Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas
BİR GÜNLÜK TANRI QOYNUNDA
OLASAN ANA UŞAĞI
Arı olub bu dünyanın
Çiçəyindən qopmayasan.
Xoşbəxtlikdən dil-dodağın
Əsə, söz də tapmayasan.
Həyəcandan külə dönüb
İçində nəfəs quruya.
Yeri-göyü unudasan,
Səni göydəki qoruya.
Səpiləsən ulduz-ulduz,
Yığılıb günəş olasan.
Yadından silib dünyanı,
Təzədən tanış olasan.
Əlin Tanrı ətəyində,
Qəlbində Tanrı işığı,
Bir günlük Tanrı qoynunda
Olasan ana uşağı.
BU EŞQ DOĞULANDAN
BAŞI AĞRIYIR
Sənin salamını basdırmaq üçün
Üstünə bir salam atıb gedirəm.
Bu eşq doğulandan başı ağrıyır,
Nə qədər ki, salamatıq gedirəm.
Yerbəyer et öz içində dərdini,
Sözlərini dilinə yığ qal indi.
Sənə dözən dözümümə qəbir yox,
O dözümlə yaşa indi, öl indi.
Qanı yerdə qaldı bu yazıq eşqin,
Barı ölüsünü yerdə qoymayaq.
Nə qədər söz verdik bir-birimizə,
Gəl qalan ömrü də sözlə oynayaq.