ƏBƏDİ İZİNİZ VAR
21 Azər inqilabçılarına
Siz dadıb azadlığın şəhdini, şərbətini,
Qırdınız yağıların harın əsarətini.
Qəlbinizdə qalandı zülməti yaran işıq,
Milləti azadlığa çəkib aparan işıq.
Şəfəqlərə döndünüz günəşə tən ölkədə,
İnsanəın azadlığı, haqqı itən ölkədə.
Vətənin ürəyindən sızıldayan yaranı
qopardınız, Səttarxan, Xiyabanı, Əranı,
Baş qaldırıb məzardan sanki, “Afərin”-dedi,
“Mübarəkdir, ey Vətən, şanlı zəfərin”,-dedi.
Səhənddən Kəpəzəcən səhər yelləri əsdi,
Şad xəbəri ellərə yaymaq üçün tələsdi.
Oxşayaraq narın meh geniş çəməni, çölü,
Qurutdu anaların gözündəki nisgili,
Ulu Təbrizin səsi yayıldı dalğa- dalğa,
Sanki, Şimalla Cənub durdu dodaq-dodağa.
Dikəldib qamətini Azərbaycan qürurla,
Yuyundu igidlərin qəlbindəki o nurla.
Baxdı qoca dünyanın qırışmış alnına o,
Talelərin tor kimi qarışmış alnına o.
Baxdı, vüqarla baxdı, o sərt üzə, pərt üzə,
“Kim-kimi?!” sualıyla dayandılar üz-üzə…
Elə bil qopdu tufan, yarıldı yer, endi göy,
Dünya Azərbaycana baxırdı ögey-ögey…
Siz ey günəşli yurdun, xalqın pərvanələri,
Ədalətin, mənliyin, haqqın pərvanələri.
Qurduğunuz azadlıq, abadlıq dağılsa da,
Həqiqət xəyanətlə, böhtanla boğulsa da.
Yaşayır idrakınız, əzminiz, qüdrətiniz,
Əsrlərə bəs edən adınız, şöhrətiniz.
Bu xalqın tarixində əbədi iziniz var,
Hər kəsin ürəyində doğma mənziliniz var.
İŞIQ KİMİ
Bürüyüb ruhumu tamam,
Bu duyğular bir eşq kimi.
Bəzəyir könül evimi,
Əbədi yaraşıq kimi.
Tanrım , nəzərindən salma,
Bu hissi vermisən , alma
Baxanlar yanır halıma,
Məcnun olmuş aşiq kimi.
Səndən gələn bar içimdə,
Nur qaynağı var içimdə,
Yaşayır bahar içimdə,
Sülh kimi , barışıq kimi.
Nurunla qəlbim doludur,
Boynumdakı haqq yoludur,
Bu sənə yetmək yoludur,
Səndən gələn işıq kimi.