Büdrədim, yıxıldım geri dönmədim,
Ömrün ətəyindən tutub yaşadım.
Hər əsən küləkdən, mehdən sönmədim,
Ümiddən bir ocaq çatıb yaşadım.
Qəmə mehman olan taleyimlə mən,
Barışdım əzəldən, yollarımda çən…
Payız günəşitək hərdən görünən,
Sevinci kədərə qatıb yaadım.
Keçdi əyləncədə ömrümün çoxu,
Tərsinə fırlandı fələyin çarxı,
Niyə gileylənim bəxtimdən axı? –
Ömrümü qəflətdə yatıb yaşadım.
Dünyanı sevdikcə tükəndim, bitdim,
Torpağa əyildim düzəldi qəddim,
Savab qazanmaqda naşılıq etdim,
Nə qədər günaha batıb yaşadım.
Çəkdim cəfasını dostun, sirdaşın,
Qohumun, qonşunun, yadın, qardaşın.
Hər kəsin dərdinə qarışdı başım,
Qayğılar içində itib yaşadım.