“Çox günahkardı…,,
evində güzgülər bir ah tanımır..
sənin pəncərənin gecəsi olmur..
yaqut dodaqlarım çox günahkardı…
amma… elə yenə yağmur qoxuyur…
qəhərim qəhqəh çəkir küncdə-bucaqda..
saçlarım?.. sən getdin çilikləndilər…
çəkmən qapıdadı, yanır ocaq da…
söndü… yəqin ki, gəlməyəcəksən…
ulduzlar?.. yox.. daha çox ötmür…
daha diləmirəm onlardan səni…
sənə pıçıldasam səsim hönkürmür…
böyümüşəm… bilirəm dərdi sevməyi…
bir nağıl gecəyə uydurum.. sonra…
özüm inanaram uydurduğuma…
qayıtma… sevmə… mənə aldanma…
şeirlər yaz “ən xoş ayrılığına…,,
” …bu da belə duyğu qoxuyur….,,
yenə əllərimdə şeir ağrıyır…
yenə gözlərimdə tor olur kimsə…
yenə qaranlıqlar hüzn saxlayır…
durna xəyalında yorulur kimsə…
yenə bu axşamı o axşam bilib..
nimdaş ayrılıqdan deyir saçlarım…
yenə usul-usul oluram dəli…
yenə küləklərin evi- saçlarım…
yenə məktublarım oxunmur… itir…
səsimi dənizdən oğurla… oxu…
sərçə gözlərində bir qızmı ötür?..
o mənəm… gördüyün bir əlçim yuxu..