Ana yurdum,-taleyimin, baxtımın,
Ana dilim,- varlığımın aynası.
Səndən ayrı qəlbim bir an toxtamır,
Sən anamın şirin-şəkər laylası.
Od ürəkli oğulları görənlər,
Odlar yurdu söylədilər adına.
Şöhrətinə uzananda yad əllər,
Kür biləkli Babək çatdı dadına.
Şah Xətai qələmiylə dilini,
Qılıncıyla torpağını qorudu.
Yad sözlərin sovurduqca külünü,
Düşmənlərin “məğrur” qəddi qurudu.
Düşündükcə taleyini bu gün mən,
Nə Arazda günah gördüm, nə səndə.
Baş açmadıq bu qarışıq düyündən,
Gec ayıldıq,- yolumuzu kəsəndə.
Ürəyinə od götürüb odundan,
İgidlərin qanda qeyrət bəsləyir.
Yüz illərdir ad saxlayıb yadında,
Dədəm Qorqud sahibini gözləyir.
Layiq olsam o inama, o ada,
Halal etsən çörəyini, bəsimdir.
Sərhədlərə sığışmayan inadam,
Şimşəklərim harayımdır, səsimdir.
Babalardan əmanətim, mirasım,
Sevincinlə, kədərinlə mənimsən.
Gələcəyə qanadlanan murazım,
Əsrlərdən keçib gələn ünümsən.