ETİBARIM YOXDUR MƏNİM DÜNYAYA
Bir də gördün varı səndən apardı,
Al qırmızı şalı səndən apardı,
Yetişməmiş kalı səndən apardı,
Gözüm-könlüm toxdur mənim dünyaya.
Kərpic-kərpic hördüyündən söküldün,
Göz doymayan gördüyündən söküldün,
Sındı kuzən bir gün yerə töküldün,
Get-gələnim çoxdur mənim dünyaya.
Vaxt çatıbsa, gedənini saxlamaz,
Şairinə gün-güzaran ağlamaz,
Dünya görən dünyaya bel bağlamaz,
Etibarım yoxdur mənim dünyaya.
09.11.2015
SƏBRİMİ YERƏ DÜZÜB GƏLİRƏM
Allah, al məni göylər üzünə,
Göylər bəlkə də göylər üzümə,
Nə qədər barmaq soxar gözümə,
Səbrimi yerə düzüb gəlirəm.
Əsdi, titrədi bu yer, bu torpaq,
Azad da deyil budaqda yarpaq,
Bəs gedib harda axtarıb tapaq,
Əlimi yerdən üzüb gəlirəm.
Ağa saymaram, qulu sayanam,
Bilmirəm gedib harda dayanam,
Nə bir atam var, nə də bir anam,
Olmayan yerdən küsüb gəlirəm.
Yükü olmadım yükü ağıra,
Qıymadım bircə tükü ağrıya,
Tapşırdım ulu türkü Ağrıya,
Dərdi bal kimi süzüb gəlirəm.
20.10.2015
HEYF Kİ…
Hər şeyə zaman da, vaxt da gərəkdir,
Ürəkdə sevgiyə taxt da gərəkdir,
Neyləyim, qismət də, baxt da gərəkdir,
Baha aldığım köynəyimi
Ucuz yudular.
Gecəli-gündüzlü başına döndüm,
Gəncliyimin on dörd yaşına döndüm,
Axdım gözlərimdən, yaşına döndüm,
Gözümdən axan göz yaşımı
Ucuz duydular.
Ürək də sevgiyə möhtacmı, acmı,
İçimdə saxladım ağrı, acımı,
Doyura bilmədim dilsiz acımı,
Heyf ki, sevgidə qiymətimi
Ucuz qoydular.
05.09.2015
SARALIR İÇİMDƏ SEVGİ YARPAĞI
Dalğalar sahilə çırpılan kimi,
Çırpılır külək də, çırpılır mənə.
Yiyəsiz, sahibsiz küçədə qalmış,
Ümidsiz bir küçük qısılır mənə.
Soyuqdur nəfəsi, soyuqdur əli,
Üzümdə, gözümdə gəzir baxışı.
Göydə şaqqıldayan qara buludlar,
Göndərir yerlərə payız yağışı.
Palçıqdan keçilməz küçələrindən,
Adamlar düzülüb cığır açırlar.
Küçədə oynayan dəcəl uşaqlar,
Ayaq izlərini qöyub qaçırlar.
Şairlər sevgidən şeir yazırlar,
Ömrümün, günümün yalqız vaxtıdır.
Saralır içimdə sevgi yarpağı,
Mənim ürəyimin payız vaxtıdır.
20.10.2014