Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
B İ L M İ R Ə M
Yenə xəyal aldı öz qanadına,
Gerçəyə, özümə dönə bilmirəm.
Sənin atəşinə, sənin oduna,
Alışdı ürəyim, sönə bilmirəm.
Yetməzmi bu qədər intizar, kədər,
Ayımız, ilimiz sovrulur hədər.
Bu həsrət çəkəcək daha nə qədər?
Quruyub dil, dodaq, dinə bilmirəm.
Əl çəkmir yaxamdan fikir, düşüncə,
Bir ilə bərabər sənsiz hər gecə.
Bu dərdi sınıq qəlb,daşısın- necə?
Niyə küsdün gülüm?-yenə bilmirəm.
Çox Gəzdim Kərəmtək kədər düzünü,
Dövrana göstərmə soyuq üzünü.
Ümidim duymaqdır,-qayıt sözünü,
Dönəcəkmi üzün, mənə bilmirəm.
29.01.2016.
SƏN OLMASAYDIN
Sonetlərim- silsiləsindən
Heç nəyə həyatda nail olmazdım ,
Əgər taleyimə pay olmasaydın.
Adını mən sənin qəlbimə yazdım,
Dərə olmaz idim, çay olmasaydın.
Könül təqvimimin baharı oldun,
Mən sənsiz qurumuş gülə bənzərdim.
Boş qalmış qəlbimə eşq olub doldun,
Sənsiz Məcnun olub çöldə gəzərdim .
Bizim saf sevgimiz bir ömrə yetməz,
Sənsiz keçən həyat bir quruş etməz .
Birlikdə çirmədik sənlə qolları.
Vüsalın yolları uzundur, uzun,
Eşqimiz əritdi dağların buzun.
Beləcə keçdik biz uzun yolları.
30.01.2016.