uxe

Allah qorxusu möminin Allaha qovuşma istəyini də artırır və hər zaman insanın ümidvar ruh halında yaşamasını təmin edir.

Qorxu sözünü ilk dəfə eşitdikdə ağlımıza birinci narahatlıq gəlir. Halbuki Allah qorxusu sevginin təməlini təşkil edir. Allaha və yaradılanlara qarşı sevginin, gözəl əxlaqın kökündə Allah qorxusu var.

Müsəlmanın Allahdan qorxma səbəbi ölüm qorxusu deyil, çox sevdiyi Rəbbinin xoşuna gələ bilməmək, Onun sevgisini itirmək qorxusudur. Necə ki, aşiq sevdiyini incitməkdən, onun sevgisinin azalmasından çəkinirsə, möminlərin Allah qorxusu da bu cürdür. Allahın onu sevməməsi insana cəhənnəm əzabından daha böyük əzab verir.

Allah qorxusu digər dünyəvi qorxular kimi deyil. Allah Quranda Özündən qorxanların ruh hallarını təsvir edərkən başqa heç bir qorxuya bənzəməyən çox səmimi və hörmət dolu qorxudan bəhs edir. Bu qorxu digər qorxular kimi insana əzab vermir. Əksinə insanın öz acizliyini və Rəbbinə olan qulluğunu hər an hiss etdirir. Bu qorxu insanın ağlını və şüurunu açan, insana gözəl əxlaq qazandıran qorxudur.

Allah qorxusu möminin Allaha qovuşma istəyini də artırır və hər zaman insanın ümidvar ruh halında yaşamasını təmin edir. Quranda möminlərin Allaha qarşı qorxuları bu şəkildə bildirilir.

Rəbbindən (Onu) görmədən qorxanları isə bağışlanma və böyük bir mükafat gözləyir! (Mülk surəsi, 12)

Allahı həqiqi mənada tanıyan bir insan Allahın sonsuz mərhəmət sahibi, şəfqətli və hər zaman qullarına qarşı çox sevgi göstərən olduğunu bilir. Allah qullarının dincliyini, rahatlığını və məmnunluğunu istəyir və bu səbəbdən də bütün insanlara saysız-hesabsız nemət verir. Allah bir ayəsində qullarının əzabını istəmədiyini bu şəkildə bildirmişdir.

Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir! (Nisa surəsi, 147)

Bununla yanaşı insanlar arasında əmin-amanlığın, gözəl əxlaqın və xoşbəxtliyin yaşanması üçün Allah qorxusuna ehtiyac var. Cəhənnəmi və ölümü düşünmək Allah qorxusunu artırır. Allahın sonsuz gücünü, əzəmətini və hər hadisənin nəzarətində olduğunu bilən insan gözəl əxlaqlı olar. Əks halda Allah qorxusu olmayan insanların yaşadığı cəmiyyətdə əxlaqi və insani dəyərlər ortadan qalxar zülm sistemi inkişaf edər. Allahın cəhənnəmi yaratma hikmətlərindən biri də budur.

Allahdan qorxan bir insan Allahın əmrlərinə qarşı çox diqqətli olur. Eqoist ola bilmir, şəfqətli və mərhəmətli olur. Nəfsinə düşkün olmur, maraqlarının arxasınca qaçmır, fədakar və bağışlayan olur. Qarşısındakı insanların Allahın bir təcəllisi olduğunu bildiyi üçün hər zaman Allahın rizasını güdərək hərəkət edir. Əslində göstərdiyi bütün gözəl xüsusiyyətlər Allaha olan dərin sevgisinin, məhəbbətinin və dostluğunun bir ifadəsidir.

Allah qorxusunun artması üçün Quranın oxunması və dərinliklərinin dərk edilməsi çox əhəmiyyətlidir. Bundan başqa, iman həqiqətlərinin, imanı möhkəmləndirəcək əsərlərin oxunması, Allahın yaratdıqları üzərində səmimi olaraq düşünmək çox təsirli olur. Hüceyrənin quruluşundan başlayıb, kosmosun sonsuz böyüklüyünə qədər yaradılış dəlillərini görən insan heyrətə gəlir və beləliklə, Allah qorxusu və sevgisi daha da artır.

Allah qorxusu artdıqca insanın İslama olan diqqəti də çox artacaq ki, belə bir cəmiyyət mükəmməl bir əxlaq səviyyəsinə çatacaq. Gerçək xoşbəxtlik də ancaq Allah sevgisi və qorxusu olan bir cəmiyyətdə mümkün olar.

Ülviyyə Əlizadə