12647929_456084107917624_702711598_n

DİLİMDƏ KƏDƏRİM BÖYÜYÜR ALLAH!

Dilimdə kədərim böyüyür Allah,
Böyüyür,ağzıma sığmayır daha.
Qədərim sevinci kürüyür,Allah,
Ürəyim köksümə sığmayır daha.

Daha daşdan keçən sözüm daş olub
Yağır ürəklərin daş xarasına.
Ümidlə yaşanan dözüm daş olub
Atılır göz ilə qaş arasına.

Torpaq yad əlində,qeyrət yuxuda,
Atılan söz oxum hey daşa dəyir.
Girəvə gözləyir qorxu pusquda,
Hədələr önündə kədər baş əyir.

Ağarır başımda qara günlərim-
Yağır saçlarıma qar kimi qədər.
Hərə öz ömrünə kəsilir qənim,
Hərə itkilərə dözür birtəhər.

…Mənim kədərimdir o Dərbənd qalam,
Babamın yurdunda qonaq kimiyəm.
Qında korşalarmış ər qala-qala,
Dünyanın ovcunda balıq kimiyəm.

Mənə-öz kədərim bəsimdir,mənə
Bəsimdir Təbrizim,bəsimdir Göyçəm.
Arazım,Samurum bəsimdir mənə,
Bəsimdir Xocalım yerdən göyəcən!..

Dilimdə kədərim böyüyür yaman,
Böyüyür,sözümə sığmayır,Allah!
Günlərim sevinci kürüyür yaman,
Ürəyim sözümə sığmayır,Allah!

Azərbaycan.Quba.
25.11.1995.

QARDAŞ ARAYIRAM,BACI GƏZİRƏM.

Fikirli oluram,qəmli oluram,
Həsrətdən baxışı nəmli oluram.
Gözüm buludlanır söz-söz doluram,
Elə ki tənhalıq alır üstümü,
Çıxarır başımdan,vallah,tüstümü-
Qardaş arayıram,bacı gəzirəm.

İçimdə sızlayır tənha bir qüssə,
Çətin ki baş aça bu dərddən kimsə…
Dilim də gəlməyir deyim kiməsə,
Günəşə həsrətli aya dönərək
Oxu daşa dəyən yaya dönərək-
Qardaş arayıram,bacı gəzirəm.

Səhrada sızlayan tənha ağacam,
Ağac təkliyimlə bir ehtiyacam.
Nurlu sabahıma yol aça-aça,
Küləyə məruzam,günə tamarzı…
Qarşıdan hər gələn günə tamarzı,
Qardaş arayıram,bacı gəzirəm.

Çinar da qoşadır,bulaq da qoşa,
Çiçək də qoşadır,alaq da qoşa.
Yamaclar da qoşa,yaylaq da qoşa…
Hara baxıramsa qoşa görürəm,
Payızı ələnən qışa dönürəm,
Qardaş arayıram,bacı gəzirəm.

Bu bahar yol üstə daş da göyərib,
Gümansız harayım daşda göyərib.
Göylərdən ələnən yaş da göyərib…
Yenə də şıdırğı yağışlar yağır,
Yenə də gözümə yolları yığıb-
Qardaş arayıram,bacı gəzirəm.

Azərbaycan.Quba.
1987-ci il.