0800

Allah bir çox hiss kimi sevgi hissini də insanlara bəxş etmişdir. İnsan bu xüsusiyyətini Allah’ın Quranda verdiyi tövsiyələrə uyğun olaraq ən doğru şəkildə yönləndirməlidir. Möminlər Quranı rəhbər etdikləri üçün özlərini və sahib olduqları bütün nemətləri yaradan Allah’a və O’nun razılığını qazanmağa çalışan möminlərə sevgi bəsləyirlər.

Dünya həyatının bər-bəzəyinə qapılanlar isə Allah’ın özlərinə imtahan üçün verdiyi nemətlərə güclü sevgi ilə bağlanırlar; məsələn, insanları “Allah”ı sevdikləri kimi sevirlər. Allah Quranda inkar edənlərin bu yanlış sevgi anlayışını belə bildirir:

“İnsanlardan elələri də vardır ki, Allah’dan qeyrilərini (O’na) tay tutur, onları da Allah’ı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah’a olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allah’a məxsus olduğunu və Allah’ın şiddətli əzab verdiyini görəydilər.” (Bəqərə surəsi, 165)

İnkar edənlərin güclü sevgi ilə bağlandıqları dünya malı da sevgi anlayışlarını yanlış yönləndirdiklərinə bir örnəkdir. Dünya malına olan güclü sevgilərinin nəticəsində bu keçici mülkə güclü həvəslə bağlanmış, nəfslərinin xəsis və xudbin istəyinə yenilmişlər. Quranda inkar edənlərin davranışları belə bildirilmişdir:

“Həqiqətən, insan var-dövlətə çox hərisdir!”(Adiyat surəsi, 8)

Halbuki Allah Quran ayələri ilə insanlara malın yalnız dünya həyatına aid bir imtahan üsulu olduğunu bildirmiş və bu keçici həvəsə qarşı insanları xəbərdar etmişdir:

“Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!” (Ənfal surəsi, 28)
“Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allah’ın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allah’ı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.” (Münafiqun surəsi, 9)

Bu həqiqətlərdən xəbərdar olan möminlər mal sevgisinə qapılmazlar. Sahib olduqları nemətləri onlara lütf edənin Rəbbimiz olduğunu bildikləri üçün daim Allah’a şükür edərlər. Onlar özlərinə verilən maddi imkanları Allah’ın razılığını qazanmaq üçün xeyirli işlərdə istifadə edər, daha çoxunu əldə etməyi isə xeyirli işlər görmək üçün arzulayarlar. Hz Süleyman ona verilən xəzinələri və digər nemətləri hansı məqsədlə istədiyini bel’ dilə gətirmişdir:

“O (Süleyman) dedi: “Həqiqətən mən bu gözəlliyi ( atları) Rəbbimin zikrindən dolayı sevirəm.”… (Sad surəsi, 32)