OLDU (“SARVANİ” tərzi)
Sənə “Gülüm” dediyim vaxt…
… yəqin payız vaxtı imiş,
Gülüm soldu!
“Həsrət ölüm” dediyin vaxt…
…arzunun bəxt taxtı imiş,
Ölüm oldu!
Sənsiz qaldım; tənha, yalnız…
…dərdlərimlə dərdləşdim mən,
Zülüm oldu!
Ay ruhumu qoparan qız…
…odlandıqca sərtləşdim mən,
Külüm oldu!
Küləklərlə sovruldum hey…
…uc-bucaqsız səhralarda,
Gölüm oldu!
İçdən-içdən qovruldum hey…
…sağ görünən orda-burda,
Çölüm oldu!
SON MƏNZİL
Şeir gözlüm, göz naxışın can alır,
Qorxuram gözünə göz dəyər birdən.
Elə bil, ləl axır dodaqlarından,
Sözünə kənardan söz dəyər birdən.
Çiçəklər qoxuna heyran olarlar,
Ən gözəl çiçəkdən gözəlsən, gülüm.
Sən Allah, küçəyə-bacaya çıxma.
Qısqanclıq zülümdü, ölümdən zülüm.
Cənnətin həvəsi yoxdur içimdə.
Cənnətsən qiyamət qopana kimi.
Ölüb-dirilmişəm, bəlkə, min dəfə,
Mən səni dünyada tapana kimi.
Şeir gözlüm, gözlərində ölərəm.
Qorxuram gözünə göz dəyər birdən.
Qoy agah olsun ki, son mənzilimsən,
Hardasa bir mənzil gözləyər birdən.
UŞAQ OLASAN
Səhər yuxudan oyanıb
Görəsən uşaq olmusan,
Darıxdığın dünənlərə
Bu gündən qaçaq olmusan.
Dəli kimi oynayasan
Ən ağıllı oyunları.
Çoban olub otarasan
Oyuncadan qoyunları.
…sonra satıb quzuları
Gözəl maşınlar alasan.
Birin edib toy maşını,
İçinə də yar alasan.
Bir nəfərlik toy edəsən
Şahid ola oyuncaqlar.
Yayda dənizə gedəsən,
Baxasan ki, yağıbdı qar.
Sürüşəsən bu dünyadan
Öz qurduğun dünyalara.
Dünən qaranlıq olsa da,
Sabah bəlkə daha qara?!…
Beləcənə keçə ömrün,
Bu boyda nahaq olmusan.
Səhər yuxudan oyanıb
Görəsən uşaq olmusan..
YENİDƏN DOĞULMAQ
Dünya yaman dərindi.
Düşünürəm necə olar
Bu dünyada boğulsam?!
Ya da yanıb kül olaraq,
Küləklərin təsirindən
Hər tərəfə dağılsam…
Yüz il sonra…
…və yenidən
Yaradanın izni ilə
Bir bədəndə yığılsam.
Tanıyaram öz özümü
Mən yenidən doğulsam?!
YENİ SEVGİ
Dərdlər dərdlə unudulmaz!
Dərd üstünə dərd gəldikcə,
Ürəyini hey dəldikcə,
Xoşbəxtlik də unudular…
Unudular dinləyəndə
Sevindiyin nəğmələr də.
Unudular düşünəndə
Dodaqları qaçırdan o sevgilər də.
Unudular uşaqlığın sevinc dolu oyunları,
Unudular məhəbbətin
ürəyində alovlanan sevinc varı.
Təkcə dərdlər unudulmaz.
Unudulmaz düz bildiyin yalanların,
Yalanların sonrasında olanların.
Çarə etməz qalanların
hər gün gələn dərdlərinə.
Hey dərinə… ən dərinə…
Dalarsan və sonu olmaz.
Dərdlər dərdlə unudulmaz.
…Ya getməli bu dünyadan.
Ya da dərdin ağuşundan
almalıdı səni sevgi.
Yeni sevgi.