filologiya üzrə fəlsəfə doktoru, dosent
Prezident təqaüdçüsü
Yunan hakimiyyətində yaşamasının 80 ildən artıq böyük bir tarixi dönəmini başa vuran türk diyarı Batı Trakyanın zəngin ənənələrə malik ədəbiyyatı vardır. Bu ədəbiyyatın türk dünyasında tanınmasında görkəmli tədqiqatçı, İzmirdəki Dokuz Eylul Universitetinin müəllimi Fəyyaz Sağlamın mühüm xidmətləri olmuşdur. Batı Trakya ədəbiyyatının tədqiqinə 1985-ci ildən başlayan F.Sağlam bu sahədə bir çox nailiyyətlər qazanmış, bu ədəbiyyatın inkişaf tarixinin son 50 ilini ardıcıl və sistemli şəkildə araşdırmağa müvəffəq olmuşdur.
Alimin böyük çətinliklərlə əldə edə bildiyi ilk ədəbi mətnlərin 1990-cı ildə Kültür Bakanlığı tərəfindən «Batı Trakyada (Yunanıstanda) çağdaş türk ədəbiyyatı antalogiyası» adıyla nəşr edildiyi vaxtlardan bütün türk dünyasında bu ədəbiyyata qarşı ciddi maraq yarandı. F.Sağlam bu antalogiyanın nəşri ilə əslində daha böyük bir missiyanı yerinə yetirmiş, Yunanıstanda türk ədəbiyyatının yaranması kimi mühüm bir gerçəkliyi dünya ədəbi ictimaiyyətinin nəzərinə çatdırmışdı. Həmin antologiya ilə dünya türk ədəbi həyatına vəsiqə alan Batı Trakya ədəbiyyatı görkəmli tədqiqatçının yorulmaz təbliğatçılıq fəaliyyəti sayəsində ümumtürk mədəniyyəti tərəfindən tanındı. F.Sağlam bu sahədə onlarla dəyərli tədqiqat əsərlərini Yunanıstanda, Yuqoslaviyada, Quzey Kıbrısda, Türkiyədə, İngiltərədə, Almaniyada, Bolqarıstanda, Makedoniyada, Hollandiyada, Özbəkistanda nəşr etdirməklə Batı Trakya türk şeirini, hekayəsini, folklorunu, uşaq ədəbiyyatını nəinki türk xalqları arasında, dünyanın qabaqcıl inkişaf etmiş bir çox ölkələrində təbliğ etdi. Alimin «Batı Trakya türkləri cocuq ədəbiyyatı» (1990), 1Y cildlik «Yunanıstan (Batı Trakya) türkləri ədəbiyyatı üzərinə incələmələr» (1991-1995), «Yunanıstan (Batı Trakya) türkləri ədəbiyyatında Atatürk» (1992), «Yunanıstanda (Batı Trakyada) çağdaş türk şeiri antologiyası» (1995) kimi fundamental tədqiqat əsərləri bu qəbildəndir.
Batı Trakya ədəbiyyatının yaradıcılıq nailiyyətləri ilə yaxından tanışlıq göstərir ki, bu ədəbiyyatın başlıca uğurları poeziya ilə bağlıdır. Buna görə də F.Sağlamın türkçülük mövqeyindən, çağdaş elmi təfəkkür işığında araşdırdığı Batı Trakya ədəbiyyatına dair elmi tədqiqatlarının böyük qismi poeziyanın problemlərinə həsr olunmuşdur. Tədqiqatçı müxtəlif illərdə nəşr edilmiş monoqrafiyalarında, onlarla məqalələrində Batı Trakya türk şeirinin dolğun elmi mənzərəsini yaradıb. Qeyd etmək lazımdır ki, türk ədəbiyyatlarının tədqiqi və təbliği seriyasından olan kitablarda, məqalələrdə, alimin özünün də etiraf etdiyi kimi, Fəyyaz Sağlama qədər Batı Trakya türk şeirindən, bütövlükdə ədəbiyyatından bir sətir belə yazılmamışdır.
Türklərin XII yüzillikdən məskunlaşmağa başladıqları bu diyarın ədəbiyyatı, poeziyası isə onun tarixi qədər qədimdir. Çağdaş Batı Trakya türk şeiri qocaman bir ədəbiyyatın zəngin poetik ənənələri üzərində dayaq tapıb yüksəlmişdir. Bu poeziyanın inkişaf yolunu diqqətlə izləyən F.Sağlam onun öz tarixi kökünü xalq şeirindən, divan şeirindən götürdüyünü əsaslandırır. Osmanlı imperiyasının süqutundan sonrakı dönəmdən, yəni 1919-1922-ci illər Yunan-Türk müharibəsinə son qoyan Lozanna sülh müqaviləsinin (1923) şərtlərinə görə osmanlıların dədə-baba torpaqları olan Batı Trakyanın Yunanıstan ərazisinə birləşdirildiyi vaxtdan başlayaraq bu poeziyanın inkişaf yolunu, uğurlarını izləmək mümkünsüz olmuşdur. Bu cəhətdən də F.Sağlam Batı Trakyanın Yunanıstanın tərkibinə daxil edildiyi 85 il ərzində yaranan poeziyanın yalnız son 50 illik inkişaf tarixini öyrənə bilmiş, onun əsas yaradıcılıq uğurlarını müəyyənləşdirmişdir. Bu dönəmdə Batı Trakya ədəbiyyatının inkişaf yolunu izləməyin çətinliklərindən biri də Batı Trakyalı şairlərin dünyanın dörd bir tərəfinə səpələnməsi həqiqəti ilə bağlıdır. Təbii olaraq Fəyyaz Sağlamın tədqiqat vəzifəsinə həm Batı Trakyada yaşayıb-yaradan sənətkarların yaradıcılıqlarını, həm də vaxtilə Yunan hökumətinin siyasi, dini, ideoloji təzyiqlərinə və təqiblərinə məruz qaldığından Vətənini tərk etmək məcburiyyətində olan, başqa ölkələrdə ədəbi fəaliyyət göstərən Batı Trakyalı şairlərin ədəbi irsini sistemli şəkildə araşdırmaq daxil idi.
Çağdaş Batı Trakya türk şeirinin coğrafiyasına nəzər salan tədqiqatçı bu diyarın hər üç vilayəti – Gümilçinə, Məriç, İskəçə ilə yanaşı Türkiyə, Almaniya, İngiltərə, Hollandiya və Avstraliyada yaranan poeziyanın inkişafını da diqqətlə izləmişdir. F.Sağlamın geniş elmi mənzərəsini yaratdığı Batı Trakya türk şeirinin hüdudları gözlərimiz önündə belə canlanır: Fərrux Mehmet Parvantoğlu, Rasim Həsən Hind, Əbdürrəhim Dədə, Musa Yurd, Rəcəb Qara, Təhsin Sönməz, Ümid Qurtuluş kimi şairlər güvənib pənah gətirdikləri, «Ana Vətən» deyə Böyük Vətən anlamında xüsusi dəyər verdikləri ulu məkanda – Türkiyədə imzalarıyla şöhrət qazanıblar. Almaniyada Aşıq İzzət Yusif, Əli Ayazmalı, Özkan Hüseyn, Mehmet Vəli Fırla, Müzəffər Nabantoğlu, Dəli Həsən Hüseyn Cahid, Mehmet Mehmet, İsmət Alim Mehmet, Nəcla Kürdoğlu, Qürbət Şairi və b. türk poeziyasını sevdirməyə müvəffəq olublar. Rukiyə İbrahim, Fəriha Rəşidoğlu, Nadir Cəlil isə Avstraliyada Batı Trakya şeirini yaradıb təbliğ ediblər. Fəyyaz Sağlamın tədqiqatlarında Əlirza Saracoğlu, Məzlum Hüseyn, Asim Xəliloğlu, Hüseyn Əlibabaoğlu, Cihan Abbasoğlu və b. Batı Trakyada yaşayıb, ədəbi fəaliyyət göstərən görkəmli sənətkarlar kimi təqdir olunurlar.
Dünyanın bir çox türkdilli mətbuat orqanlarının – Türkiyədə «Yeni Batı Trakya», «Batı Trakyanın səsi», Almaniyada «Yeni addım», «Almaniyadan Batı Trakya», Avstraliyada «Əl-ələ kimi», Yunanıstanda «Yuvamız», «Şəfəq», «İrəli», «Balkan», «Ərciyəz» və s. qəzet və jurnalların səhifələrində Batı Trakya türk şeirinin nailiyyətlərini axtaran F.Sağlam həmin ünlü şairlərin yaratdıqları dəyərli bədii örnəkləri ciddi tədqiqatçı məsuliyyətilə araşdırmış, onların bir çox poetik özəlliklərini üzə çıxarmışdır.
Batı Trakya poeziyasının müxtəlif yaradıcılıq məsələləri onun tədqiqatlarının mövzusu olmuşdur. Daha dəqiq desək, Batı Trakya türk şeirinin elə bir yaradıcılıq məsələsi qalmamışdır ki, bu fədakar tədqiqatçının araşdırmalarında öz əksini tapmasın. Görkəmli ədəbiyyatşünas zəngin faktik materiallar əsasında çağdaş Batı Trakya türk şeirinin inkişaf mərhələlərini aydınlaşdırmış, onun başlıca mövzularını, forma özəlliklərini, dil, üslub məsələlərini və s. sənətkarlıq xüsusiyyətlərini araşdırmışdır. Bu poeziyanın başlıca inkişaf dönəmlərini müəyyənləşdirərkən F.Sağlam 1923-1960-cı illəri Batı Trakyanın Yunan hakimiyyətində yaşamasının ilk onillikləri kimi yetərincə araşdırılmamış, «qaranlıq» bir dönəm hesab edirsə, ədəbiyyatın hərəkətə gəldiyi 1960-1980-ci illəri böyük sənətkarlar yetirən bir mərhələ – «öyrətmən şairlər dönəmi» tək səciyyələndirir. Həmin «öyrətmən şairlər» sırasında Rəhmi Əli, Mustafa Təhsinoğlu, Əlirza Saracoğlu, Məzlum Hüseyn sonrakı dönəmin, 1980-1990-cı illər poeziyasının da aparıcı ədəbi qüvvələri kimi təqdir olunurlar. 1990-cı ildən sonrakı dönəmdə poeziyanın uğurlarından söz açan tədqiqatçı 1989-cu ildən nəşrə başlayan «Şəfəq» dərgisinin bu mərhələdə əhəmiyyətli rolunu xüsusi vurğulayır. Bu dönəm həm də poeziya aləminə istedadlı gənc qüvvələrin, o cümlədən qadın şairlərin qədəm qoyduğu bir mərhələ kimi yüksək dəyərləndirilir.
F.Sağlamın araşdırmalarının mərkəzində ədəbiyyatlarında öz başıbəlalı Vətənlərinin tarixini yazan, onun üzləşdiyi çətinliklərdən, məruz qaldığı sarsıntılardan danışan Batı Trakya şairlərinin yaradıcılığı durur. Türkün tarixi, Atatürkçülük, milli mənlik, türk birliyi, dinə-haqqa dəvət, məhəbbət və təbiət Batı Trakya türk şeirində daha çox müraciət edilən mövzular kimi tədqiqatçının diqqətini cəlb edir. Batı Trakyalı şairlərin bu mövzular içərisində daha çox türkün tarixi, milli mənlik məsələlərinə xüsusi üstünlük verməsi isə Yunanıstan əhalisinin iki faizini təşkil edən 150 min türkün 95 faiz yunan içərisində öz milli varlıqlarını, ədəbi-mədəni sərvətlərini qorumaq, əsrlərlə yaşatmaq uğrunda mübarizəsinin təzahürüdür. Məhz bu buna görə də Batı Trakyalı sənətkarların ədəbi fəaliyyətlərini diqqətlə nəzərdən keçirdikdə onların məhəbbət lirikasında belə türkçülük amalına sadiq qaldıqlarının şahidi oluruq. Bu cəhət F.Sağlamın tədqiqatlarında da diqqət mərkəzinə çəkilir, Batı Trakyalı şairlərin məhəbbət lirikası vətənpərvərlik lirikası ilə vəhdətdə araşdırılır. Tədqiqatçının təhlil etdiyi bədii örnəklərdə lirik qəhrəmanın timsalında ağrılı, dərdli Vətəni və onun azad, xoşbəxt gələcəyinə inamın ifadəsini görürük.
Batı Trakya türk şeirinin «Mənim nəbzim Türkəm deyə atıyor» yazan ustad şairi Əlirza Saracoğlundan «Gərək olsa divarları yıxarıq, özgürlük yolunda, Haqq uğrunda» – deyə milli azadlıq uğrunda mübarizəyə atılan ünlü gənc şairi İsmayıl Yusifə qədər böyük bir ədəbi nəslin bədii yaradıcılığı F.Sağlamın tədqiq obyektinə çevrilib. Türkün böyüklüyündən, basıl-mazlığından, qanı bahasına azadlığa qovuşmaq istəyindən, əzmindən xəbər verən bədii nümunələrə diqqət yetirən tədqiqatçı bu milli ruhu gənc şairlər Cihan Abbasoğlunun, Aydın Əhmədin, Mehmet Dükançının, Sevkan Təhsinoğlunun, Səma Salehoğlunun şeirlərində də müşahidə edir. F.Sağlamın tədqiqatlarında imzalarına ehtiram göstərilən bu şairlər həqiqətən də Batı Trakya poeziyasının ümumi ruhunu öz yaradıcılıqlarında əks etdirirlər. Onlar şeirlərində əsil insan xoşbəxtliyini azadlıqda, Vətənin bütövlüyündə görür, «türkün qapısını kədərin, dərdin üzünə biryolluq bağlayır»lar:
Könüllərin qapısı yeni dərdlərə örtülü,
Yetər…yetər…başqa qapıya hey, kədər!
(Aydın Əhməd)
Yaxud:
Bir həyat var yaşamaq istədiyimiz,
Sərbəst, özgür, huzurlu…
(Nalan Saracoğlu)
Mehmet Dükançı da insanın öz səadətini azadlığın qoynunda tapacağına, ona doğru yürüməyin İnsanlığa qovuşduracağına inamla yazır:
İndi insanlıq yolunda yürüyürəm,
İnsan olmağa doğru.
Yavaş-yavaş…
Batı Trakyalıların mübarizlik ruhunu özündə əks etdirən dəyərli bədii örnəklərdən biri də gənc şair Cihan Abbasoğlunun milli kökə sədaqət, türkün tarixinə heyranlıq hissilə qələmə aldığı «Tarix və biz» şeiridir:
Gedirik rüzgarları yara-yara,
Yolları bir-birinə qata-qata.
Atalarımızın sıcaqlığını araya-araya,
Yadigarlarına baxa-baxa.
Dərindən bir ah çəkə-çəkə,
Bitirə bilmirik o tarixi gəzə-gəzə.
Keçmişin, köçmüşlərin həsrətini duya-duya,
Tarix içində qərib çiçək ola-ola.
F.Sağlamın tədqiqatçı diqqətini cəlb edən bu kimi şeirlər, Batı Trakyalı şair Naim Kazımın təbirincə desək, türkün «sınıq ürəkləri üstündə», ağrı-acıları üzərində yazılan yunan şeirlərinə bənzəmir, onlar uzun illər Vətəndə yadelli «dustaqlığının» «tikan kimi batdığı» yaralı ürəklərin «acı söylənti»ləridir. Bu «söylənti»lərin hamısında isə «özgürlük həsrəti» motivi daha qabarıq nəzərə çarpır. Əlirza Saracoğlunun «Halımız» şeirindəki kimi:
Biri yıxdı,biri yırtdı, biri satdı,
Nəyimizi?
Özgürlüyümüzü…
Biri dedi, biri yedi,
Aramıza girdi kara kedi
Yedi özgürlüyümüzü…
Batı Trakya şeirində XX əsrin əvvəlindən başlayan, sonu görünməyən bu «özgürlük davası» isə Batı Trakyalı şairlərin yazdığı kimi «türkün malı-mülkü getdikcə, soydaşları çilə çəkdikcə, dindaşları göz yaşı tökdükcə» davam edəcəkdir. Və Fəyyaz Sağlam kimi qeyrətli türk tədqiqatçılarının fəaliyyəti sayəsində Batı Trakyalı şairlərin «həyəcan təbili»nin səsi bu diyarın «ünyetən» yaxınlığında yerləşən ölkələrdə duyulduğu kimi, çox-çox uzaqlarda da eşidiləcəkdir. Bu gün Azərbaycanda eşidildiyi kimi.
Hələ ötən yüzilliyin 90-cı illərində Azərbaycan ziyalıları F.Sağlamın səsinə səs qataraq Batı Trakyalıların haqqını müdafiə edən, ədəbiyyatlarına sayqı göstərən, F.Sağlamın tədqiqatçı zəhmətini yüksək dəyərləndirən ədəbi-elmi yazılarla çıxış etmişdilər. Batı Trakya – Azərbaycan ədəbi əlaqələrinin yaranmasında əmək sərf etmiş, Batı Trakyalı şairlərin haqq səsinin qədim türk diyarlarından biri kimi ölkəmizdə də duyulmasına nail olmuş həmin ziyalılar Vaqif Sultanlı, Təyyar Salamoğlu, Əhəd Həsənoğlu, Vüqar Əhməd, bu sətirlərin müəllifi və b. idilər. Türkün, türkçülüyün təəssübünü çəkən, çoxəsrlik, çoxşaxəli türk ədəbiyyatını məhz türk qeyrətilə araşdıran həmin tədqiqatçılar tarixi 1986-cı ildən başlayan Batı Trakya-Azərbaycan ədəbi-elmi əlaqələrini genişləndirmək məqsədilə bu gün də F.Sağlamla yaradıcılıq ünsiyyəti saxlayırlar.
Türk adına layiq olduqlarını sənələrlə sübuta yetirən Batı Trakyalıların mübariz poeziyası Fəyyaz Sağlama bu ədəbiyyatı araşdırmağa sarsılmaz mənəvi güc, böyük mənəvi haqq verib. Biz isə bu kiçik yazı ilə Batı Trakya adlı əzəmətli bir diyarın ədəbiyyatını yorulmadan öyrənən, böyük türk sevgisiylə tədqiq və təbliğ edən Konyalı tədqiqatçıya – Fəyyaz Sağlama böyük ehtiramımızı bildiririk. Mənalı ömrünün iyirmi beş ilini Batı Trakya poeziyasının, bütovlükdə ədəbiyyatının tədqiqinə həsr edən alimin bir-birindən dəyərli araşdırmalarının öz hüdudlarını ildən-ilə genişləndirib türkün özgürlük türküsü kimi dünyanı dolaşacağına inanırıq.