GÖZLƏRİN
Qara tellim, süzüb qumral gözlərin,
Hər baxışın alır mənim vaxtımı.
Gülüşün gözəldi, baxışın dərin,
Səninlə tapmışam mən öz baxtımı.
Sənin gözlərinin çiçək bağında,
Şimşək baxışında, eşqin dağında.
Mənim bu yaşımda, ahıl çağımda,
Sevgi diyarında qurub taxtımı.
Qumral gözlüm, parıldayan gözlərin,
Ay-ulduz topası, gecələrimdir.
Ruhuma aydınlıq verən sözlərin,
Bütün fəsillərdə yaz səhərimdir.
Yazımı, yayımı, qışda qarımı,
Titrək əllərimi sən sarıyasan.
Səninlə tağ olmuş sevgi qapımı,
Ölüncə sən açıb, sən qapıyasan..
27.10.2015
ÜŞÜYÜR BİR QIZ UŞAĞI
Bir balaca qız uşağı,
Məkanı yollar qırağı.
Soyuq onu qorxutmuşdu,
Üşüyür əli, qulağı.
Deyir anam ölüb mənim,
Yoxdu bir qızım deyənim.
Yollardan çıxır çörəyim,
Üşüyür kiçik ürəyim.
Əllərində dəmir pullar,
Əl açmadı isti qollar.
Sahib çıxdı ona yollar,
Üşüyür bir qız uşağı.
Bu gün yolda yox idi o,
Axtardım yol qırağında.
Maraqlandım dedilər ki,
Bir ölümün qucağında.
Üşüyür bir qız uşağı…..
27.10.2015
DÜŞÜB
Qumral gözlərinin heyranıyam mən,
Gözüm çələnginin gülünə düşüb.
Qəhrini çəkdiyim o baxışların,
Mənim xəyalımın gölünə düşüb.
Sənlə şaxələnir qolum, qanadım.
Xəyalda, gerçəkdə, göydə aradım.
Necə xoşbəxtəm ki, səninlə adım,
Sevgi dastanının dilinə düşüb.
Səninlə keçəcək bütün həyatım,
Səndə sona çatır mənim nicatım.
Yerişim, gülüşüm, müqəddəratım,
Sən dəli sevdamın əlinə düşüb.
25.10.2015
QADIN
Ey uca dağların göz giləsindən,
Billur bulaq təki süzülən qadın.
Axdıqca bu qəlbim çıxır yerindən,
Ürək yollarıma düzülən Qadın..
Ay böyük məhəbbət, ey təmiz ürək,
Sevgi yolumuzdan keçməsin külək.
Səs ver səsimə sən, bir bəstəkar tək,
Axan göz yaşıma üzülən Qadın..
Sən bir şəlaləsən sinə dağımda,
Axıb ürəyimə ahıl çağımda.
Tumurcuq açmamış çiçək bağımda,
Bir cümlə yazınla çözülən Qadın..
Fikrimin bağbanı, hissin torpağı,
Üşüyən cismimin odu, ocağı.
Ay mənim könlümün nəğmə qaynağı,
Dürr yağan sözünə dözülən Qadın.
25.10.2015