«Azərikimya» İB-nin akt zalında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla anıldığı tədbirdə çıxış edən natiqlər qeyd etmişlər ki, çağdaş tariximizin 34 ili ümummilli liderimizin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilmişdir. Dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyev bütün həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir.
Bu gün müstəqil Azərbaycan dövlətinin dinamik inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutmasına görə biz hamımız ümummilli lider Heydər Əliyevə borcluyuq. Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdışı qısa bir müddətdə Azərbaycanı düşdüyü fəlakətlərdən xilas etməsi hər birimizin yaddaşına silinməz izlərlə həkk olunmuşdur. Ulu öndər Heydər Əliyevin ardıcıl, uzaqgörən və müdrik siyasəti nəticəsində 1994-cü il sentyabr ayının 20-də «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsində və dünya miqyasında nüfu¬zunun artmasında mühüm rol oynamışdır.
Natiqlər Sumqayıtın və buradakı kimya sənayesinin inkişaf və tərəqqisinin bilavasitə Ulu öndərin adı ilə bağlı olduğunu xüsusilə vurğulamışlar. «Bu şəhərin nəhəng kimya sənayesi kompleksi Sumqayıt və Azərbaycan sənayesinin böyük bir hissəsini təşkil edir. Mən Sumqayıtda kimya sənayesinin yaranması və inkişaf etməsinə xidmət etmiş adamların fəaliyyətini yüksək qiymətləndirirəm. Onların hamısı bu gün üçün, müstəqil Azərbaycan üçün gözəl təməl yaratmışlar» – deyən dahi şəxsiyyət Heydər Əliyev Sumqayıtla bağlı həmişə yüksək fikirlər söyləmişdir.
Qeyd olunmuşdur ki, Ümummilli liderin müəyyən etdiyi yolu, daxili və xarici siyasəti uğurla və məqsədyönlü şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadiyyatın digər sahələri kimi kimya sənayesinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hazırda SOCAR-ın «Azərikimya» İstehsalat Birliyinin istehsal gücünün, kimya məhsullarının çeşidinin artırılması məqsədilə yeniləşmə, müasirləşmə proseslərinin həyata keçirilməsi stiqa¬mətdə intensiv tədbirlər görülür.
Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunda və Təmir-tikinti İdarəsində də keçirilmişdir.
Ərşad BAYRAMLI,
“Möhtəşəm Azərbaycan”