crv

Radikalizmə qarşı yeganə həll yolu İslamdakı sevgini, mərhəməti, tolerantlığı özündə əks etdirən Quran müsəlmanlığı modelidir.

“Beş barmaq” proqramının ayın 11 – nə olan buraxılışını izlədim. Mövzu aktual məsələlərdən birinə – gənclərin radikal cərəyanlara qoşulmasının qarşısının necə alınması məsələsinə həsr olunmuşdu. Təəssüf ki, proqramda məsələnin əsl həllinə dair heç nə deyilmədi. Çox hörmət bəslədiyim tanınmış din xadimi Hacı Şahin radikalizmə qarşı ənənəvi din modelinin təbliği üzərində dayandı. Bəs “ənənəvi din” nədir? Hacı Şahin çıxışında hamının bildiyi iki məzhəbi vurğulayaraq, “ənənəvi dinin” sünnülük və şiəlik olduğunu bildirdi. Yəni radikalizmə qarşı “əsasən iki məzhəbi təmsil edən ənənəvi din təbliğ olunmalıdır” fikri həll yolu olaraq göstərildi. Ancaq qeyd etmək lazımdır ki, radikalizm adlı məzhəb yoxdur və ona qarşı ənənəvi məzhəbləri təbliğ etmək lüzumu da yoxdur. Radikal dindarlar məhz ənənəvi dinin içindən çıxan və ənənəvi dinə mənsub olan digər insanlardan fərqli olaraq, ənənəvi dindəki şiddət və cəza hökmlərini həyata keçirmək istəyən insanlardır. Bunu asanlıqla isbat etmək mümkündür. Dini bilgisi olmayan hər kəsin bu həqiqəti görməsini misallarla təmin etmək olar. Məsələn, ənənəvi dinin hər iki məzhəbinə aid qaynaqlarda dindən çıxan şəxsin mürtəd elan edildiyi, cəzasının isə ölüm olduğu ətraflı şəkildə izah olunur. Hətta ölüm hökmünün hansı formada yerinə yetirilməsinin daha məqsədəuyğun olması belə vurğulanır. Digər bir misal isə alkoqollu içki içən adamınçubuqla döyülməsidir. Ənənəvi dinin hər iki məzhəbində də alkoqollu içki içənin cəzası ən az 40 kötəkdən başlayır. Belə olduğu halda, dini radikalizmə meyilli insanların tətbiq etmək istədikləri qaynaqlarla bizim radikalizmə qarşı təbliğ etmək istədiyimiz qaynaqlar eynilik təşkil edəcək. Yazdığım məlumatlar dəqiq mənbələrə əsaslanır. Bu hökmlər ənənəvi dinin hər iki məzhəbinin mötəbər qaynaqlarında öz əksini tapır. Elə isə biz radikalizmə qarşı radikalizmi təşviq edən ənənəvi dinin mənbələrini təkrar təbliğ edərək nə qazanacağıq? Təbii ki, bu günə qədər bütün dünyada bu yanlış həll yolu tətbiq edildiyi üçün heç bir nailiyyət əldə edilməmiş, əksinə “dini radikalizm” miqyasını daha da böyüdərək, demək olar ki, bütün dünyanı təhdid edəcək səviyyəyə gəlmişdir. Ancaq təəssüf ki, proqramın heç bir qonağı radikalizmin həqiqi həll yolu olan “Qurandakı İslam” modeli üzərində dayanmadı. Çünki ənənəvi dindən fərqli olaraq Qurandakı İslam modelində dindən dönən insana cəza verilmir və ya ənənəvi dindən fərqli olaraq Qurandakı İslamda alkoqollu içki içənə də heç bir cəza yoxdur. Tam əksinə, Qurandakı İslam modeli “dində məcburiyyət yoxdur” deyərək insanların istədiyi dini seçməsinə və fikir dəyişdirməsinə sərbəstlik verir. Həmçinin Quran alkoqollu içki içməyi günah bilsə də, bunu edən şəxs üçün ənənəvi İslam modelindən fərqli olaraq içən insana çubuqla döyülmə cəzası kəsmir. Bu misalları istədiyimiz qədər artıra bilərik. Qurandakı İslam və ya müsəlman modeli dünyəvi dövlət quruluşu ilə də ziddiyyət təşkil etmir. Sonda bir daha vurğulamaq istəyirəm ki, “dini radikalizmə” qarşı “ənənəvi İslam” modeli ilə çıxmaq olmaz. Çünki radikal dini meyilli insanlar bu hökmləri məhz “ənənəvi dinin” mötəbər mənbələrinə əsaslanaraq əldə edirlər. Radikalizmə qarşı yeganə həll yolu İslamdakı sevgini, mərhəməti, tolerantlığı özündə əks etdirən Quran müsəlmanlığı modelidir ki, Peyğəmbərimiz (s.ə.v) də bu modelin ən gözəl nümunəsi olmuşdur.

Qeyd: Mənim yanlış saydığım məzhəblər deyil, Quranda olmadığı halda, məzhəblərdə özünə yer tapmış şiddəti təşviq edən cəza hökmləridir.