Metronun “Elmlər Akademiyası” stansiyasının qarşısındakı dayanacağa çatanda addımlarını yavaşıtdı.Piyada birnəfəsə xeyli yol gəldiyindən bərk yorulduğunu indi hiss etdi.Bir kənara çəkildi, nəfəsini dərə – dərə ətrafa nəzər saldı.
Dayanacaqda xeyli adam vardı. Avtobus gözləyənlərin əksəriyyəti cavanlar idi. Aralarında onun kimi ortayaşlı qadınlar, kişilər də vardı.
“Bəlkə, avtobusa minməyim heç.Onsuz da bir saata gəlib çıxacaq…” Elə bunu fikirləşirdi ki, arxadan çiyninə ağır bir əl qondu.Ürəyi çırpına-çırpına başını çevirib baxanda gözlərinə inanmadı:
— Valeh?!. Sənsən? Bəs…
Qarasaqqal, qaraköynək, sıx qara saçlarına təzəlikcə dən düşmüş kişi hələ də əlini onun çiynindən çəkməmişdi.Deyəsən, belə bir fikri yoxuydu da heç…
–Hə, mənəm, özüməm.Bağışla ki, sağ-salamatam, ölməmişəm.Allah saxladı məni…Sizdən olsaydı…
Qadını dərin quyuya salmışdılar elə bil.Havası çatmırdı.
— Niyə belə danışırsan? Səni bəyəm mən?.. Eh, birindən xəbərin var, beşindən yox. Sənin torbanı o tikdi…
–İynəni-sapı sən vermişdin, o da tikdi də!..
Kişinin bu atmacası qadını heç açmadı.Üzünü ona yox, yana tutaraq:
— Belə danışma, sən Allah!-dedi.– Heyif ki, vaxtım yoxdu, gözləyirlər məni, yoxsa…
Kişi də harasa tələsir, kimisə gözləyirdi, sanki. Bir gözü küçənin yuxarı başındaydı.
–Nolar, bir gün görüşüb ətraflı danışarıq.Mənə hər şey məlumdur.Təkcə bir şey qaranlıq qalıb…
Valehin bu müəmmalı danışığından sonra qadının əhvalı lap pozuldu.Əlini çantasına salıb cib telefonunu çıxardı.Əsəbdən titrəyən barmaqlarının ucuyla bir-iki düymə sıxmışdı ki, Valehin ağır əlini yenə də çiynində hiss etdi.
— Ay Rəna xanım, kimə zəng vurursan,niyə belə özündən çıxırsan? Yoxsa, yenə
tutdurmaq istəyirsən məni?..
–Səni tutduranın…- Qadının hövsələsi lap tükəndi artıq.–Bilirsən nə var, fikrimi dəyişdim, heç yana tələsib eləmirəm.Sən də nə işin var, saxla sonraya. Elə bu gün, bu dəqiqə gedib oturaq və hər şeyə birdəfəlik aydınlıq gətirək…Bəsdir nahaq yerdən söyüş, qarğış yiyəsi olmağım…
Kişi qadının bir an içində fikrini dəyişib onunla söhbət etmək istəyini gözləmirdi. Ona görə də bir qədər tərəddüdlə:
— Nə deyirəm?! Amma hara gedək, harda oturub…
Kişinin sözünü qurtarmasına ehtiyac qalmadı. Rəna xanım istehza qarışıq naz-qəmzəylə dilləndi:
— Necə yəni hara gedəcəyik? O xarabaya!..Başqa gedəsi yerimiz yoxdu ha!..
Valehi tok vurdu elə bil. “Vallah, başı işləmir bunun. Bir belə vurhavurdan sonra da özünə yığılmayıb hələ”.
— Necə istəyirsən, mənimçün fərqi yoxdu, ora olsun, ya qeyrisi…Amma səninçün, doğrudan da, görüş yerini dəyişmək olmazmış!
Qadın Valehin nəyə işarə etdiyini, bilərəkdən sarı simə toxunduğunu gözəl anlasa da, başını aşağı salıb susdu…
Qeyri- ixtiyari yan-yana yola düzəldilər. Cavid parkındakı tanış ünvana — “Yaşıl kafe”yə üz tutdular. Valeh gözaltı Rənanı–qadının yaraşıqlı əndamını, ən son dəbdə olan yaxasıaçıq koftasını, darbalaq şalvarını süzür, keçmiş günləri xatırlayırdı.”Eh, bədbəxt qızı bədbəxt, sənə neçə kərə dedim ki, Zülfüqar müəllimə uyma. Gül kimi, gözəl-göyçək qadınsan,yaşın da elə çox deyil, yəqin bir ağlı başında olana rast gələrsən–nə çoxdu dul kişi. Bununsa arvadı,uşağı…”
“Yaşıl kafe” əvvəlki görkəmini xeyli dəyişmişdi.”Zülfüqarın kabineti”ndən də əsər-əlamət qalmamışdı. Ofisiantlar da tanış gəlmirdi.”Elə belə olması yaxşıdır.Yoxsa, tanış olanı başlayacaq sorğu -suala.Di gəl buna başa sal ki, nolub, necə olub.”
Valehi bu fikirdən bığıburma ofisiantın səsi ayırdı:
–Buyurun, xoş gəlmisiz,ürəyiniz istəyən kabinetdə oturun,qulluğunuzda olaq.
— Cavan oğlan, bizə hələlik bir çaynik çay gətir, özü də tünd olsun, lap tünd!– Rəna xanım bu sifarişi, demək olar, başaşağı, ofisiantın üzünə baxmadan verdi.
Qadının soyuq davranışı oğlanın könlücə olmadı, deyəsən. Ona görə də Valehin üzünə baxa -baxa:
— Baş üstə, üçcə dəqiqəyə hazır olar çayınız,- dedi.–Başqa bir şey də lazım olsa, qulluğnuzdayıq. Əla qutablarımız, qazan xörəklərimiz var…
Çay gələnəcən kirimişcə oturdular. Hər ikisinin ürəyi doluydu, amma ağızlarına su almışdılar. Elə bil Zülfüqar müəllimin yasını tuturdular. Valeh, heç olmasa, yerində burcunur, yan-yörəsinə, kiçik pəncərədən bayıra nəzər salırdı. Rəna xanım eləcə oturduğu yerdə donub qalmışdı, təkcə dərindən ah çəkməklə kifayətlənirdi.
Аraya çökmüş sükutu ofisiantın ayaq səsləri pozdu. Bu dəfə o, podnosa yığdığı çay dəstgahını stolun üstünə boşaldıb, ” Nuş olsun!” deyərək kabinetdən çıxdı.
Rəna xanım növbəti dəfə dərindən köksünü ötürüb sözə başladı:
— Hələ əvvəlcə mənə de görüm, orda səni çox incitmədilər ki? Siqaret sarıdan korluq çəkmədin ki?..
Valeh sual dolu nəzərlərlə qadının düz gözlərinin içinə baxaraq:
— Başa düşmədim, niyə incitməliydilər axı,- dedi.- Orda hamı çox gözəl bilirdi ki, nahaq yerə tutublar məni. Türmənin rəisi də məni görəndə üzümə gülümsəyir, başını bulaya-bulaya ötüb keçirdi… O ki qaldı siqaretə– hər həftə paçkalarla… Yoxsa, sən …siz də…
Birinci dəfəydi ki, Valeh qarşısındakı bu gözəl xanımı “sən”deyə çağırmışdı.Anındaca, bir növ, üzrxahlıq edib “siz”ə keçsə də, Rəna xanım ona sözünü davam etdirməyə imkan vermədi:
— Mən orada vur-tut bir dəfə olmuşam. Səni rəisə tapşırmaqçün gəlmişdim.Sağ olsun, məni pis qarşılamadı, hörmətlə də yola saldı. Dedi ki, hər çeyi başa düşürəm, onun işiylə tanış olmuşam–Valeh kiminsə badına gedib. Burda heç kim ona güldən ağır söz deyə bilməz, arxayın olun!.. Sənə siqaret yollamağım da elə rəisdən oldu, dedi ki, yaman fikir eləyir, siqareti siqaretin oduna yandırır…
Qadının bu sözlərindən sonra Valehin kefi bir qədər açıldı, sanki.Əlini köynəyinin döş cibinə apardı, ehmalca siqaret qutusu və alışqanını çıxarıb stolun üstünə qoydu. Rəna xanım az qala pıçıltı ilə:
— Hə, rahatca tüstülə, amma birini də mənim üçün yandır. Onsuz da neçə vaxtdı içim alışıb yanır…
Valeh qadının bu sözlərindən çox heyrətlənsə də, dediyinə kirimişcə əməl etdi. Rəna xanım indi tamam başqa bir aləmdə idi, öz-özünə danışırdı elə bil:
–Axı, sən özün yaxşı bilirsən ki, kiməsə pislik etmək mənim bacardığım iş deyil. Belə şeyləri bacarsaydım…Açıq danışaq: sənin Zülfüqar müəllimin əməlli-başlı ipləməymiş. Gecə-gündüz zəhləmi tökürdü ki, geci-tezi var, onsuz da mən səninlə evlənəcəyəm, səninçün elə bir şərait yaradacağam ki, sənin gözəlliyinə paxıllıq edən rəfiqələrinin bağrı çatlayacaq.”Bu kafeni də, nəyin bahasına olursa-olsun,satın alıb sənin adına özəlləşdirəcəyəm”–, deyirdi. Amma mən, Allah özü şahiddir ki, bu söhbətin başını buraxır, xam xəyallara düşmürdüm.Mənim ondan umacağım bir kiçicik mənzil idi, artıq bacımgildə yaşaya bilmirdim.O da eləcə söz verməklə canını qurtarırdı. Doğrudur, mənimçün pul xərcləməyə xəsislik etmirdi, sən özün də yaxşı bilirsən, bu barədə heç vaxt giley-güzarım olmayıb. Elə bu kafedə sənin gözünün qabağındaca…
Valehin qulağı onda olsa da, fikri başqa yerdəydi.Gözünü Rəna xanımdan çəkə bilmirdi.Bu qadına heyranlığını əvvəllər də gizlədə bilməmişdi, amma bu gün Rəna xanım həmişəkindən daha gözəl, daha məsum, daha doğma və əziz görünürdü ona.
–Bax, Valeh, məni nə hesab edirsən-et, düzünü deyəcəyəm sənə, son zamanlar Zülfüqar havalanmışdı elə bil– hamıdan şübhələnirdi.Bir dəfə sənin də barəndə artıq-əskik danışdı.”Valeh də az aşın duzu deyil”, dedi.Uşaq deyiləm ha! Bunun hamısı qısqanclıqdanıydı. Abrını bükdüm! Dedim, eyib olsun sənə, Valeh gör neçə vaxtdı sənin qulluğundadı, sənin kaprizlərinə odu dözür, başqası çoxdan maşınının açarını üstünə atıb çıxıb getmişdi.Bir dəfə, yadındadı yəqin, mənim ad günümdə özündən elə çıxdı ki, güc-bəlayla sakitləşdirdim. Nədi-nədi, sənin sağlıq deməyin, məni tərifləməyin xoşuna gəlməmişdi.”Sabahdan rədd edəcəyəm onu”, dedi. Mən də borclu qalmadım, “Valehə güldən ağır söz desən, məni də görməyəcəksən”,- dedim.Bu sözüm yaman yer eləmişdi ona– düz iki gün səs-səmiri gəlmədi…
Valeh Rəna xanımın xasiyyətinə bələdiydi, bilirdi ki, bu qadın heç vaxt yalan danışmaz. İndi də o danışdıqca keçən vaxtları göz önünə gətirirdi… ” Doğru deyir, rəhmətlik son zamanlar başını itirmişdi lap.Bir dəfə maşında gedəndə hansısa şirkətin sahibinə zəng vurdu, çox əsəbi danışdı:”Heç nə bilmirəm, sabah dediyim məbləği çatdırmasan, bəxtindən küs.Sən vergi məsələsini zarafat sayırsan, deyəsən.Mənim idarə rəisi olmağım o demək deyil ki, hər şey məndən keçir, yuxarılarda işini qurdalayıb bir dəqiqədə boğarlar səni. Axırıncı dəfə deyirəm, qazandığın milyonları təkbaşına yeyə bilməzsən.İndiyə kimi qəpik-quruşla yola vermişəm səni, daha köhnə qaydalar keçmir,vəziyyət dəyişib. Başa düş də, uşaq deyilsən ki!..”
— Rəna xanım, hər şeyi yaxşı başa düşürəm,– Valeh bu sözləri başını yuxarı qaldırmadan, birnəfəsə dedi. Sonra kədərlə dolu gözlərini qarşısındakı bu gözəllər-gözəli (hər halda Valehin qənaəti belə idi) qadına tutaraq, sanki əzab çəkə- çəkə sözünə davam etdi.–Mənə yalnız bir şey qaranlıq qalıb.Bu oğurluq məsələsi nəydi, kimin qurmasıydı və niyə mənim üstümə yıxdılar?.. İstintaq vaxtı ha özümü öldürdüm ki, heç nədən xəbərim yoxdu, mənə qulaq asan olmadı. Müstəntiq inandırdı ki, oğurluq xırda məsələdir, sən bunu eləcə boynuna götür, hər şeyi düzüb qoşacağıq. Yoxsa , o boyda kişi rüsvayi-cahan olacaq, onsuz da vəziyyəti çox ağırdı, yaxasını türmədən qurtara bilməyəcək. Mən də…
— …Sən də inandın o deyənə! Eh, nə bilim, görünür, belə olmalıymış. Şükr Allaha ki, sağ- salamat qurtula bildin bu bəladan. İndi evində-eşiyində, ailənin başında…
Rəna xanım sözünün dalını gətirmədi, çünki Valehin indiyə kimi subay olduğunu bir anlığa unutmuşdu.Valeh isə onun susub durmasını heç istəmirdi, bu gözəl qadını saatlar, günlərlə dinləməyə hazır idi.
Araya çökən sükutu ehmalca açılan qapının səsi pozdu. Gözü eynəkli, boynu qalstuklu bir nəfər gözucu onları süzüb, nəzakətlə:”Bağışlayın”– dedi və qapını örtdü. Rəna xanım da öz növbəsində sual dolu baxışlarla Valehi süzüb:
–Tanımadın bu adamı?!. Elə bil hardasa görmüşəm bunu… Hə, Valeh, Zülfüqarın evindəki qır-qızılın, pulların oğurlanması yalan söhbət idi.O hadisədən iki gün qabaq mənə zəng vurdu ki, arvad-uşağı rayona yola salmışam, axşam kafedə rahatca oturub, subaylığımı qeyd edərik, sonra da dostun Valeh səni götürüb gətirər bizə.Ürəyinə başqa şey gətirmə,eləcə çox istəyirəm ki, evimi görəsən.Pis dövrdü, dünyanın işini bilmək olmur. Bəlkə… Gördüm ki, yenə havalanıb, nə danışdığını bilmir.Bu barədə dəfələrlə söhbət olmuşdu və hər dəfə demişdim ki, bircə bu qalıb, mənim sənin evində nə ölümüm var?!.
Rəna xanımın bu sözlərinin Valeh üçün, əslində, elə bir əhəmiyyəti yoxuydu, çünki bu neçə ildə o, bu qadına yaxşı bələd olmuşdu. Rəna xanımın yerinə başqa bir qadın olsaydı, çoxdan Zülfüqar müəllimin bir həsiri qalmışdı, bir də Məmmədnəsir. Gözütoxluğundan, səmimiyyətindən olmazdı.Özü də dediyi kimi, onun Zülfüqardan bircə umacağı vardı– ev problemini həll etmək!
Qapı asta-asta döyüldü. Valeh: “Bəli, bəli” deyər-deməz bir nəfər az qala barmaqlarının ucunda içəri keçib,arxasıca qapını yaxşı-yaxşı dartıb bağladı. Üzünü otaqdakılara çevirəndə Rəna xanımla Valeh ,demək olar, eyni vaxtda səksəndilər:
— Asimdir ki bu!..
Bəli, bu çağırılmamış qonaq hər ikisinin gözəl tanıdığı, Zülfüqar müəllimin bu kafedə ən çox etibar etdiyi, yalnız onun hazırladığı stolun arxasında oturduğu ofisiant Asimiydi.
Asimin 30-35 yaşı olardı. Dildən də, əldən də çox zirək, hər şeyin yerini bilən, qazanc üçün hər əziyyətə qatlaşmağa hazır birisiydi. Hiss olunurdu ki , Zülfüqar müəllimin başına gələnlərdən əməlli-başlı sarsılıb. Günahkar adamlar kimi susub durmuşdu, sanki nə deyəcəyini, nə edəcəyini bilmirdi. Araya çökmüş sükutu Valehin kallaşmış səsi pozdu:
— Otur də, ay Asim, ayaq üstə niyə durubsan?! Yəqin Zülfüqar müəllimdən sonra bizim bura gəlməyimizi gözləmirdin..
Asimin yalnız indi qırışığı açılmağa başladı. Bayaqdan aşağı dikilmiş başını yuxarı qaldırdı, qarşısındakı çoxdan tanıdığı bu qadın və kişini, sanki ilk dəfə görürmüş kimi, diqqətlə süzərək dilləndi:
–Allaha şükr ki, sağ-salamatsınız. Gör neçə vaxtdı sizi gözləyirəm.Hər yerdə, küçəgə-bacada gözüm sizi axtarırdı. Telefon nömrələriniz məndə yox, ev-eşiyinizin harda olduğundan da bixəbər! Amma ürəyimə dammışdı ki, nə vaxtsa mütləq bura
gələcəksiniz. O rəhmətlik bu kafeni yaman bəyənmişdi.Sizin çox şeydən xəbəriniz yoxdu.Zülfüqar müəllim öz dostları ilə də bura gəlirdi. Həmişə gülə-gülə:”Görüş yerini dəyişmək olmaz”, — deyirdi… Mən indi başqa yerdə içləyirəm, ona görə də kafenin administratoruna sizin nişanələrinizi vermişdim. Sağ olsun, mənə zəng vurub deyəndə ki, burdasınız, güllə kimi götürüldüm…Bilirsiz, o rəhmətlik çox yaxşı adam idi…
Bayaqdan bəri ağzına su alıb oturmuş Rəna xanım bu yerdə dözmədi, Asimin sözünü ağzında qoyaraq kinayə ilə:
–Nədi, belə çıxır ki, sən onu bizdən yaxşı tanıyırdın?- dedi.
Asim azca duruxub qalsa da, bu köntöy sualı cavablandırmağa güc tapa bildi.
–Vallah, Rəna xanım, o kişi sizi dünyalar qədər istəyirdi. Elə Valehdən də…narazı deyildi.
Qadın yenə də öz şıltaqlığından qalmadı:
— Bilirik, canım, bilirik. Sən bilmədiklərimizdən danış.
–Hə, sizin bilmədiyiniz çox şey var. Mənim sizi axtarmağım, görmək istəməyim də elə buna görə idi…
Asimin astagəl, üstüörtülü danışığı bu dəfə Valehin dalağını sancdı:
–Ay qardaş, yaxşı olar, sən oxu atıb, yayını gizləməyəsən. Nə bilirsənsə, aç danış. Onsuz da, olan- olub, keçən- keçib. Bundan sonra Zülfüqar müəllim dirilib gəlməyəcək.Amma biz ölməmişik, hələ üz-üzə gələcəyik.
Asim dərindən bir ah çəkib, köksünü ötürdü. Bir anlığa düşündü ki, qarşısındakı bu adamlar hakimdirlər,ona məhkəmə qurublar.
–Yaxşı, görürəm ki, məni eşitməyə hövsələniz yoxdu. Ona görə də… Valeh, o oğurluq haqq-hesabı Zülfüqar müəllimin işiydi, məni də qoşdu özünə.–Asim çətinliklə, başaşağı dediyi bu sözlərdən sonra qeyri-ixtiyari olaraq gözlərini Valehin üzünə zillədi.–Xahiş edirəm, söy, lap döy məni, bircə ki…O gün Zülfüqar müəllim,kafeyə xəbər etmədən, qəfil gəlmişdi.Axşamdan xeyli keçmişdi, sakitlik idi. Heç vaxt o vəziyyətdə görməmişdim rəhmətliyi.Elə bil ağlı üstündə deyildi, havalanmışdı kişi.Dedi ki, mənimlə gedəsən, sənin köməyin lazımdı.Nə deyə bilərdim?! Parkın yanındakı taksilərdən birinə oturduq. Evinin harda olduğunu da mənə taksidə söylədi: “…Çox yubanmayacağıq, bir-iki şey var, götürüb qayıdırıq”. İstədim narahatçılığının səbəbini soruşum– fikrimi gözümdən oxudu:” Qoy qayıdaq, hər şeyi izah edəcəyəm sənə.Qorxma, evdə heç kim yoxdu. Arvadı rayona göndərmişəm.Nərgizdən yana -6 yaşlı qızını deyirdi- çox narahatam.Bircə bu bəladan qurtula bilsəydim!..
Hiss edirdim ki, vəziyyət yaxşı deyil. Amma yenə də nəsə soruşmağa cürət etmirdim. Doğrudan da, evə girməyimizlə çıxmağımız bir oldu. Zülfüqar müəllim servantdakı iri xrustal vazanı güclə götürüb ağzıüstə stolun üzərinə çevirdi– bir qucaq qızıl, brilyant daş-qaşıydı. Sonra servantın aşağı siyirmələrindən birini güclə dartaraq açdı, tələsik, əlləri əsə-əsə ordakı dollar paçkalarını da stolun üzərinə yığmağa başladı. Birdən gözü mənə sataşdı.Üstümə çəmkirdi:”Nə donub qalmısan, ğötür bunları yerbəyer eylə də!”
İnanın, o şeyləri necə yerbəyer edib evdən çıxdığımızı xatırlamıram.Özümə gələndə bir “Jiquli”dəydik.Birinci dəfəydi öz evindən oğurluq edən adam görürdüm… Taksiyə mindiyimiz yerdəcə maşından düşüb kafeyə gəldik. O,qabaqda, mən də arxasıca kabinetə keçdik.Əllərimizdəki bağlamaları divanın bir küncünə qoyduq. Mən mətbəxə keçmək istəyəndə qoymadı, “Otur,sənə vacib sözüm var”,-dedi.Gözləri qan çanağına dönmüşdü, bütün vücudu titrəyirdi. Kirimişcə oturdum.O da yuxarı başa,həmişəki yerinə keçdi, stola dirsəklənib başını əllərinin arasına aldı. “Asim,- dedi,- bu gün çox ağır gündü. Mən axmaq indiyə kimi özümdə olmamışam, elə bilmişəm ki, dünya belə gəlib–belə də gedəcək. elə… Sən də eşitmiş olarsan. Neçə gündür MTN-də — keqebedə tuthatutdu: naziri, müavinlərini işdən kənarlaşdırıblar, neçə generalı damlayıblar. Dünən səhər əmoğlunu da… Yadındadır, təzə ildə bu kabinetdə mənimlə bir generala qulluq edirdin ha!.. Bax, onu deyirəm, Rüstəm müəllimi. Dünənə kimi aləm vecinə deyildi, indi evində ağlaşmadı. Mən, bilirsən ki, hər adama ürək qızdıran deyiləm. Sənə birinci gündən quşum qondu. Azdan – çoxdan bələdsən mənə. Yeyib-içən, gözəl qadınlarla kefə baxan(sözünün bu yerində Asim özündən asılı olmayaraq Rəna xanıma baxdı) olsam da, pula, vara-dövlətə həris adam deyiləm.Mənim yerimə kim olsaydı, bu neçə ildə milyonları nədi, milyardları vardı. Amma mən… Evimi-eşiyimi gördün… Olub – qalanım bir də elə bunlardı — yalançıq üzük, sırğa, qolbaq.Bu pullar da sən deyən böyük bir şey deyil…”
Qəfil öskürək Asimi sözünə davam etməyə qoymadı. Valeh artıq buza dönmüş çaynikdən stəkana süzüb ona uzatdı. Asim soyuq çayı birnəfəsə başına çəkib, boğazını arıtlaya-arıtlaya: “Bilmirəm, bəlkə,mənim danışdıqlarım sizə elə də gərək deyil,-dedi.- Amma hər halda…”
–Niyə ki, bizim də bəzi şeyləri bilməyimiz gərəkdi, – dedi Rəna xanım.- Tak şto,sən danışmağında ol…
Asim onların hər ikisini süzərək, bu dəfə bir qədər ürəklə sözə başladı:
— Hə, o rəhmətliyin dərdi çoxuymuş. Sən demə, Vergilər Nazirliyində oturub keqebeyə,əmisi oğluna işləyirmiş.O axşam qorxduğu da nahaq deyilmiş… Evdə nəyi vardısa, yığışdırıb ğətirməyi də tutulacağından qorxmasıymış…Bağlamaları qarşıma qoyub dedi ki, bunları yaxşı bir yerdə gizlə.Rənaya xəbər edəcəyəm, bu gün artıq gecdir, sabah səhər gəlib götürər. Narahat olma, sənin əziyyətin də…
Asimi yenə də öskürək tutdu. Valeh ayağa durub kabinetin küçəyə tərəf olan nəfəsliyini açdı. Bayaqdan az qala bir-birinin oduna yandırdığı siqaretin birini də damağına qoydu.Rəna xanım titrək bir səslə:
— Valeh, sən Allah, çəkmə, onsuz da boğuluruq, nəfəsimiz çatmır,-dedi.Sonra dərindən köksünü ötürüb, nəm çəkmiş gözlərini Asimə zillədi. Asim də qeyri – ixtiyari olaraq ona baxdı və sanki yaddaşını təzələyirmiş kimi dilləndi:
–Rəna xanım, istəyirəm biləsiniz ki, o kişi sizi çox, lap çox istəyirdi… Nazirlikdən buraya nə qədər yol var bəyəm — beş addımlıqdır də! Zülfüqar müəllim hərdənbir yolu bəri keçib, parkda gəzişərdi. Kefi kök olanda zəng vurub məni də çağırardı.Doğrusu, mən onunla yan- yana gəzməyi …Axı, mən kiməm ki, o boyda kişiylə…Bir dəfə yaman kövrəlmişdi, ” Sənə bir dərdimi açacağam, Asim,-dedi,-amma çalış heç kimə danışmayasan… Həyat çox qəribədir. Bax, Rəna xanım, görürsən də, necə gözəl xanımdır! Oturuşu-duruşu, sözü-söhbəti də qaydasında. Amma nolsun, bəxti gətirməyib.Yaşı 40- ı keçib–nə ailəsi, nə də evi – eşiyi var. Halbuki belə qadınlar xoşbəxt olmağa tam layiqdirlər, nəinki…Mənim arvadımın nə bir yarı-yaraşığı var, nə də savadı, dünyagörüşü. Xəstəliyi də bir tərəfdən. Hələ indiyə kimi normal ev xörəyi yediyim olmayıb. Uşaq kəsir qabağımı, yoxsa…”
Asim azca ara verib, sözünə davam etdi:
–Son görüşümüzdə də yaman kövrəlmişdi. Yenə, Rəna xanım, sizi o ki var təriflədi. Dedi ki, mən çoxdan ona ev alacağıma söz vermişəm. Amma MTN-dəki başımın ağası– indi qaranlıq podvaldadı, arxasıca danışmaq yaxşı deyil– macal vermirdi, qəpiyi-qəpiyin üstə qoya bilmirdim. Bunları da güc-bəla ilə bir yerə yığmışam. Sən Allah, Asim, əmanəti verəndə heç nə deməyəsən ha! Mən Rənaya çox borcluyam…Valehə isə heç bir borcum yoxdu.– Asim məzlum quzu kimi Valehə sarı baxdı.– Pulunu vaxtı-vaxtında, artıqlamasıyla vermişəm. Aramızda bir problem olmayıb.Yalnız son zamanlar bir balaca incikliyim olub–Rəna xanıma görə. Onu da uddum getdi. Axı, mən uşaq deyiləm, ay Asim.Valeh də kişidi, özü də subay, sapsağlam. O da qıza – qadına baxa bilər… Rəna ilə aralarında heç nə yoxdur, bilirəm, amma hərdən onları deyib-gülən görəndə bərk əsəbləşirdim, ikisini də…Nə isə, lənət şeytana.Bax, bu dəqiqə mən heç nəyin dərdini çəkmirəm, deyirəm, Allah qoy hamının canını sağ eyləsin, xəta-bəladan uzaq olsun.Asim, iki gündən sonra bizimkilər rayondan qayıdacaq. Yəqin ürəyində məni söyürsən ki, buna bax, yekə kişidir, öz evinə oğurluğa gedir. Yox, mən o alçaqlardan deyiləm. Yoldaşım xərçəng xəstəsidir, həkimi deyir ki, ömrünə bir şey qalmayıb. Qızımın taleyi necə olacaq, ona kim baxacaq?!.Doğrusu, çox istərdim ki, Nərgizə analığı Rəna etsin…Bu barədə bir neçə dəfə eçitdirmişəm, Rəna daş atıb-başını tutub. Yoldaşımın vəziyyətindən xəbəri yoxdu axı… Ehhhhh! Alnıma nə yazılıbsa, o da olacaq…
İnanmayacaqsınız, Zülfüqar müəllim əməlli – başlı ağlayırdı. Artıq ürəyim dözmədi, ərklə ayağa qalxıb:” Siz də özünüzü lap üzüb əldən salmayın, dünyanın işini bilmək olmaz, inşallah, hər şey yoluna düşər,-dedim və onun cavabını gözləmədən
qapıya yan aldım:” Səhərdən dilinizə heç nə dəyməyib, qoy yeməyə bir şey gətirim…”
Mətbəxə keçdim, qatıqdan-qaymaqdan, kolbasadan-pendirdən podnosa yığdım. Mən kabinetə qayıdanda Zülfüqar müəllim telefonla danışırdı.Hiss etdim ki, sizinlə danışır, Rəna xanım! Deyəsən, aranızda nə isə…
— Hə, düz hiss etmisən,- deyə Rəna xanım dilləndi. Səsinin ahəngindən açıq-aşkar görünürdü ki, o telefon söhbətini yada salmaq heç ürəyicə deyil. Amma Asimdən daha çox Valehin narahatlığını sezib, sözünə davam etdi.– Mənə dedi ki, səni görmək istəyirəm, vacib sözüm var. Mən də, əlbəttə ki, ” yox ” dedim. Başladı yalvar-yaxara.Yenə də razı olmadım, çünki artıq gecə idi, həm də bacım oglunun ad günüydü, evdən heç cür çıxa bilməzdim.” Yaxşı, Rəna, yadında saxla, xahişimi yerə saldın,”-dedi və otboy verdi…
Valeh köksünü ötürüb, növbəti siqaretini yandırdı. Araya çökən sükutu Asimin yorğun səsi pozdu:
— Hə, ondan sonra qanı lap qaraldı.Dərin fikrə getdi. Nə qədər dil töksəm də, süfrəyə əl uzatmadı, eləcə başının, üz-gözünün hərəkətiylə “yeməyəcəyəm” dedi. Sonra qəti bir hərəkətlə telefonunu götürüb nömrələr yığmağa başladı.Bu dəfə Valehə zəng vurmuşdu.–Asim nədənsə Valehə yox, Rəna xanımın üzünə baxdı.– Bu fağıra dedi ki, tez bizə sür,yuxarı qalxıb qapını yoxla, gör açıq qoymamışam ki!.. Bir az əvvəl evdəydim, işdən çağırdılar, tələsik çıxdım, deyəsən, qapını bağlamamışam…
Ağzımı açıb demək istəyirdim ki, yox , ay müəllim, narahat olmayın, mən baxırdım, qapını necə lazımdır, bağladınız– məni söz deməyə qoymadı, ” Susss, qoy getsin,”–dedi… Elə bunu demişdi ki, kabinetin qapısı zərblə açıldı.Üzləri maskalı bir neçə nəfər bizi araya aldılar. Yerimdə donub qaldım.Zülfüqar müəllim isə … Kişinin rəngi-rufu avazımışdı, dili-dodağı təpimişdi. Məni bir qırağa itələyib, rəhmətliyin qollarına girdilər. Sonra “qrajdanski” geyimdə iki nəfər içəri keçdi, divanın üstündəki bağlamaları götürüb səssizcə bayıra çıxdılar. Hər şey bir dəqiqənin içərisində baş verdi.Mənə elə gəlir ki, yalan deyirlər — o, gecə KQB-nin podvalında yox, elə yoldaca keçinib, ürəyi tab gətirməyib…
Araya yenə darıxdırıcı bir sükut çökdü. Elə bil hər kəs baş vermiş hadisədə nə dərəcədə günahı olduğunu götür-qoy edirdi.
— Həəə, belə imiş demək!.. Mən də gör nə xam xəyallara düşürəmmiş…–Valehin səsi, dərin bir quyunun dibindən gəlirdi, sanki.– Heç yuxuma da gəlməzdi ki, Zülfüqar müəllim bu cür şeylərə qol qoyarmış… Mənə zəng vurub deyəndə ki, get qapını yoxla, həyətdə qonşularla domino vururduq. Oyunu buraxıb maşına oturdum. Evlərinin həyətində xeyli adam vardı. Fikir vermədim, tələsik yuxarı qalxdım. Qapını bir neçə dəfə özümə sarı darydım, gördüm ki, hər şey qaydasındadır. Geriyə qayıdanda şkaf boyda iki-üç oğlan qarşıma çıxdı, məni necə qarmaladılarsa, əl-qol aça bilmədim.Təkcə onu deyə bildim ki, neyləyirsiniz, mən oğru-filan deyiləm, bu evin sahibinin şoferiyəm. Sözlərimi eşitməzliyə vurub həyətə çıxardılar, başıma çuval keçirib maşına otuzdurdular… İstintaq vaxtı da mənə məhəl qoyan olmadı. Əvvəl-əvvəl dedilər ki, fürsətdən istifadə edib evi soymağa gəlmisən. Sonra nə fikirləşdilərsə, dilə tutmağa başladılar:” O kişiyə yazığın gəlsin,- dedilər,- onsuz da kitabı bağlanıb, neçə maddə üzrə…”
Acı qəhər Valehi sözünü tamamlamağa qoymadı, qollarıyla stola dirsəklənib, başını əllərinin arasına aldı.Nə qədər çalışdısa, hıçqırtısını boğa bilmədi…
Valehin bu halı Asimin də ürəyini parçaladı; nəsə demək istədi–özündə güc tapmadı. Rəna xanım… Bu gözəl qadın isə, sanki qəmgin bir musiqinin ovsununa düşmüşdü, sanki. Dərin xəyallara dalmış gözlərindən axan yaş damlaları al yanaqlarında quruyub qalmışdı…
Qapı ehmalca döyüldü və azca aralandı. Kafenin administratoru idi, az qala pıçıltıyla:
— Asim,- dedi.-ANS-ə baxın, yenə tuthatutdu.MTNşikləri, “generalllar sürüsü”nü göstərirlər. Ə, bunlar nə oyunlardan çıxıblarmış, canım!..
Bakı, 2015