NOLA TƏRSƏ DÖNƏ DÜNYANIN “DÜZÜ”

Nola tərsə dönə dünyanın “düzü”,
Xoşbəxtlik şərbətin içə hər insan.
Olsa da yanında əllisi, yüzü,
Könlüncə olanı seçə hər insan.

Fələyin üzündə həya, ar ola,
Dağlarda qar ola, bağda bar ola.
Hərənin yanında elə yar ola
Əl-ələ cənnətə keçə hər insan.

Bir gün də olmaya gecikmə, qaib,
Mələklər olalar şövq ilə naib.
Şeytan üzülərək baxa əcaib,
Dünyadan sevinclə köçə hər insan.

MƏN DÜNYANIN ÖZÜYƏM

Çayları özümə yol seçmişəm mən,
Dənizə tələsən bulaqlar kimi.
Sevginin şərbətin bol içmişəm mən,
Təbiət görünür mənə yar kimi.

Çiçəklər açaram çöllə birləşib,
Arıya bal ollam güllə birləşib.
Uçaram göylərdə yellə birləşib,
Bu dünya gəlməyir mənə dar kimi.

Sol yoldan hər zaman sağa dönmüşəm,
Sözümlə səhradan bağa dönmüşəm.
Dağlardan qoparaq dağa dönmüşəm,
Qütblərdə buz olan bəyaz qar kimi.

Mən elə dünyanın özüyəm, özü,
“Ol”deyib olmuşam, dinləyib sözü.
Çoxunu yaxsa da sözümün közü,
Söz heç vaxt dönməyib mənə ar kimi.

UNUTDUR ÖZÜNÜ

Sənə yalvarıram sevdirdiyintək
Unutdur özünü, unutdur mənə.
O xoşbəxt keçmişin üsünə xətt çək,
Hər şirin sözünü unutdir mənə,
Unutdur özünü, unutdur mənə.

Qalmasın yadımda, qalmasın adın,
Adına çevrilsin özgənin, yadın.
Yalan yox. Tək sənsən sevdiyim qadın!
Bu işin düzünü unutdur mənə.
Unutdur özünü, unutdur mənə.

Yenə də şipşirin yalanlar danış,
Əsərlər, nağıllar, planlar danış.
Danış, necə olub olanlar, danış…
Düz deyən gözünü unutdur mənə,
Unutdur özünü, unutdur mənə.

İçim yağmur yeri, şimşəklər çaxır,
Qəlbimdən gələnlər gözümdən axır.
Bir deyil, üç deyil, beş deyil axı,
Onunu, yüzünü unutdur mənə,
Unutdur özünü, unutdur mənə.