Amansız dalğalarla,
Yenə xəzər can aldı.
Tufan, fırtınalarla,
Canlar baş-başa qaldı.
Yerdən aman istədi.
Göydən aman istədi.
Zalım olan fələkdən,
Bir az zaman istədi.
Zaman özü də dardı,
Gözlə qaş arasında.
Can qalsa, ruh qalammaz,
İki daş arasında.
Neçə igid, ərəni,
Neçə can aldı fələk.
Ahlar göyə çəkilir,
Bu dərdə dözən gərək.
Dözümüm göylərdədi,
Dözüm dara çəkilib.

Vermə efirə qardaş,
O, ağlayan gözləri.
İçimi yavaş-yavaş,
Parçalayan sözləri.
Bir ananın ahına,
Bir ata fəryadına,
Ürəyim dözə bilmir,
Uşağın göz yaşına.
Bu dərd qəlbimi dəlib.
Gözlərimə tor gəlib.
Gözlərim göylərdədi,
Gözüm dara çəkilib.

Hansı sözlə ovudum,
Mən ananı, balanı.
Hansı sözlə ovudum,
Eşqi nakam qalanı.
Necə söz alım deyim,
Başın sağ olsun ata.
Dünya fani dünyadı,
Başın sağ olsun ana.
Bu dərd elin dərdidi.
Nakam gəlin dərdidi.
Dərdi yeyə bilmirəm.
Sözü deyə bilmirəm.
Xəttim qara çəkilib.
Sözüm göyə çəkilib.
Sözüm yerə düşməyir,
Sözüm dara çəkilib.

Ta dənizə getmərəm.
Dənizdə közüm qalıb.
Sözümü bitirmərəm,
Dənizə sözüm qalıb.
Sözüm dənizdə deyil,
Gözüm dənizdə deyil.
Dəniz mənə od vurub,
Közüm dənizdə deyil.
Közüm alov-alovdu.
Bu nə od, nə yalovdu.
Bu dəniz köz ocağı,
Dəniz tordu, tilovdu.
Sözüm dara çəkilib.
Gözüm dara çəkilib.
Tüstüm göyə ucalıb,
Közüm dara çəkilib.

07.12.2015.