Azərbaycan ədəbiyyatşünaslığı və tənqidi çoxəsrlik bir inkişaf yolu keçmişdir. Tarixi kökləri qədim dövrün xalq ədəbiyyatı nümunələrindən başlanan, XI əsrdə ilk filoloqu Xətib Təbrizini yetirən ədəbiyyatşünaslıq və tənqidimizin inkişafında XX əsrin 20-30-cu illəri ən mürəkkəb dönəm hesab edilir. Bu onilliklər istər ictimai fikrin, istərsə də bədii ədəbiyyatın inkişafı baxımından son dərəcə mürəkkəb, ziddiyyətli olmuş, dövrün hakim ideologiyasının nüfuzedici təsirilə «marksizm-leninizm» dünyagörüşünə əsaslanan, onun prinsipləri ilə çıxış edən ədəbi tənqid, və elmi-nəzəri fikir də təbii olaraq bu ictimai ziddiyyətlərdən kənarda qalmamışdır. Bu mərhələdə tənqid həyat həqiqətini ayrı-ayrı hadisə və faktların zahiri doğruluğu və reallığı, empirik qavrayışı mənasında deyil, həyatın əsas aparıcı cəhətlərini, meyllərini, müəyyən dövrün tarixi mahiyyətini, inkişaf tendensiyalarını əks etdirmək, bu cəhətdən həmin hadisələrin ictimai-bədii inkarı mənasında başa düşürdü.
Ədəbi tənqidin əsas diqqət mərkəzində duran məsələlərdən birincisi sovet ədəbiyyatının mövqeyini möhkəmləndirmək idi. Həmin məqsədin reallaşması üçün qarşıda duran konkret vəzifələr – sosialist sənətinin yeni yaradıcılıq metodu və üslubunun müəyyənləşdirilməsi, partiyanın ədəbiyyat sahəsində siyasətinin həyata keçirilməsi, hakim ideologiyanın bədii ədəbiyyatda əks etdirilməsi, həyata «kommunist münasibəti»n müdafiə edilməsi idi. Azərbaycanda 1920-1930-cu illərdə nəzəri təfəkkürü ilə diqqəti cəlb edən, son dərəcə fitri istedada malik tənqidçi və ədəbiyyatşünaslar nəsli yetişmişdir. Həmin ədəbiyyatşünaslar və tənqidçilər nəslini təmsil edənlər Ə.Nazim, S.Mümtaz, M.Quliyev, H.Zeynallı, M.Ələkbərli, B.Talıblı, B.Çobanzadə, Ə.Abid, A.Musaxanlı, S.Hüseyn (Kazımoğlu), R.Axundov, M.Hüseyn və başqaları kimi yüksək elmi-nəzəri təfəkkür sahibləri idilər. Bu dövrdə professional milli ədəbi tənqidimiz məhz bu ilk mübariz nəslin həmin istedadlı nümayəndələri tərəfindən yaradılır, inkişaf etdirilirdi. XX əsrin 20-30-cu illərinin ədəbiyyatşünaslığının, ədəbi tənqidinin yeni mahiyyət kəsb edən nəzəri görüşlərlə zənginləşməsində, inkişafında, Azərbaycan ədəbiyyatının mühüm yaradıcılıq problemlərinin həllində Mustafa Quliyevin mühüm xidmətləri olmuşdur. 1930-cu illərdə ədəbi tənqidin ədəbiyyatın taleyi ilə yaxından maraqlanmasında, onun əsas inkişaf istiqamətlərini müəyyənləşdirən fəal bir janr kimi möhkəmlənməsində, tənqidin nüfuzunun və peşəkar hazırlığının artmasında M,Quliyevin tənqidçilik fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Görkəmli tənqidçi yeni ədəbiyyatın yaradıcılıq metodu və həyatı əksetdirmə prinsipləri, yaradıcılıqda dünyagörüşün rolu, klassik ədəbi irsə münasibət, lirika və «sərbəst» şeir», ədəbi-bədii dil və üslub məsələləri ətrafında dövrün tənqidindəki ədəbi mübahisələrin ən fəal iştirakçılarından biri olmuşdur. 1920-1930-cu illər tənqidinin əsas problemləri sırasında müasir mövzu və müsbət qəhrəman məsələsi, ədəbiyyatın mövzu dairəsinin genişləndirmək, müasir və tarixi mövzularda ideya-bədii cəhətdən kamil sənət nümunələri yaratmaq, yeni həyat üğrunda mübarizə, yeni insan psixologiyasını əks etdirmək tələblərinin önə çəkilməsi M.Quliyevin tənqidçi təfəkkürünü ciddi məşğul etmişdir.
Xüsusi qeyd etmək lazımdır ki, yeni ədəbiyyatın qəhrəmanını, bu qəhrəmanın ideya cəbhəsini, mənəvi mövqeyini, estetik yeniliyini ehtirasla, qızğınlıqla müdafiə edən tənqidçilər arasında M.Quliyevin adı fəxri yerlərdən birini tutur. XX əsrin 20-30-cu illərinin mətbuatında bu görkəmli tənqidçinin imzası müntəzəm olaraq görünür, bu imza ilə mübariz tənqidin ən dəyərli nümunələri dərc edilirdi.
M.Quliyev dövrünün çoxcəhətli yaradıcılığa malik tanınmış şəxsiyyətlərindəndir. O, ədəbiyyat və teatr tənqidçisi, ədəbiyyatşünas, filosof, publisist, maarifçi və dövlət xadimi kimi qızğın, ehtiraslı fəaliyyət göstərirdi. M.Quliyev nəzəri cəhətdən hazırlıqlı, prinsipial tənqidçi idi. O, hansı mövzudan yazırsa-yazsın fərqi yox idi, həmişə bir mövqedən – ədəbiyyatda yeniliyə çağırış mövqeyindən çıxış edir, müasir həyat hadisələrini, yaşadığı dövrün ən qabaqcıl meyllərini bu mövqedən qiymətləndirirdi. Görkəmli tənqidçi yeni ədəbiyyatın, teatr sənətinin inkişafı məsələləri ilə ciddi və ardıcıl şəkildə məşğul olurdu. Dövrün çox mürəkkəb ictimai-siyasi şəraitində o, öz nüfuzedici və prinsipial, eyni zamanda qərəzsiz tənqidçi sözü ilə gənc yazıçıların yaradıcılıq axtarışlarını, yenilik səylərini düzgün qiymətləndirirdi. M.Quliyevi əsasən müasir ədəbiyyat, onun ideyaca təşəkkülü problemləri dərindən düşündürür və narahat edirdi.
XX əsrin 20-30-cu illərində bədii yaradıcılıq sahəsində tənqid üzərinə düşən vəzifələr mürəkkəb, çətin olduğu qədər də məsuliyyətli idi. Ədəbiyyat dövrün hakim ideologiyasının əsas təbliğatçı qüvvələrindən biri idi. Ədəbiyyat qarşısında duran vəzifələr – yeni, müasir prinsiplərlə çıxış etmək, yeni ictimai münasibətləri bədii əsərlərdə əks etdirmək və s. ədəbi tənqidə böyük nüfuz qazandırmışdı. Bu dövrdə ədəbi tənqidin inkişafı mühüm vəzifələrdən birinə çevrilmişdi. Mustafa Quliyevin tənqidçilik fəaliyyəti tənqidin bu mərhələdəki inkişafı ilə üzvi surətdə bağlıdır.
Azərbaycanın tanınmış yazıçı və tənqidçisi Mehdi Hüseyn 1956-cı ildə M.Quliyev haqqında yazdığı «Görkəmli tənqidçi» adlı məqaləsində qeyd edirdi: «M.Quliyev Azərbaycan ədəbiyyatı tarixində marksist tənqidin ilk nümayəndələrindən biri idi. O, gənc proletar şairlərinin, ədiblərinin və dramaturqlarının yetişməsində bir dost, müəllim kimi son dərəcə müsbət rol oynamışdır. Səməd Vurğunun, Süleyman Rüstəmin, Mikayıl Müşfiqin, H.Nəzərlinin, Ə.Əbülhəsənin gənclik dövrü yaradıcılığını diqqətlə izləyən M.Quliyev inqilabi ədəbiyyatımızın ardıcıl və ehtiraslı müdafiəçisi idi.»
M.Hüseynin bu qiymətləndirməsində, əlbəttə, dövrün sosialist ideologiyasının hakimlik prinsipinə də riayət edilmişdi. Lakin M.Quliyevin tənqidi, məhz sosialist mövqedən tənqidi bir çox hallarda Azərbaycanın böyük sənətkarlarının siyasi təqiblərdən qorunması, müdafiə edilməsi məqsədinə xidmət edirdi. M.Quliyev böyük şair və dramaturq Hüseyn Cavidin cəsarətlə qələmə aldığı, türkçü, islamçı mövqeyini aydın şəkildə nümayiş etdirdiyi əsərlərini də diqqətlə araşdırır, tənqidçi həssaslığı ilə yanaşaraq onları analitik təhlil süzgəcindən keçirir, yüksək qiymətləndirirdi.
M.Quliyev dövrün tənqidinin vəzifəsini böyük məsuliyyətlə yerinə yetirən ən fəal tənqidçilərdən idi. XX əsrin 1926-1934-cü illəri ədəbi-bədii tənqid sahəsində Mustafa Quliyevin fəaliyyətinin ən məhsuldar dövrü olmuşdur. M.Quliyevin tənqidçilik fəaliyyətində ədəbiyyat, teatr problemləri ciddi yaradıcılıq məsələləri kimi qoyulub həll edilirdi. Tənqidçinin 1926-1930-cu illərdə yazdığı «Türk ədəbiyyatında sağ uklon», «Hazırkı türk ədəbiyyatı haqqında», «İndiki türk ədəbiyyatı haqqında», «Müasir türk ədəbiyyatı haqqında qeydlər», «Azərbaycanda teatr sənəti məsələləri», «Azərbaycan proletar yazıçılarının 11 qurultayında ön söz», «Azərbaycanda musiqi kulturasının inkişaf məsələləri», «Səkkiz il içərisində ədəbiyyat», «Yeniyetmələr», «Yüksəliş», ««Sevil» və tənqid», «Türk qadınının faciəsi haqqında yeni bədii ədəbiyyat barəsində», «Sosializm quruluşu və proletar yazıçılarının vəzifələri», «Azərbaycan proletar yazıçıları qurultayının yekunları», «Proletar ədəbiyyatına doğru» və digər məqalələri dövrün ən dəyərli tənqidi mülahizələrini özündə əks etdirirdi.
M.Quliyev məqalələrində əsasən milli poeziya və dramatur-giyamızın məsələlərini geniş işıqlandırmışdır. O, 1926-cı ildə «Maarif və mədəniyyət» jurnalında dərc etdirdiyi «Azərbaycanda teatr sənəti məsələləri» məqaləsində göstərirdi ki, «əski yaşayış məhv olur və əvəzində yenisi tikilir. Bizim qarşımızda bir çox həll edilməmiş məsələlər və müzakirəyə qoyulmamış suallar durur. Yeni dramaturgiya bu yeni hadisələri təsvir etməli və bu məsələləri qət etməlidir.» Tənqidçi ədəbiyyatın qarşısında dövrün ən vacib tələbini – müasirliyi əks etdirmək vəzifəsini qoyurdu.
Mustafa Quliyev «Yüksəliş», «Hazırkı türk ədəbiyyatı haqqında», «Yeniyetmələr» adlı məqalələrində həqiqi sənətkarın vəzifəsini müəyyənləşdirir, Azərbaycan ədəbiyyatının müasir mərhələsində onun müxtəlif yaradıcılıq problemlərini işıqlandırır, eləcə də tənqidin qarşısında duran ümdə vəzifələri göstərirdi. O, tənqidin vəzifəsini ədəbiyyatda yeniliyin müdafiəsində görür, bu baxımdan gənc Azərbaycan yazıçılarının nailiyyətlərini, yaradıcılıq axtarışlarını və uğurlarını yüksək dəyərləndirirdi. Ümumiyyətlə, ədəbiyyata təzə gələn istedadları görmək və müdafiə etmək Mustafa Quliyevin tənqidinin ən güclü və qiymətli tərəflərindən biri kimi dəyərləndirilmişdir. Görkəmli sənətkarlarımız Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Məmməd Rahim, Rəsul Rza, Mikayıl Rəfili, Fövzi və başqalarının əsərlərini tənqidçi xüsusi həssaslıqla təhlil etmiş, bu sənətkarlar haqqında böyük ümidlə danışaraq onların fəal yaradıcılıq təkamülünü müşahidə etmişdir. Lakin M.Quliyev eyni zamanda gənc qələm sahiblərinin yaradıcılıqlarındakı qüsurlu cəhətləri də vaxtında görüb onlara faydalı məsləhətlər verirdi.
Beləliklə, ədəbi-estetik görüşləri realist ədəbiyyatın yeni mərhələdə ideya-bədii prinsiplərinin qərarlaşması mərhələsində formalaşan və inkişaf edən Mustafa Quliyev Azərbaycan ədəbi tənqid tarixində özünəməxsus şərəfli bir mövqe tutur. Onun tənqidi və nəzəri əsərləri Azərbaycan ədəbiyyatşünaslığının ən dəyərli nümunələrindəndir.