necibexanim

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının Baş redaktoru

Nədəndi bu qədər soyuqsan mənə.
Yoxsa eşqimizi kədərmi uddu?
Dedin: «hər kəlmənlə dayaqsan mənə»,
Yoxsa sözlərin də sənə yad oldu?

Bəlkə günahkaram, bəlkə suçunam?
Düşmüşəm ömrünün sevgi payına.
Mən həsrət qoxulu vüsal acınam,
Nə zaman çağırsan gəlləm hayına.

Sənli yuxular da şaxtaya düşüb,
Taleyin boranlı yolları kimi.
Bəxtimin əlindən qismət şürüşüb,
Həsrətin bəmbəyaz ilqarı kimi.

Payız libasında çiçəkli yazam.
Nağıla dönmüşəm qış gecəsində.
Bu eşqin önündə qəm dolu nazam,
Qalmışam taleyin bilməcəsində.

Yenə qəm gecəsi, yenə gileylər,
Yenə ümidimə kəmənd atmışam.
Qınama, məni də yorub bəlkələr,
Özümlə-özümü çox aldatmışam.

Məni hey isladır ümid yağışı,
Qorxuram bu eşqin buz nəfəsindən.
Üstümə zillənən soyuq baxışı,
Bir anda duyuram isti səsindən.

Ərköyün sevginəm, götür ərkimi,
Sevgi dəlisiyəm, inan sən buna.
Sən yalan bir sözə dözməyən kimi
Mən də ki, dözmürəm soyuqluğuna.