Qədər axırına çıxır ömrümün
(“Didərgin şərqisi,qaçqın harayı”silsiləsindən)
Üzümə gülən dağ duman içində,
Günlərim vurnuxur güman içində.
Məni hey sümürür zaman içimdən,
Tüstüsü təpəmdən çıxır ömrümün.
Yağı kəsilmişəm,özümə yağı,
İçimi göynədən sözümə yağı.
Haqq sözüm qayıdıb üzümə yağır,
Üzüm yox üzünə çıxım ömrümün.
Yağır şəhidlərin məzar daşları,
Qurğuşun yaddaşlı od yağışları…
Yağır həsrətimə yurd yağışları,
Başımda şimşəyi çaxır ömrümün.
Yağışlı günlərin yoxuşu ağır,
Yuyulub enişə yoxuşu axır.
Yurdumda yuvasız naxışım ağır,
Astarı üzünə çıxır ömrümün.
Köksümdə göyərən sözüm saralır,
Yurd sarı boylanan gözüm saralır,
Dərdimin əlindən üzüm saralır,
Qədər axırına çıxır ömrümün.
Həsrət bayatıları
Özüm özümdən oldum,
Günah özümdə oldu.
Bu həsrətə tuş olmaq
Vallah,özümdən oldu.
Gözüm gözündə qaldı,
Qəmli üzündə qaldı.
Həsrətin ürəyimdə,
Sevdam gözümdə qaldı.
Bir bulaqdım-qurudum,
Bir ocaqdım-qor oldum.
Mən səni qorumaqdan
Həsrətimi qorudum.
Mən aşiq sənə bağlı,
Dərdim çisənə bağlı.
Sözlə açdığım qapı
Həsrətdən yenə bağlı.
Əzizim söz də qaldı,
Söz verən gözdə qaldı,
Gecəm həsrət əlində,
Gündüzüm sözdə qaldı.
Mən aşiq oda bağlı,
Yanar qəlb oda bağlı.
Son pənahım qapındır,
Üzümə o da bağlı.
Aşiqəm dağda yara,
Dərdimə dağda yara.
Həsrət dağ çəkən gündən
Kar etməz dağ da yara.
Qara geyib bu yazda
Qara gəzmə bəyazda.
Onsuz da sənli həsrət
Mağar qurub bu yaz da.
Sıyrılıb qəmdən çıxsan,
Zil olub bəmdən çıxsan.
Sözüm qəhqəhə çəkər
Ah tək köksümdən çıxsan.
Mən aşiqəm,haqladır-
Aşiq işi haqladır.
Üzün ağ olsun həsrət,
Ürəyimi haqladın.
Baxışların incidir,
Sənsiz heçdir inci,dür,
Həsrətin nə yamandır?
Ürəyimi incidir.