rafiqoday

(Qərənfillərin, yosunların, balıqların və balıqqulaqlarının simfoniyası)

Deyəsən yorulmuşdular,
usanmışdılar
Qara torpaq,
daş döşəmə,
mərmər üzlük üstündə
Sərili qalmaqdan
qərənfillər…
Onunçün də
bu dəfə özlərini dənizə atmaq,
Yosunlarla,
balıqlarla,
balıqqulaqlarıyla
Dərdləşmək
qərarına gəldilər…

Yosunların,
balıqların,
balıqqulağıların
Fəryadını eşidib
özlərini itirdilər,
çaşıb qaldılar qərənfillər…
Bu necə ağı,
bu necə edi,
bu necə fəryad idi, Allahım?!
Bu hayqırtılar dənizin altını
təlatümə gətirmişdi…
Dənizin altı
üstünə çevrilmək məqamındaydı…
Dözmədi qərənfillər
onların bu halına….
Bir fəryad qopardılar ki,
gəl görəsən…
Qərənfillərin gözlərindən
fəvvarə vuran su
Dənizin suyunu
bir barmaq da artırdı…
Səsləri içində boğuldu
bu hayqırtıdan
Yosunların,
balıqların,
balıqqulaqlarının…
Ağlamağı buraxıb
matdım-matdım
qərənfillərin üzünə baxdılar.
Başları qərənfillərin bu müsibətinə
elə qarışmışdı ki,
Dənizin dibində
dörd gündən bəri
Qol-boyun olduqları, isnişdikləri
bu Tanrı bəndələrini
kökslərindən necə buraxdıqlarının
fərqində belə olmadılar.
Tanrı övladları bir-bir suyun altından
suyun üzünə sarı
hərəkət etməyə başladılar…
Bir… iki… üç… dörd… iyirmi… iyirmi üç…
Qərənfillər o an
dövrəyə aldılar bu məsum bəndələri…
Bir karvan halında birləşib
sahilə doğru
irəliləməyə başladılar…
Dörd gündən bəri
meydan sulayan dalğalar
bu mənzərəni görüb
qaçıb gizlənməyə
yer axtardılar
utandıqlarından.
Sahildə…. Sahildə isə….
Milyonlarla insan
Səbirsizliklə bu karvanın
yolunu gözləyirdi…