Yəqin ki, dünyada elə bir insan yoxdur ki, “dua” haqqında eşitməsin. Hər birimiz müəyyən şeylərə görə fərqli zamanlarda dua etmişik.
Dua.. Yəqin ki, dünyada elə bir insan yoxdur ki, “dua” haqqında eşitməsin. Hər birimiz müəyyən şeylərə görə fərqli zamanlarda dua etmişik. Xüsusilə, cəmiyyətdə belə inanc var ki, dua etmək üçün nəsə problemin olsun, sən bir şeyi çox istəyəndə, yaxud da problemin olanda dua etməlisən. Bəzi ibadət yerlərinə gedərək orda dua edən insanlar da çoxdur. Bəzi insanlar da var ki, ərəb dilində əzbərlədiyi dualar var, o duaların mənasını bilmədən onları oxuyurlar. Məsələn, “bərəkət duası”, “qismətin açılması üçün dua”, “bədnəzərdən qorunmaq duası” və s.
Bəs əsl dua necə edilməlidir, bunu düşünmüsünüzmü? Sizi bu dünyada yaratmış, ağıl və bədən vermiş Allaha, görəsən, nə qədər yaxınsınız? Ona axırıncı dəfə nə zaman dua etmisiniz? Allaha yalnız bəzi çətinlik və bəlalarla qarşılaşanda yalvarırsınız? Yoxsa Onu daim xatırlayırsınız? Dua etdikdə Onun sizə çox yaxın olduğunu, sizin pıçıltı ilə dediyiniz və ya içinizdən keçirdiyiniz hər sözü eşitdiyini dərk edirsinizmi? bütün insanların və hər şeyin Rəbbi olduğunu, həyatdakı ən böyük dostunuz və dayağınızın Allah olduğunu bilirsinizmi? Hər şeyi, ilk növbədə, Rəbbimizdən diləyirsinizmi?
Dua, hər şeydən əvvəl, Allaha ibadətdir. Dua Allaha sevgimizin təzahürdür. Dua möminin hər zaman Allahla ünsiyyət qurmaq yollarından biridir. Dua möminin acizliyini başa düşüb tək gücün, sonsuz qüvvətin Allaha məxsus olduğunu bilib yalnız Ondan kömək istəməsidir. Dua etmək üçün xüsusi məkana və zamana ehtiyac yoxdur. Bir insan hər an istədiyi hər şeyi Allahdan diləyə bilər. Bunun üçün sadəcə səmimi olmaq lazımdır: Allahın gücünü qavrayaraq dua etməliyik. Allah bir Quran ayəsində belə buyurur:
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)
Allah bizə çox yaxındır, şah damarımızdan daha yaxındır. Allah hər anımıza şahiddir, dediyimiz, qəlbimizdən keçən hər şeyi bilir. Demək ki, etdiyimiz hər duanı da eşidir və qəbul edir. Ancaq bir şeyi də unutmayın. Məsələn, bir şeyin baş verməsini çox istəyirik, o şey üçün dua edərik. Ancaq o hadisə bizim sırf istədiyimiz kimi baş verməyə bilər. Bu, o demək deyil ki, Allah duamızı qəbul etməyib. İnşaAllah ki, duamız qəbul olunub, Allah o duamızı eşidib və bizim üçün ən xeyirlisi nədirsə, onu nəsib edib. Allah sonuz ağıl sahibidir, biz isə nəyin xeyirli, nəyin zərərli olduğunu dərhal görə bilmərik. Önəmli olan Allaha tam güvənməkdir, Ondan gələn hər şeyin xeyir olduğunu bilməkdir.
… Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. (Bəqərə surəsi, 216)
Fikirləşin ki, bir dostunuz var. O dostunuzun nə zaman köməyə ehtiyacı olsa, siz onun yanında olursunuz, ona kömək edirsiniz. Ancaq o dostunuzun işləri yaxşı gedəndə sizi unudur, axtarıb-soruşmur, heç xatırlamır … Bir də Allahı düşünün, bəzi insanlar var ki, köməyə ehtiyacı olanda Allahı xatırlayır, Ona dua edir. Nə zaman işləri düzəlsə, Allahı unudur (Allahı tənzih edirəm), sanki hər şey belə olmalı imiş .. Allah hər zaman xatırlanmaq istəyir. Əsl müsəlman çətin anda da, rahatlıqda da, sıxıntılarda da, bir sözlə, hər zaman Allahı anar, Ona şükür edər, dua edər, hər zaman Allahı sevər və Ondan razı olar.
Firuzə Həsənzadə