em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

BU NAĞIL

Yaman çox uzandı bu qəmli nağıl,
Ağlımı, huşumu yellər apardı,
Qaldı yuxularda gör neçə oğul,
Qoy qalsın sabaha nağılın ardı.

Xatirə torundan çıxa bilmirəm,
Susuz balıq kimi çapalayıram,
Dərd-qəmin üzünə baxa bilmirəm,
Dərdimin üstünə dərd calayıram.

Gör nələr danışır sönən ocaqlar,
Küllə oynamağın nə mənası var.
Təzə nəğmə qoşur coşan bulaqlar,
Hər günün öz sözü, öz havası var.

Yaxanı dart görüm dərddən qırağa,
Doğma bilməlisən dərdi-qəmi sən,
Divlər göz dikəndə almalı bağa,
Yaranın üstünə duz səpməlisən.

Dərdin həm dağı var, həm də aranı,
Səmtini dəyişən külək kimidi,
Dərdsiz ötüşmür ki,dərdin hər anı,
Ömür açıb, solan çiçək kimidi.

QALSIN

Deyəsən bizləri unudub fələk,
Çölləri, düzləri talayır külək,
Nə gözlər sevinir, nə gülür ürək,
Belə zəmanəni viranə qalsın.

Qoy vaxtsız solmasın bir gül, bir çiçək,
Bu yurdu bir cənnət yaradıb fələk,
Sərhədlər boyunca qalalar tikək,
Gələcək nəsilə nişanə qalsın.

Gəlin igidlərə nəğmələr qoşaq,
Gəlin nə büdrəyək, nə də ki, çaşaq,
Halal çörək yeyək, doğru danışaq,
Qoymayaq kiməsə bəhanə qalsın.

Yurdun şərəfinə çələng toxuyaq,
Olaq hər birimiz bu elə dayaq,
Vətənə söz qoşaq, nəğmə oxuyaq,
Hər gündən bir şirin təranə qalsın.

Bilək bu torpağın qədir, qiymətin,
Çəkək el-obanın hər an qeyrətin,
Ucaldaq göylərə şanın şöhrətin,
Vətən Günəş kimi yeganə qalsın.