-Şəfa xanım, ədəbi-bədii yaradıcılıq fəaliyyətinə neçənci ildə hansı yazı ilə başlamısınız?
1. Yaradıcılığa başlamanın məncə, yaşı olmur. İnsan yaratmaq eşqiylə doğulur. Doğuluşdan onunla ömür yolunda yoldaş olur istedadı. Və beləcə, harda olur-olsun yazır… Beş yaşım olanda nənəm anama deyib ki, “bu uşaq nə söyləyirsə, onu heç yerdə eşitməmişəm, gətir bunu yaz”. İlk söyləntilərimi anam dilimdən yazıya köçürüb. Sonra özüm iki əlifba ilə -kiril və latın əlifbası ilə yazıb -oxumaq öyrənmişəm. Başlamışam özüm vərəqləri “qaralamağa”… Və bir də ayıldım ki, “Şəfa Vəli” imzasıyla ürəklərin qonağıyam….
-Müəllifi olduğunuz ilk kitabınız işıq üzü görəndə hansı hissləri keçirdiniz?
2. İlk… elə bu sözün özü həyəcan demək deyilmi?! Bütün üzüntülərimi, sevincimi, ürəyimin əsdiyi hər nə varsa “gizlətdiyim” idi ilk kitab… 2010-cu ildə “Ümiddən olan qurbanlar” özüylə yeni bir Şəfanı gətirdi mənə…
-Dövri mətbuatda ilk dərc olunan yazınız necə adlanır?
3. Bunu unutmuşam… Hələ məktəb illərindən müxtəlif qəzet və jurnallarda şeirlərim çap olunurdu. Məktəbdə müəllimlər məni tərifləyəndə elə bilirdim ki, daha bundan ötə sevinc yoxdu. Bütün məktəbimizdə kiçik bir qızcığaza “şeir yazan” deyirdilər… Bu “qara qız” da qürurlanırdı… Bu sevinci indi heç vaxt sözlərə sığdırammıram.. Və indi belə, hər hansısa qəzetdə, saytda, jurnalda çap olunanda elə həyəcanlanıram ki… İfadə edəmmirəm….
-Ədəbiyyat adamı olduğunuzu nəzərə alsaq, eyni zamanda həm poeziya, həm də nəsr sahəsində ədəbi-bədii nümunələr ərsəyə gətirməyiniz Sizin üçün heç bir problem yaratmır ki?
4. İçimdəki narahatlığı nə cür olur-olsun ifadə etmək istəyirəm. Bir bənd şeir, bir hekayə, bir ovuc sözcüklər… Hamısı mənə doğmadı… Hamısı mənim ürəyimin əsintisidi… sevgisidi…
-Son zamanlar respublikanın ən ünlü mətbu orqanlarında və ədəbiyyat portallarında Publisistika sahəsində qələmə aldığınız məqalələr dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılır.Ən çox hansı mövzuda və ya mövzularda məqalə yazmaq Sizə könül rahatlığı gətirir?
5. Daha çox araşdırma xarakterli məqalələr məni həyəcanlandırır. Məqaləm olub ki, iki ay onu sadəcə düşünmüşəm… Lalə haqqındakı məqalə iki il beynimdə bir küncə qısılıb qalıb. Iki ilə ancaq cəsarət toplayıb onu kağıza köçürmüşəm. Publisistikanı özüm seçmədim… O məni tapdı…
-Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi olaraq, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunandan sonra ədəbi-bədii yaradıcılığınızda hansı müsbət dəyişikliklər müşahidə olunub?
6. Daha böyük bir fərəh… Özümə inam… Şeirlərə güvənmək…Hekayələrə arxamı söykəyib kədərə gülümsəmək… Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaq Şəfanın ürəyində Şəfaya olan doğmalığı artırdı..
-Bir neçə ay bundan öncə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan II “Gənc Ədiblər Məktəbi”nin məzunlarının-müdavimlərinin iki illik kursu müvəffəqiyyətlə bitirdiyini göstərmək üçün tədbir keçirildi.Bu haqda müxtəlif kütləvi informasiya vasitələrində silsilə xəbərlər dərc olundu.Müvafiq olaraq, məzunlara sertifikatlar verildi.Bu iki il ərzində hansı amillər Sizi yenidən zəngin yaradıcılıq fəaliyyətinizi uğurla davam etdirməyə sövq etdi?
7. Orda keçirdiyim iki il mənə gözəl dostlar qazandırdı… Hər görüşdə bir fərqli söylənti doldu ürəyimə, axdı, axdı, Bakı-Gəncə yolunda silsilə şeirlərə çevrildi. Gənc Ədiblər Məktəbi bütün müdavimlərinə yeni yaradıcılıq həvəsi verdi. Bir budağın min olmağı kimi bir misramız neçə şeirin cığırı oldu… Natəvan klubunun dairəvi stolunda oturaraq baxışlarını barmaqlarına zilləyib oxunan şeirlərdə özünü tapmaq… Başqa söz varmı bu kövrəkliyi ifadə etsin?
-Bu günə qədər Azərbaycan Yazıçılar Birliyinin hansı mətbu orqanlarında yazılarınız dərc olunub?
8. “Azərbaycan” jurnalında bir dəfə şeirlərim çap olunub… “Ədəbiyyat” qəzetində ” Ağarmış gün” hekayəm sevindirib məni. “Ulduz” jurnalında Qəşəm Nəcəfzadənin mənim haqqımda bir məsum yazısı, Fərqanə Mehdiyevanın layihəsində müsahibəm dərc edilib. Və hər biri mənə dünya qədər sevinc yaşadıb..
-Yazılarınızın müntəzəm olaraq, dərc olunmasına görə, kimlərə öz təşəkkürünüzü bildirmək istərdiniz?
9. Birinci, sizə. (Gülür) “525-ci qəzet”ə, “Ruzigar” qəzetinə, Əntiqə Səməndərə, Intiqam Yaşara, “Gəncə qapısı” jurnalına, bir sözlə, harda bir misram varsa, o yerə…
-Qəşəm Nəcəfzadə ilə Fərqanə Mehdiyevanın həyatınızda rolu?
10. Qəşəm müəllim… “Sənin dərsin” şeiri ilə könlümün doğması olub onun poeziyası… və o misra var ha, “Mən səni sevirəm, ölməzsən heç vaxt!”… Bu misraya ağlayıb nə qədər şeir yazmışam, bir bilsəniz…
Fərqanə xanım mənim şeirlərimin “payız sevdası”dı. Onun qucağına qısılıb payıza olan sevgimi misralara əmanət etmişəm… Hər ikisi yaradıcılığından bəhrələnəcək şairdi.
-Bu ilin yaz aylarında ədəbiyyat sahəsindəki xidmətlərinizə və yaradıcılığınızdakı inkişafa görə, Azərbaycan Yazıçılar Birliyinin Rəhbərliyi tərəfindən qəbul edilmiş qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görüldünüz. İlk olaraq, Sizi kim təbrik etdi?
11. Özüm… Gəldim, güzgünün qarşısında durdum və pıçıldadım: “Təbriklər, qara qız! Hər şey gözəl olacaq”
-Daha çox nəsr sahəsində ərsəyə gətirdiyi əsərlərdə öz həyatının müəyyən məqamlarını əks etdirən Şəfa Vəli nə üçün məhz özünü “Düyməcik” adlandırır?
12. Bu adı özümə özüm verməmişəm. Gözəl bir xanım tanıyıram, həyat eşqiylə dolub-daşan… “Məni verənə şükür!” sözlərini də ondan öyrənmişəm. O xanım mənə “Düyməcik” dedi bir dəfə. Xoşuma gəldi… Yaraşdırdım özümə.
-Yeni nəslin nümayəndələri içərisində ən çox hansı yazarın və ya yazarların əsərlərini oxumağı daha çox sevirsiniz?
13. Əlimə keçən nə varsa oxuyuram. Insafən, yeni nəsil dediyimiz yazarları oxuyarkən fərqlilik daha çox nəzərə çarpır. Bir gül dəstəsində hər rəng gül kimidir bugünkü gənclərin yaradıcılığı. Hər biri öz fərdi üslubunu tapıb, məncə. Içi mən qarışıq, hamımıza uğurlar!
Bu yaxınlarda Tovuz şəhərində yerləşən və Ümummilli lider Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxışınızda Oktyabr ayından qorxduğunuzu söyləmişdiniz.Bəlkə bu haqda qısa məlumat.Təbii ki, əgər razısınızsa?
14. Bir şeirim var:
Hər səs gələn tərəfin
Yolçusu sevilməz ki…
Payız boyda qəhərin
Sarısı silinməz ki…
Saçlarını yolmağa
Başlayıbdı ağaclar…
Bu mövsüm Xan bağında
Oturmağa ürək var?
Yaxşı ki, yolun düşmür
Bu aralar Gəncəyə…
Baxışımdan üşüyüb
Küsərsən gəlməyinə…
Gərək mən də tez qaçım…
Bakı… Qazax… Ya səbr!
Durum qapını açım:
-Bu sənsən, oktyabr?
Bu şeiri demişdim orda… Payızı həm sevirəm… Həm ondan qorxuram… Payız- bütün gələnlərin gedəcək olduğunu anladan dahidi..
-Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı gəlir. Hər iki bayrama hazırlaşırsınızmı?
15. Bu qədər narahatlığın içində gah üşüyən, gah darıxan şair ürəyi hansı bayrama hazır deyil ki?! Bayramlar yaxşı ki, var!
-Bu il Sizin həyatınızda hansı yeniliklər ilə yadda qaldı?
16. Şair Şəfa Vəlinin uğurlarını siz sadaladız… Mənə söz qalmadı. “Anasının fəxri” qara qız üçün 2015 tam fərqliydi… Xala oldum!!!
-Sonda hansı şeirlərinizi oxucularınıza ərməğan etmək istərdiniz?
17. Siz hansı şeirləri yenidən oxumaq istərsəniz, buyurun! Mən tək birini deyəcəm:
Qar yağmadı Gəncəyə,
Sevinmədi uşaqlar…
Bəzənmədi pəncərəm
Qarın naxışlarıyla…
Üzü Bakı yoluna
Gəl -deyə çox ağladım…
Mən qarın acığına
Ürəyimi buzladım…
Bu qışı da yola sal…
Yazda özüm gələrəm…
Bakı sənlə məğrursa
Gəncəylə sevgiliyəm…
Müsahibəni apardı:
Kənan AYDINOĞLU,
Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Bakı şəhəri.19 dekabr 2015-ci il.