Dünya miqyasında insanların yaşayışına nəzər saldığımızda ədalətsiz bir bölgünün şahidi oluruq: bir tərəfdə insanlar aclıqdan ölür, digər tərəfdə isə artıq çəkidən əziyyət çəkirlər. Belə ki, dünyada 800 milyon insan ac yaşadığı halda 1.5 milyard insan ifrat şişmanlıqdan əziyyət çəkir, 1 milyard 300 milyon ton qida israf edilir.
İstehsal edilən qidanın üçdə biri süfrəyə gəlmədən zibilliyə atılır. ABŞ-da hər il istehsal edilən qidaların 40%-i, Avropada isə 100 milyon ton yemək istehlak edilmir.
Dünya Bankının hesabatlarına görə, inkişaf etmiş ölkələrdə zibilliyə atılan qidalar dünyada acından ölən insanların 15 mislini doyduracaq səviyyədədir. Əgər bu cür qeyri-bərabər paylanmalar olmasaydı, dünyada insanların aclıq problemi olmaya bilərdi. İnsanlar bir-birinə sevgi, mərhəmət, qayğı ilə yanaşsaydılar uşaqlar aclıqdan ölməzdi. Sahib olduğunu paylaşmaq, yalnız öz mənfəətlərini düşünməmək və dolayısilə, vicdanla yanaşmaq…
Hazırda dünyadakı kapitalist sistem zənginlərin daha da zəngin, kasıbların isə daha da kasıb olmasına gətirib çıxarır. Zəngin olanlar öz sərvətlərini toplayır, dövriyyəyə buraxmır. Halbuki pul dövriyyəyə buraxılarsa, iqtisadiyyat zənginləşər. İstehsal-istehlak prosesi sürətlənər. Daha çox qazanc olar. Nəticədə, zənginlər mallarını kasıb və ehtiyacı olanlara daha çox xərcləyər. Allah Quranda malın ancaq zənginlər arasında paylanmasının doğru olmadığını bu şəkildə bildirir:
İçərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın… (Həşr surəsi, 7)
Yəni zənginin malında kasıbın, yetimin haqqı vardır. İnsanlar əgər vicdanların səsini dinləyərsə və öz ehtiyaclarından artıq olanı haqqı olanlara verərsə, Allah onlara etdiklərinin qarşılığını qat-qat artıracağını vəd edir:
Səndən (Allah yolunda) nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir… (Bəqərə surəsi 215)
Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. (Bəqərə surəsi, 261)
Peyğəmbər (səv) dövrünə baxsaq, səhabələrin öz mallarını necə xərclədiyini, hətta evlərini belə mühacirlərlə paylaşdığını görürük. Hazırkı dövrdə isə bir çox insanın bir neçə evi olduğu halda çoxlarının da evsiz olduğunu, küçələrdə yaşadığını görürük. Məsələn, ABŞ-da 610 min insan evsizdir. Hər il ən az bir neçə gecə evsiz qalmış 3,5 milyon amerikalı var. Digər tərəfdə isə dünyadakı maliyyə böhranından sonra 18 milyon boş ev banklarda yararsız şəkildə saxlanır. Kapitalist sistem 3,5 milyon insanı bu 18 milyon boş evə yerləşdirməyəcək qədər qəddar bir sistemdir.
Dolayısilə, mövzuya ümumi baxdıqda evsizlik, aclıq, səfalət, kasıblıq, yoxsulluğun səbəbinin dünyada yetərincə zənginliyin olmamasından qaynaqlanmadığını görürük. Dünya hər kəsə yetəcək qədər böyük və təbii ehtiyatlarla zəngindir. Problem insanlarda sevgisizliyin, mərhəmətsizliyin, malı acgözlüklə yığıb saxlamağın yayılmasındadır. Halbuki Allah ehtiyacdan artıq qalanı xərcləməyi buyurur:
Səndən nə xərcləyəcəklərini soruşurlar. De: “(Ehtiyacınızdan) artıq qalanını!” (Bəqərə surəsi, 219)
İslamda faiz qadağandır. Çünki faiz sistemi və ya faiz tələsi də yenə kasıb insanların istismar edildiyi bir sistem olub, kapitalizmin bəlalarından biridir.
Sələmi qat-qat artırıb yeməyin. (Ali-İmran surəsi, 130)
Dinimizin bu gözəl əmrlərini nəzərə alaraq dünyada səfalətdən əziyyət çəkən məzlum insanların haqlarını qorumaq üçün ilk addımın İslam ölkələrindən gəlməsi çox gözəl olardı. Lakin təəssüf ki, bir çox İslam ölkəsi ancaq öz mənfəətləri üçün yaşamaq yolunu seçir. Belə olan halda problemin həll yolu nədir?
İnsanlar başqalarının da qayğısına qalıb ehtiyacları ilə maraqlanması üçün onlara sevgi ilə yanaşmalıdır. Məhz sevgi hissi insanları bütün sıxıntılarından, çətinliklərindən qurtaracaq yeganə çıxış yoludur. İnsanlığa sevgi-mərhəmət öyrədilməlidir. Sevgi hissini yaşayan insanın başqalarının çətinliyinə laqeyd qalması mümkün deyil. İnsanlar şəfqətli olmağı, digər insanlara sevgi ilə yanaşmağı öyrəndikdən sonra paylaşmağı və bunun sevincini anlaya biləcəklər. Ancaq öz mənfəətini düşünən və eqoist insanların dünyadakı möhtacları görməsinin əsas yolu məhz vicdanlarına bu şəkildə təsir etməkdən keçir.
Aysel Vəlizadə