MƏNDƏN GÜL İSTƏDİN
Məndən gül istədin, çiçək istədin.
Səndən gözəlini tapa bilmərəm.
Bağçada sənin tək ğözəl olmayan.
Çiçəyi dərmərəm, gülü dərmərəm.
Gəl məni gül bilib, al qucağına.
Apar o illərə, gənclik çağına.
Sənsiz bu dünyada cənnət bağına,
Bağçaya girmərəm, bağa girmərəm.
Eşq ilə alışan köz verim sənə.
Baxıban yandıran göz verim sənə.
Gül nədi, əhd edib söz verim sənə.
Hər kimə söz verib, ürək vermərəm.
Sənsiz ağlayaram, üzüm də gülməz.
Sənsiz gözlərimin yuxusu gəlməz.
Sənsiz çiçəyin də qoxusu gəlməz.
Sənsiz çiçəyi də sulu dərmərəm.
17.12.2015.
NƏ YAŞAYA BİLDİK NƏ ÖLƏ BİLDİK
Gəlişin, gedişin, bir xəyal oldu.
Nə danışa bildik, nə gülə bildik.
Sevinc bir anlığa ürəyə doldu.
Nə paylaşa bildik, nə bölə bildik.
Alışıb ürəkdə yaşıyan eşqi.
Qəribdə, qurbətdə, yaşıyan eşqi.
Həsrətin yükünü daşıyan eşqi.
Nə yaşada bildik, nə silə bildik.
Bir sevən ürəkdi eşqin məbədi.
Baxış bəhanədi, göz bəhanədi.
Bu eşqin dərmanı, çarəsi nədi?
Nə öyrənə bildik, nə bilə bildik.
Bənd olduq bu eşqə lap dəli kimi.
Nə mən Kərəm kimi, sən Əsli kimi.
Mən Məcnun,sən də ki, bir Leyli kimi.
Nə yaşaya bildik, nə ölə bildik.
15.12.2015.