n

Sən getdin, qəm aldı qoynuna məni,
Çökdürdün ömrümə dumanı, çəni.
Fələk də gətirdi saçıma dəni,
Hər gecə əllərim uzandı göyə,
Yolunu gözlədim, dönərsən deyə.

Sən getdin, səninlə getdi bu ürək,
Həsrət acısında bitdi bu ürək,
Söndü, daşa döndü, itdi bu ürək,
Köksüm buz bağladı… Bilirsən niyə?
Yolunu gözlədim, dönərsən deyə.

Bir sevgi yaratdıq saysız, qədərsiz,
Birgə addımladıq dərdsiz, kədərsiz.
Niyə getdin axı,bu eşq bəhərsiz.
Qoymadım qəlbimə yad nəfəs deyə,
Yolunu gözlədim, dönərsən deyə.

“Ayrılaq” söylədin, qırıldı qolum,
Sanki son mənzilə açıldı yolum.
Nədir bu iztirab, qurbanın olum,
De, kimə dəyişdin məni, de, nəyə?!
Yolunu gözlədim, dönərsən deyə.

01.02.2010