Fidan heç cür Eldarın onu boşamaq istəyini qəbul edə bilmirdi. Kagız üstündə də olsa ərinə gözləriylə yalvarırdı ki, ona inansın.
Fidan – Həyatda inandığım yeganə insansan. Səfərlə əlaqəm yoxdur. Qan verdim düzdür, amma anamın qəbrinə and olsun neçə ildir üzünü də görməmişəm.
Sənin adına ləkə gətirməmişəm. Kim deyibsə aramızı vurmaq istəyib.
Eldarın da gözləri dolmuşdu, Fidana inanmaq istəyirdi, şübhələri hisslərinə güc gəlirdi.
– Mənim üçün heç nə etməmisən. İkimiz də öz yolumuza getsək yaxşıdır.
Eldar əlini Fidanın boğazından çəkdi. Sonuncu dəfə sevdiyi qadına diqqətlə baxıb evdən çıxdı. Fidan qapıya tərəf qaçdı.
– Getmə xahiş edirəm. Səni itirmək istəmirəm.
Eldar yenidən Fidana tərəf baxdı.
– Vallah Fidan itirməməkdən çox itirmək üçün çalışdın. Sənin üçün hər şey elədim. Mənə deyə bilməzdin? Qan verməyə icazə verərdim. Bizi yaradana and olsun, icazə verərdim. Səfəri sevdiyini bilə-bilə evlənmişdim.
– Sənə qarşı biganə deyiləm.
– Ayrılsaq yaxşıdır. Bu o demək deyil bir-birimizi görməyəcəyik.
Yenə dost qalacağıq. Unutma, Yaşara soyadımı vermişəm. Mənim də oğlumdu. Gecən xeyrə. Nə lazım olsa Rəşada deyərsən.
Fidan ağlayırdı, Eldarla ayrılığına heç cür inana bilmirdi.
Təhminə Rəşadla evlənəcəkləri günün , ona övlad verəcəyi günün xəyallarını qururdu. İnanırdı ki, Rəşad onun kimi sevir. Lakin ağlına gəlməzdi ki, bugün xəyallarının həyata keçməsi üçün ilk addımdır…
Rəşad yeməkləri və qırmızı şərab sifariş verdi. Rəşad Təhminəni sahildə yerləşən restoranların birinə gətirmişdi.
Təhminə şüşəbənddən Xəzəri seyr edirdi. Rəşad qəfildən üzüyü barmağına taxdı. Üzük sevgilisinin barmağına boş olduğundan, çətinlik çəkmədi. Təhminənin sevinciylə, təəccübü qarışmışdı bir-birinə. Dili söz tutmurdu ki, bir kəlmə danışsın.
Rəşad gülümsədi:
– Deyəsən , danışa bilmirsən?! Əslində, mən də bilirəm, üzüyü taxmağa gecikmişəm. Gərək çoxdan olaydı. Mən sənin yanında rahatam Təhminə. Səninlə yaşadığım gündən bəri heç bir qadına ehtiyyacım olmayıb. Deyərdim ki, xasiyyətin superdi. Ömür boyu səninlə yaşasam, doymaram.
Təhminə – Bəs, anagil evlənməyimizə razı olacaq?
– O mənim problemimdir. Başa düşmürsən, məni səndən başqa heç bir qadın xoşbəxt etməyəcək. Sən də ananla barışarsan, lazım olsa, ananla mən də danışaram.
Təhminənin gözləri dolmuşdu. – Bilmirəm, nə deyim. Bəs, keçmişim səni…
Rəşad Təhminənin əlindən tutdu. – Ona qalsa mənim də keçmişim parlaq deyil. Keçmişlə yaşasaq gərək ikimiz də başımıza güllə vuraqda, yaşamayaq. Nə isə…Keçmiş cəhənnəm olsun. Bugünə bax sən. Sualıma cavab ver. Ömür boyu xoşagəlməz xasiyyətimə dözəcəksən, ya yox?
– Fidanla Eldar evlənən gündən ikimizi xəyal edirəm. Səndən bir övladımın olması ən böyük arzumdur.
– Nigah insanları bir-birindən soyudur deyirlər. Səni and verirəm səni-məni yaradana indiyəcən necə olmuşuqsa, bundan sonra da elə olaq. Sənə kişi kimi söz verirəm, həmişə sənə hörmət edəcəm, heç vaxt keçmişini üzə vurmayacam.
Təhminə ağlamaqdan deməyə söz tapmırdı. Rəşad Təhminənin iki əlini birləşdirib öpdü.
Lamiyə heç vaxt onun olmayan ərini qaytara bilməyəcəyini yaxşı bilirdi. Artıq bir məqsədi vardı: ailəsi dağılmasın. Ona görə Cəmiləylə Kərimdən əvvəl xəstəxanaya gəldi ki, Səfərlə danışsın, bəzi həqiqətləri ona danışsın. Yalnız bu yolla özünü Cəmilədən və boşanmaqdan qoruya bilərdi.
Səfər yatmamışdı. Qəzet oxuyurdu. Lamiyə otağa girəndə quru-quru salam verdi. Lamiyə gülümsəyib stolu ərinə yaxın çəkdi, əyləşdi.
– Burda qəzet də verirlər?
– Otaq yoldaşımın idi. Bugün getdi, qəzeti verdi mənə. Bizimkilər hardadı?
– Mənim gəlməyimdən onların xəbəri yoxdur. Çıxandan sonra hara gedəcəksən?
– Başa düşmədim.
– Yəni evimizə gələcəksən, ya atangilə gedəcəksən?
– Nəyi bilmək istəyirsən?
– Nə bilim…
Səfər Lamiyənin sözünü kəsdi.
– Tək qalmağımız yaxşı oldu. Lamiyə, biz boşansaq yaxşıdır. Mən qadını xoşbəxt edən kişi deyiləm. Bacarmıram.
– Niyə axı? Fidana görə?
– Fidanın nə aidiyyatı var söhbətimizə?
– Xəbərin yoxdur?
Səfər qaşlarını çatdı. Lamiyə davam elədi.
– Elə bildim anan deyib.
– Sözü uzatma, açıq danış görüm nə olub?
– Sənə qan verən Fidandır. keçmiş nişanlın. Elə bildim bilirsən.
Səfər Lamiyənin dediklərinə şübhəylə yanaşdı. Lamiyə şübhəli baxışları hiss etdi, and içdi.
– Atamın ruhuna and olsun, düz deyirəm. Keçmiş nişanlın sənə qan verib.
– Burda olduğumu hardan bilirdi? Yaxşı ki, gəldin. Bilmədiklərimi danış, xahiş edirəm, yalansız danış.
Fidan divanda oturub ağlayırdı. Rəşad da Səfərə qan verdiyini biləndən sonra bir az əsəbləşdi.
– Nahaq belə bir işi özbaşına görmüsən. Çox nahaq. Həmin gün bilsəydim, şəxsən imkan verməzdim gedəsən. Sən bilirdin Təhminə?
Körpəni qucağında saxlayan Təhminə gözləmədiyi sualdan özünü itirdi. Təhminənin yerinə Fidan təmkinlə cavab verdi.
– Təhminənin xəbəri yox idi. Ona da yalan danışmışdım. Eldara kim deyib bilmirəm. Vallah, neçə ildir Səfəri görmürəm. Eldara heç vaxt xəyanət eləməmişəm.
– Ay Fidan, sən xəyanət nəyə deyirsən? Eldardan xəbərsiz keçmiş nişanlına qan vermisən. Eldarı kişi kimi sındırmısan.
– İnsanlıq adına eləmişəm. Eldara da zəng çatmır, nigaranam.
– Nömrəsini dəyişib. Bəyaq mənə zəng edən o idi.
– Xahiş edirəm, nömrəsini ver, sözüm var.
– İncimə, verə bilməyəcəm. Özü səni yığacaq.
Fidan stolun üstündən Rəşadın gözləmədiyi cəldliklə telefonunu götürüb otağına qaçdı, qapının arxadan bağladı.
Rəşad bir- neçə dəfə qapını açmağa cəhd etdi, nə çarə, xeyri olmadı.
– Fidan, aç qapını. Eldar sonra inciyəcək məndən.
Fidan axırıncı dəfə Rəşada gələn nömrəni yığdı. Eldar telefona cavab verdi.
– Hə Rəşad. – Mənəm Fidan. Tapşırmısan ki, nömrəni mənə verməsin.Xahiş edirəm, evə qayıt. Vallah, sənə nə deyiblərsə, yalandır.
Eldar telefonda Rəşadın ” telefonu ver ” cümləsini eşidirdi, gülümsədi.
– Uşaqsan ki, uşaq.
– Onda söz ver ki, mənə zəng edəcəksən.
– Bilmirəm.
– Mən də vermirəm.
– Gecə zəng edəcəm.
– Bax Eldar, gecə mənimlə əlaqə saxlamasan, anamın ruhuna and olsun, taksi tutub evimizə gedəcəm. – Bircə bu çatmırdı.
– Mən sözümü dedim. Zəng elə. Düz sözümdür. Vallah, mənim üçün əzizsən, doğmasan, dayağımsan.
– Sevə bilmədiyin dayağın.
Eldar telefonu adboy verdi. Fidan qapını açıb telefonu Rəşada uzatdı. Rəşad telefona baxdı, gülümsəyərək dedi:
– Yazıq Eldar, indi bildim nə çəkirmiş.
– Zəng edəcək -Fidan zəfər qazanmış insanlar kimi oğlunu qucağına aldı, qoxlayıb öpdü…
Lamiyə hər şeyi Səfərə yerli-yataqlı danışandan sonra başını aşağı saldı. Göz yaşlarını saxlaya bilmirdi.
– Qurban olum Səfər, əgər dediklərimə inanmırsansa, anan gələcək, hər şeyi soruşarsan. Vallah, sənə yalan danışmıram. Fidan doğrudan ailə qurubdu. Bir oğlu da var.
– Yoldaşıyla gəlmişdi?
– Ümumiyyətlə, özünü də görməmişəm. Ananın sözündən belə başa düşdüm ki, yoldaşı özündən çox böyükdür. Əgər Fidan subay olsaydı, sənə deməmiş gedib məhkəməyə ərizə verərdim. Bilirəm, məni sevmirsən. Mənim günahım ancaq içkili vəziyyətindən istifadə eləmək olub. Sizi ki, mən ayırmamışam. Xahiş edirəm, məni boşama. Nə qədər günahım olsa da, buna layiq deyiləm. Yaxşı-yaxşı fikirləş. Gedirəm, sabah yenə gələcəm. Zamanın həll etmədiyi heç nə yoxdur.
Lamiyə dəhlizdə Cəmilə və Kərimlə üz-üzə gəldilər. Cəmilə salamsız-kəlamsız,əsəbi halda dedi. – Sənin nə işin var burda?
– Xəstə hər halda ərimdir. Görməyim?
Kərim Lamiyənin dediklərini təsdiqlədi.
– Cəmilə, başlama. Sənin oğlundur, onun da yoldaşıdır. Bəsdirin, adamı biabır edirsiz.
Kərim qapını açıb otağa girdi.
Lamiyə diqqətlə Cəmilənin gözlərinin içinə baxdı. – Oğlun səni gözləyir. Soruşacaqları var.
– Başa düşmədim.
– Səfərə hər şeyi danışmışam, hər şeyi.
Cəmilə ətrafa nəzər saldı, heç kim olmasaydı gəlinini yaxşıca kötəkləmək keçirdi könlündən.
– Nəyi danışmısan?
– Hər şeyi. Təhminəni, Fidanı, onları necə tələyə saldıqlarını…
– Məqsədin nədi?
– İtirəcəyim heç nə yoxdu. Madam oğlun məni boşamaq istəyir, madam fikrindən döndərən deyilsən, ürəyincədir, sənin ailən niyə dağılmasın?
– Allah sənin başına daş salsın.
Cəmilə həyəcanla, hövlank qapını açıb içəri girdi. Lamiyə Cəmiləni yalanına inandırdığı üçün şad olmuşdu. Onun üçün əsl zarafat idi. Xəstəxanadan çıxanda Zamana zəng etdi.
– Zaman, uşaqla bağlı planlanını təxirə sal. Deyəcəm niyə?
Cəmilə otağa girəndə Kərim təəccüblə ona tərəf yaxınlaşdı. Cəmilə qorxusundan geri addım atdı.
– Sən niyə üstümə gəlirsən?
– Fidan Səfərə qan verib? Mənə niyə deməmisən?
Cəmilə – Özü xahiş eləmişdi. Ailəsi var, oğlu var, ərinin bilməyindən qorxurdu.
– Ailə qurub?
Səfər – Sən Fidanın özüylə danışmısan?
– Hə. Ailəlidir.
Səfər – Lamiyə deyir ki, yoldaşı yaşca özündən böyükdür.
– Bilmirəm, yoldaşını tanımıram.
Səfər – Fidanla harda danışmısan?
– Evlərinə getmişdim.
– Harda yaşayır?
Kərim – Lazım deyil.
Səfər – Fidanla mütləq danışmalıyam, mütləq.Mane olmayın.
Aybəniz körpəsini dayəsinə tapşırıb evdən çıxanda əri Elçin də evdə idi. Yolda yadına düşdü ki, telefonu evdə qalıb. Evə qayıdıb qapını döyməmiş açarla açdı. Yataq otağından dayə ilə ərinin iniltilərini eşitdi. Qapını açanda dayə paltarlı ərinin üstündə idi. Aybəniz əsəblərini cilovlaya bilməyib dayənin saçlarından tutub yataqdan yerə saldı. Bu dəfə özü onun üstünə çıxıb, var gücü ilə döydü. Elçinin də gücü çatmırdı, arvadını aralaşdırsın.
Lamiyə əyninə xələtini geyinib, çimmək üçün hamam girməyə hazırlaşırdı ki, evin qapısı döyüldü. Deyinə-deyinə qapını açdı. Gözlərini bərəltdi, qapını bağlamağa hazırlaşırdı ki, keçmiş məşuqu Tahir güc gəldi, qapını açdı. Evə girib qapını arxadan bağladı. Lamiyə ikinci mərtəbəyə qaçdı, Tahir də onun arxasınca. Lamiyə otağına girmək istəyəndə qolundan tutdu, təmkinini pozmadan dedi.
– Ay qız, sakitləş, sənə heç nə edəsi deyiləm.
– Murdar əlini çək, oğraş. Hələ üzü də var gəlməyə.
Tahir əlini Lamiyədən çəkir.
– Çəkdim əlimi, sakitləş. Təkcə danışmağa gəlmişəm.
– Nə lazımdı? Nə istəyirsən məndən? Niyə əl çəkmirsən yaxamdan?
– İki kəlmə söz soruşub gedəcəm.
– Tez ol,nə sözün varsa, soruş, gözüm səni görməsin.
– Uşaq oğlandır, ya qız?
– Əclafın verdiyi suala bax.
– Bilirəm e, əclafam. Lap yekəsindənəm. İndi isə sualıma cavab ver.
– Oğlan idi.
– İdi?
– Bəxtim gətirdi ki, sənin kimi əclafın qanından olan küçük sağ qalmadı.
Tahir Lamiyəyə şillə vurdu, Lamiyə ağladı.
Tahir – Heyf! Sağ qalsaydı, sənin kimi fahişənin yanında uşaq saxlamazdım.
Tahir pilləkənləri astaca düşdü. Qapını açmaq istəyəndə qapı döyüldü, qapının arxasından Cəmilənin səsi eşidildi.
– Aç qapını, bilirəm evdəsən.
Tahirlə Lamiyə bir-birinin üzünə baxdılar. Tahir gülümsəyib qapının cəftəsindən tutdu. Lamiyə yalvarış dolu baxışlarla ona yalvarırdı, yanaqlarından göz yaşlar süzülürdü. Tahir astaca Lamiyədən soruşdu:
– Mənə düzünü de. Oğlum doğrudan ölüb? Ya düzünü de, ya da qapını açacam.
Lamiyə pilləkənləri tez-tez düşüb, qapıya yaxınlaşdı.
– Yalvarıram, qalx otağa. Hər şeyi danışacam.
– İndi danış.
Cəmilə qapını dayanmadan döyürdü.
– Addım səslərini eşitdim,aç qapını.
Tahir – Danış, vaxtın azdı.
Lamiyə üzünü ovuclarında gizlədib ağladı….
Ardı var…