em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

QARDAŞIM

Bu xalqın, millətin dərdi böyükdü,
Oyat yatmışları, oyat qardaşım.
Ayrılıq bizlərə bir ağır yükdü,
Dağlarda atını oynat qardaşım.

Qanlı köynəyini bir bayraq eylə,
Şuşnı, Laçını sən yaylaq eylə,
Xain düşmənləri daş-qalaq eylə,
Zalımın gözünü oy, at , qardaşım.

Uca zirvələrlə sən dayan qoşa,
Yiyə dur Vətəndə torpağa, daşa,
Hər zaman hazır ol, sən son savaşa,
Həmişə irəli can at, qardaşım.

Yada bel bağlama, özünə güvən,
İgid babaların sözünə güvən,
Qeyrətinə güvən, düzünə güvən,
Çürük məftilləri qır, at, qardaşım.

Yurd, yuva düşməndən qanla alınar,
Qorunan torpaqda məskən salınar,
Düşmən quduranda “Cəngi” çalınar,
Dağlarda ocağı gur çat, qardaşım.

Hər gün qol götürüb oynama toyda,
Dilimiz gödəkdi hələ o tayda.
Babam Xətainin dövləti boyda,
Yarat dövlətini, yarat qardaşım.