cenabrafiqoday

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist

30 illik qayım-qədim dostum
Kəmaləddin Qədimə

Yaranışdan Qədim oğlu Qədim sən,
Qədim bizik – qədim mənəm, qədim sən,
Sədərəktək əyilməyən qəddim sən, –
Sipər oldun, xanəsindən keçmədin.

Şeirlərin şəhid qanı rəngində,
Qıvrılırsan iztirablar çəngində,
“Mən də varam” – söyləmədin gen gündə,
Dar günün bir tanəsindən keçmədin.

Dedin – namərd fitnəsindən haşa – sən,
Məclislərdə can atmadın başa sən,
Neçə-neçə əl titrəyən, baş əsən
“Ustadlar”ın tənəsindən keçmədin.

Neçə ağrı, neçə acı yedin sən,
Gah müstəqim, gah qıyqacı yedin sən,
Baxtdan gələn qəbulumdu dedin sən, –
Ta uğrundan, ta nəhsindən keçmədin.

And yiyəsi öz andını dandı hey,
Təbəssümün gözlərində dondu hey,
Şair ömrü qadadı… hey, qandı… hey, –
Bu həyatın ta nəsindən keçmədin?!