Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas
ON SƏKKİZ YAŞIMDA ÖLDÜM
On səkkiz yaşımda öldüm,
Allah, xəbərin olmadı.
O gənc qızı ağlamağa
Bircə doğması qalmadı.
Balıqdım, boğuldum suda,
Atdılar suya, yaşayım.
Bu üzdəndiri ölünü
İndi nə deyib oxşayım?!
Əlimdən aldılar ömrü,
Qaldım sözdə barınmaqla.
Dirilmədim dirilərin
Arasında dolanmaqla.
O ruhum gəzən ocaqda
Cənnətim tərsinə döndü.
Nə qədər körpə arzum var,
Ölü yuxulara gömdüm.
Məzar da bir tikilidi,
Başı göylərə ucalmır.
Sorma cavanlıq sirrimi,
Ölülər heç vaxt qocalmır.
MƏNDƏ DAŞA DA
SEVGİ VAR
Yenə gözlərim üşüdü,
Baxışların nə soyuqdu.
Odlu dilini don vurub,
Sözündə hərarət yoxdu.
Kirpiyindən buz asılıb,
Saçlarına qar səpilib.
Sanki sənin dodağınla
Qışın yanağı öpülüb.
Yaman üşütdün ruhumu,
Qəlbin buzdur, əllərin qar.
Qəm etmə belə soyuqsan,
Məndə daşa da sevgi var.