12607218_940774069370199_1120366057_n

* * *

İçimdə özləm dalğası var
Ağ ləpələri sovurur, sanki, qəlbimdəki tənhalığı
Nəyəsə darıxıram, kimisə gözləyirəm
Gələn olacaq mı bilmirəm…
İçimdəki burxulmuşluq nədir anlamıram
Təklik mi sıxır məni?
Gülməlidir, axı, mən həmişə tək olmuşam.
Kimsə var, kimsə gələcək
onun təlaşəsindəyəm, sanki.
İçimdə ona hazırlıq görülür,
Ürəyimin çırpıntısı boğazımda döyünür.
Kimədir bu özləm?
Kimdir özlədiyim?
İçimdəki boşluq nədən?
Qəlbimdəki hiss niyə bu qədər çalxalanır?
Arzularım coşub kimin üçün haçalanır?
Nədirsə, kimdirsə gəlsin, artıq
Dayanmağa gücüm, gözləməyə səbrim yox
Baxmağa gözüm, duymağa qəlbim yox
Hamısı çıxıb məndən
Kimsənsə, gəl artıq
Səndə döyünəcək ürəyim,
səndə baxacaq gözlərim
Məni tərk edir hər şey
Bədən üzvlərim, içimdəki hisslərim…

01.05.2015

Pərdəsi çəkilmiş otaqda
üşüyən adamlar var –
çılpaq,
divardan asılmış
rəngli çərçivəyə salınmış
adamlar…
Günəşin düşmədiyi bu odada
buz kəsilmiş qəlblər var
çılpaq,
sevgisiz,
mərhəmətdən çox ötədə…
Sərin duyğular var
bu qaranlıq çökmüş dörd divar arasında
Və ümiddən tükənmiş arzular yatır
döşəksiz yatağın quru taxta qucağında…