MƏNİM VİCDANIM  QƏLƏMİMƏ QARA LƏKƏ DEYİL…..! 

Hörmətli oxucular, bəzi həmkarlarımın mənə irad tutduqları məsələlərə cavab verməklə   sizinlə həmsöhbət olmaq istərdim. Bəzən məndən soruşurlar:”Bu geniş dünyada gözlərin  yaxşı heçnə görmür ki, yaxşıdan  yazasan, niyə həmişə fikirlərin iradlı olur?  Sizləri əmin edirəm, mənim gözümdən zərrə olsa yayınmaz, istər pis , istər yaxşı, bu ALLAHIN mənə verdiyi töhfədir. Qələmimlə TANRININ mənə verdiyi saf vicdan  üst – üstə düşdüyündən, özümə əmin olan dürüst  jurnalist kimi yalnız gördüklərimi yazıram. Əlbəttə, mənim də hamı kimi iki gözüm var, fərqli olan budur ki, mənim vicdanımın gözü itidir.  Sadə bir misal, evdən səhər işə getmək üçün çıxıram. İlk olaraq gözlərim  yerə sataşanda gördüyüm ayaqlar altına tökülmüş zir-zibillə yanaşı mədəniyyətsiz insanların( bəlkə də xəstə) yerdəki tüpürcəkləri olur. İnanın dediklərimi görməmək üçün ayağımın altına baxmadığımdan dəfələrlə yıxılmaqdan qurtarmışam.  Sizcə, bu mənzərə insanda hansı təəssuratı  yaradar? Ani olaraq vərəmli xəstələr göz önünə gəlir və istər – istəməz düşünürsən, bəlkə yerə tüpürən  insanlar virus daşıyıcısıdır? Əgər belədirsə onların yerə tüpürüb insanları ürəkbulandıran vəziyyətə salması hansı məntiqə uyğun gəlir? ( Məni qınamayın, gördüyüm mənzərə belə düşünməyə əsas verir) Xəstə olmaq heç də qəbahət deyil. Allah dərd də verib, dərman da.  Niyə bəzi xain xislətli  insanlar düşünürlər ki, mən xəstəyəmsə hamı xəstə olmalıdır. Axı gördüklərim bir jurnalist kimi məndə belə təsurat yaratmaya bilməz. Bu ürək bulandıran görüntülər bir yana qalsın, bir az  getməmiş dəfələrlə eyni yerdə yol təmiri adı ilə  qazılıb yarı – yarımçıq  doldurulmamış çala – çuxurla rastlaşmalı oluram. İş yerinə  çatana kimi bu və ya digər gördüyüm mənzərələrin sayını artırmaq mümkündür. Marşrutdan istifadə zamanı sürücülərin məsuliyyətsizliyindən gözlənilməz yol qəzalarının şahidi olmuşam. Artıq bu kimi  olaylar gündəlik həyatımızla eynilik təşkil edir, hətta deyərdim alışmışıq da…! Həyatda göz çıxaran və ürək ağrıdan dəfələrlə rast gəldiyim mənzərədən  biri də, dilənçilərdən fərqli olaraq, bir loxma çörək üçün ona – buna əl açan hicablı xanım  da görmüşəm. Bu yerdə hicablı jurnalist əlinə qələm götürməsin neyləsin? Necə gördüyünü qələmə almasın? Necə rast gəldiyinə irad bildirməsin? Beləsi mənim də qarşıma çıxıb, cavan qız uşağı idi, gələn maşınların qarşısına çıxıb pul üçün sürücülərə əl açırdı. İNSANLIĞI olan  bu qızın əlini boş qaytarmırdı, lakin eləsi olurdu qızı ələ salırdı.  Mən özüm hicablı olduğumdan şahidi olduğum hadisə  mənə çox ağır təsir bağışladı. Sanki bir anlığa özümü onun yerində hiss etdim. Bütün bu olanlar İSLAM dininə həqarət deyilmi? Əlbəttə bu yerdə mən özümü saxlaya bilməzdim. Xanımın qarşısına çıxıb nə etdiyinin fərqində olduğunu  israrla  xəbər aldım və onu başa salmağa çalışdım ki, sənin etdiklərin dinimizə ziddir. Səni nə vadar edir ki, bu yola düşmüsən? Cavabı çox qısa oldu:” Anam xəstədir onu yaşatmaq üçün dilənməyə  məcburam, çünki mənim heç yerdən gəlir yerim yoxdur. Təhsilim də yoxdur ki, özümə başqa iş tapım.Restoran kafedə işə düzəlmək istəmişəm, mənə irad tutublar ki,   “vid – fasonun” yoxdur. Mən qaragün  heç vaxt ağ gün görmədiyimdən, allah verənləri də itirmişəm. Nə edim, ALLAHIN verdiyi budur, həyatın amansız burulğanında çabalayıram” Mən onu başa düşüb ürəyim ağrısa da, anlatmağa çalışdım ki, sənin dediklərin əsas deyil. Sənin əlin sağ, ayağın sağ, get  özünə başqa iş tap, İSLAMİ dəyərlərə, bir halda özün də hicablısan, mömin bacıların adına  ləkə gətirmə! İSLAMI haqqilə yaşayan hər kəs dinimizin qanunlarına  boyun əyməlidir!   Xanım məni başa düşdüyünü dedi və çox peşman oldu. Mən isə o gündən sonra həmin qızı oralarda görmədim. Mənim düşünçələrimə irad tutanlar mənə cavab verin! Mən  şahid olduğum  cəmiyyətin qara ləkəsinə  necə ağ deyim? Mənim vicdanım heç vaxt yol verməz ki, qaraya ağ deyim. Nə olsun ki, söz, mətbuat azaddır. Bəs vicdan, odamı azaddır? Vicdanlı  jurnalist qələmin  təsir qüvvəsidir. Siz də  heç  şübhə yaranmasın ki,  mən yaxşı  gördüklərimi tamamilə inkar edirəm. ƏSLA! Mən də bu dövlətin vətəndaşıyam. Vətəndaş olaraq fəxr edirəm mənim dövlətim var, bayrağımız böyük dövlətlərin bayraqları sirasındadır. Öyünüləsi çox işlərimiz var. Lakin elə acı həqiqətlər var ki, heç dilə gətiriləsi deyil. Ancaq hər şeyə rəğmən fəxr edək ki,  yer üzündə millət olaraq varıq və bizi AZƏRBAYCANLI kimi tanıyırlar. Olanlarımıza yalnız  şükr etmək lazımdır. Zərurətdən dolayı  onu  nəzərə almaq lazımdır ki, kölgəli görüntülərə vicdanlı jurnalist aydınlıq gətirməlidir. Məndən ötdü, qardaşıma dəysin deyib hadisələrə göz yummaq  mümkün deyil! Mən necə görməyim, eşitməyim atalar – analar qız uşaqlarınnın bir ailədə çox olmasını arzulamır və  dünyaya gəlişini özünə utanc bilir.( Axı bizim nə qədər utanılası işlərimiz var), necə qələmə almayım, böyük – kiçik tanınmır  istirahət üçün salınan bulvar və parklarda mənəviyyatsızlıq baş alıb gedir, dövlətin xalq üçün verdiyi zəruri  qanunlar kağız üzərində qalır, insanların maddi – rifah halı ilə yanaşı sağlamlığı qənaətbəxş deyil, həkimlərin özbaşınalığı dözülməz səviyyədədir, hansı birindən söz açım, hansı birinə göz yumum? Sizlər də gördüklərinizə mənim kimi yanaşsanız  vətəndaş olaraq mənə  irad tutmazsınız. Bizlərin hər anı, hər dəqiqəsi bir tarixdir. Tarix  isə həmişə arxada qalır ki, geriyə baxanda nələrsə yadımıza düşsün. Hər dövlətin  yaxşı və pis işləri  tarixin yaddaşına hopur. Bəzən mən də öz-özümə sual edirəm “ Doğrudanmı mənim qarşıma yaxşı heçnə çıxmır yaxud mən zorla nə isə düzüb- qoşuram.” VALLAH səmimiyyətimə inanın, mən də hər şeyi gözəl görmək istərdim. Əlbəttə mən də, pisləri  yaxşı kimi  görə bilsəydim mənəvi əzab çəkməzdim. Cəmiyyət o qədər kölgəyə bürünüb ki, reallığı görmək mümkün deyil. Yalnız sözündə qələmində dürüst, cəsarətli,  diqqətli jurnalist  gözünə görünən  kölgələri  reallığa çevirə bilər. Bu qara kölgələr  səni nəinki çöldə, bayırda hətta evdə oturduğun zaman da, yaxalayır. Bu yaxında evin pəncərəsindən baxanda şahid olduğum bir hadisəni sizlərlə bölüşüm. Bu mənzərə mən yuxarı mərtəbədə yaşadığımdan, daha aydın seçilirdi. Binaların arasında  bəzən maşınlar qarşı – qarşıya çıxır, sürücülük mədəniyyəti olanlar  biri -digərinə yol verir. Bir dəfə həyətdən cürbəcür səslər gəldiyini eşitdim. Pəncərəyə yaxınlaşanda iki xarici avtomobilin üz-üzə dayandığının şahidi oldum?  Biri digərinə yol vermək istəmirdi. Baxdım ki, sürücülər hər  ikisi orta yaşlıdır. Binaların sakinləri səsə yığılmışdı. Biri deyir əvvəl mən keçəcəm, o biri deyir yox  mən. Xülasə bu sürücülər tərs keçi kimi burun – buruna dayanmışdılar.Hər iki avtomobilin sürücüləri başa düşmək istəmirdi ki, yolu kəsdiklərindən arxalarında yöluna davam etmək üçün çoxlu sayda avtomobil növbəyə durub, bir sözlə aləm bir – birinə dəymişdi. Heç kim onları ipə- sapa yatıra billmirdi. Nəhayət, məsələyə polis qarışdıqdan sonra işlər yoluna düşdü. Siz deyin, belə məsələyə jurnalist necə fikir bildirməsin? Bu mənzərəyə qocalı – cavanlı hamı baxırdı. Bizim gənc nəsil bu gördüklərindən hansı ibrəti götürsün? Həyatda bu kimi olaylara çox tez – tez rast gəlmək mümkündür. Görən göz belə faktlardan  necə yan keçə bilər? Bu gün cəmiyyət cox acınacaqlı vəziyyətdədir. İnsanlar zahirən azad olsalar da, mənəviyyatca şox kasıbdı. Mənəviyyatın kasıblığı millətin üzünə qara ləkə sayılır.LƏKƏNİN DƏRİNİ AŞILAMASI İSƏ ……. BAĞIŞLANILMAZDI!  Bəli çox israrla deyirəm bağışlanılmazdı! Dərini aşılayan ləkə bu günkü dövrümüzdə Can – Polad müəllimin “YENİ XƏBƏR” qəzetində dərc olunmuş məqaləsində QUŞ QUŞLAYAN  jurnalistlərin simasına daha dərin hopub. Mən yazını  yekulaşdırmışdım,  lakin əməkdaşı olduğum qəzetdə  Can – Polad müəllimin məqaləsinə rast gəldiyimdən, müəllifin  jurnalistlərə qarşı fikri birmənalı olmadığını nəzərə alaraq quş quşlayanlara fərqli münasibət bildirməyi özümə borc bildim.

Hörmətli CAN – POLAD müəllim! Dediyniz jurnalistlər ov edib, quş quşlaya bilər, bəs bu jurnalistlər başa düşmür ki, onların vicdanları ovladığı quşlardan əvvəl tələyə düşüb? Bu tələnin içində çabaladıqlarının fərqində deyillərmi? Guman edirəm, mənim yazdıqlarımı oxusanız jurnalist xislətinin müxtəlifliyini görə bilərsiniz. Siz oxuyun, jurnalist kimi yaxşı heçnə gömədiyimi mənə irad tutanlara necə cavab verirəm. Əlbəttə sizinlə həmfikirəm, vicdanını pula satan jurnalistlər mətbuata, sözün, fikrin azadlığına qara LƏKƏDİR. Vicdanlı jurnalist əvvəl qələminə, sonra öz cəsarətinə güvənməlidir, ələlxüsus özünə inanmalıdır. Mən belə düşünürəm. Yazdım ki, bir az ürəyinizə sərinlik gəlsin, yəni quş quşlayan jurnalistlərlə yanaşı mətbuatda  gördüyünü gözündən vuran SNAYPER KIMI JUNALİSTLƏRİMİZ VAR. Mən özümü belə jurnalistlərlə yanaşı gördüyümdən,   dürüst yolumda mənə  irad tutanlara israrla bildirirəm. MƏNİM VİCDANIM QƏLƏMİMƏ QARA LƏKƏ OLA BİLMƏZ……!!!