v

Artıq az qalmışdı qaranlıq düşə,
Yolları görməyə göz işləmirdi.
Ya sən gecikmişdin o gün görüşə,
Ya mənim saatım düz işləmirdi.

Eh, necə şirindi o vaxti həyat,
Xoşbəxtlik başımın üstündə idi.
Bəlkə imtahandı bəlkə zarafat,
Bilmirdim gözlətmək qəsdin nə idi.

Arada təsəllin yetərdi dada,
Yenə də, ürəyə döz deməliydim.
Bir yolmu var idi, canım çıxsa da,
Mən axı sevirdim gözləməliydim.