GÜLƏ-GÜLƏ
S.Vurğuna nəzirə
Keçdi yağlı vəzifəyə,
Cavan vaxtı gülə-gülə.
Sağ cibinə , sol cibinə
Rüşvət axdı gülə-gülə.
Öz nəfsinin oldu qulu,
Şirin bildi haram pulu.
Yaman azdı bu düz yolu,
Yoxuş çıxdı gülə-gülə.
Dedim: Oğlan ayıq tərpən,
Dedi: Mənə dərs demə sən.
Dedim: Axı ilişərsən,
Durub baxdı gülə-gülə.
Tapdadığca həddi , qını,
Varı artdı , coşdu qanı.
Dağdan ağır el haqqını,
“Daşa çaxdı gülə-gülə.”
Qorumadı şərəfini,
Düzlər açdı kələfini.
Öz əlilə öz evini,
Özü yıxdı gülə-gülə.
GÜNAH UCUNDAN
Baxışın umulu , sözün vədəli,
Adət eləmisən verib almağa.
Sənin davranışın güya sadəlik,
Güya yol açırsan xeyirxahlığa.
Üzünə dost deyib güldüyün kəsin,
Dalınca atmağa daş axtarırsan.
Hələ girlənsən də əl altda özün,
Qoltuğa almağa baş axtarırsan.
Güya böyük-kiçik yerini bilir,
Gah şirə dönürsən , gah da tülküyə.
Biri göz ağartsa qəddin əyilir,
Dağ boyda vücudun dönür kölgəyə.
“Yoxdur çörəyimin duzu”-deyirsən,
Şübhələr içində gəzir ürəyin.
Ömründə bir dəfə düz dedin , əhsən,
Axı duzu olmaz haram çörəyin.
Gahdan ilişirsən köhnə val kimi,
Hər sözə cavabın “bəlli-bəlli”-dir.
Gahdan yazıq-yazıq durub lal kimi ,
Suala dönməyin lap gülməlidir.
Acgözlük ucundan , tamah ucundan,
Sən öz mənliyini satmısan pula.
Hamının bildiyi günah ucundan,
İndi də dönmüsən müti bir qula.