0700

Həm Ərəb Dövlətləri Liqası, həm də Afrika İttifaqına üzv olan Sudan iki böyük sivilizasiya və region arasında körpü rolunu oynayır.
1 yanvar 1956-cı ildə Misir və İngiltərəyə qarşı müstəqilliyini elan edən Sudan heç vaxt rahatlıq tapmayan Afrika ölkələrindən biridir. Sudanın şimalında müsəlman-ərəb, cənubunda isə xristian-animistik inancı hakimdir. Bu zidd fikirlərin toqquşmasına görə ölkədə müstəqillikdən etibarən sabit hakimiyyət qurulmayıb.
1956-cı ildən etibarən baş verən daxili münaqişə və toqquşmalardan sonra 9 yanvar 2011-ci ildə keçirilən referendum nəticəsində Cənubi Sudan 9 iyul 2011-ci ildə müstəqilliyini elan etdi. Beləliklə, ərazi baxımından dünyanın onuncu böyük ölkəsi olan Sudan “Sudan” və “Cənubi Sudan” olaraq ikiyə bölündü.
Sudan neft ehtiyatları və əkinçilik üçün əlverişli torpaqları ilə Afrikanın ən strateji ölkələrindən biridir. Xüsusilə dənizə çıxışı olduğuna görə limanları region ticarətində mühüm rol oynayır.
Sudan iqtisadiyyatı enerji mənbələrindən istifadə edilməsi və neft ixracının artması sayəsində 2000-ci ildən sonra sürətli inkişaf və yüksəliş dövrünə girdi. Sudanın iqtisadiyyatı 2006-2007-ci illərdə 10% inkişaf etdiyi halda, 2011-ci ildə ÜDM 64 milyard dollar həcmində oldu.
2011-ci ildəki parçalanma iki tərəfin də iqtisadiyyatına çox ciddi zərər verdi. 2000-ci ildən başlayaraq müntəzəm inkişaf edən Sudan iqtisadiyyatı parçalanmadan sonra zəiflədi, beləliklə, 2012-ci ildə ÜDM 8.7% azaldı.
Sudan və Cənubi Sudan enerji resurslarının istismarında bir-birindən çox asılı ölkələrdir: neft yataqlarının böyük qismi Cənubi Sudanda olsa da, boru kəmərləri, zavodlar və liman Sudanda yerləşir.
Sudan iqtisadiyyatının təxminən 60%-ni neft ixracı təşkil edir. Neftin 50%-i Çinə, 32%-i Yaponiyaya, qalanı da Cənubi Koreya və İndoneziyaya ixrac olunur. Cənubi Sudanda isə neft gəlirləri ölkə gəlirlərinin 99%-ni təşkil edir.
Böyük neft yataqlarına malik Cənubi Sudan müstəqillikdən əvvəl qədim Sudanın neft ehtiyatının 75%-ni təmin edirdi. Bu gün isə əlindəki nefti çıxarmaq və satmaq üçün Şimali Sudana möhtacdır.
Cənubi Sudan 2012-ci ildə Sudana neft hasilatını dayandırmağa başladı. Ancaq istehsalı dayandıraraq onsuz da böhranda olan iqtisadiyyatını daha da çətin vəziyyətə saldı.
Cənubi Sudan torpaqları neft yataqları ilə yanaşı, kənd təsərrüfatı baxımından da çox səmərəlidir. Buna baxmayaraq, dünyanın ən kasıb ölkələrindən biridir. Ölkədə yalnız 60 km asfalt yol olması Cənubi Sudanın kasıb vəziyyətinə bir nümunədir.
Cənubi Sudanın əmin-amanlıq üçün ayrılığı seçməsinə baxmayaraq, öz daxilində sülh və sabitliyi hələ də bərqərar edə bilməməsi bölünmənin çarə olmadığını, daha ciddi problemləri də özü ilə gətirdiyini göstərir.
Cənubi Sudanda hələ də 50-yə yaxın etnik qrup hakimiyyət və neft uğrunda mübarizə aparır. 2013-cü ilin sonunda başlayan ixtişaşlar səbəbindən təxminən 2 milyon insan yurdlarından didərgin düşüb, təxminən 300 min insan da qonşu ölkələrə sığınıb. Hazırda 120 min nəfər BMT-nin mərkəzlərində məskunlaşıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son hesabatına görə, Cənubi Sudanda 150 mini uşaq olmaqla 3,9 milyon insan aclıqdan əziyyət çəkir. Eyni hesabata görə, 30 min insan isə birbaşa aclıqdan ölmə riski ilə qarşı-qarşıyadır.
Cənubi Sudan kimi geniş neft yataqlarına və səmərəli əkinçilik sahələrinə malik ölkədə xalqın aclıqdan ölüm təhlükəsi qarşısında qalması xeyli düşündürücüdür. Bu faciə göstərir ki, bir ölkədə insanlar arasında ixtilaf, ayrılıq, sevgisizlik və nifrət hakimdirsə, nə qədər təbii sərvətləri olsa da, fəlakətlə üz-üzədir.
İnsanları birləşdirən, bir-birinə qarşı tolerant davranmasını təmin edən insanların özlərini bir-birinin yerinə qoymalarıdır. Xüsusilə Cənubi Sudanda qəbilələrarası baş verən münaqişələrə baxsaq, bunların təməlində dözümsüzlük, hərislik, millətçilik olduğunu görərik. Əgər bir cəmiyyətdə sevgi yoxdursa, o cəmiyyətdə nifrət, şiddət və düşmənçilik sürətlə inkişaf edir.
Bu gün ölkələrin tarixini araşdırsaq, görürük ki, ölkələrin ayrılması hər zaman xalqın əleyhinə olmuş, birləşmələri isə güclərini artırmışdır. Bunlara misal kimi Qərbi Almaniya-Şərqi Almaniya birləşməsini və Amerika Birləşmiş Ştatlarını göstərə bilərik.
Sudanın bölünməsi hər iki tərəfə də ağır zərbələr vurub. Buna görə də hər iki ölkə yenidən birləşməli, zəngin resurslar xalq üçün yenidən istifadə edilməli, ən əsası isə inancları fərqli olmasına baxmayaraq, iki xalqın da birlikdə əmin-amanlıq içində yaşamaları təmin edilməlidir.