirsən dünya?”

Layiqkən mən daha böyük işlərə,
Çırpdın zirvələrdən məni yerlərə.
Düşdüm çıxmazlara, kor döngələrə,
Kəsmişkən önümü dağ,daş, sərt qaya,
“Yığışıb haraya gedirsən dünya?”

Çıxartdın qarşıma “qara, ağ qoçu”,
Hansına minsin bu usanmış yolçu?
Baxta qara düşdü, ağın nə suçu?
Bitməmiş qaranlıq, qorxulu röya,
“Yığışıb haraya gedirsən dünya?”

Dərd-dərdi gətirər, sevinc-sevinci,
Hey mənim bəxtimə düşdü birincı.
Dərdlərlə qoynunda, gəzdim girinci,
Köçəsi deyildim marsa, ya aya?
“Yığışıb haraya gedirsən dünya?”

“Çay hər vaxt özüynən alma gətirməz”,
Haqqın verdiyini bəndə itirməz.
Halal olmayanı Dövran götürməz,
“Qırmızı alma”nı kim atdı çaya?
“Yığışıb haraya gedirsən dünya?

26.10.2015.