Vətən
Həsrətindən yandı bağrım,
çatmır sənə əlim, Vətən.
“Məni bağışla” deməyə,
susub, gəlmir dilim, Vətən.
Hey bölünüb, parçalanıb,
sinəsində od qalanıb;
Həm satılıb, həm talanıb,
hanı bütöv elim, Vətən..?
Gün gələ, keçim qarşına,
çıxım dağların qaşına;
Üzümü sürtüm daşına,
qucağında ölüm, Vətən.
İstəmirəm
Ver qəlbini mənə, gülüm,
başqa fərman istəmirəm.
Ölsəm, qollarında ölüm,
molla, “Quran” istəmirəm.
Həsrətəm xoş sözlərinə,
sevinc gətir gözlərimə…
Qoy, baş qoyum dizlərinə,
başqa məkan istəmirəm.
Sönmüş eşqin tərmi, söylə,
solubsa bitərmi, söylə?
Bu sevgi itərmi, söylə? –
yanlış güman istəmirəm.
…Zədələnib könül simim,
əlacsızam, yox heç kimim.
Gəl, ol ömürlük həkimim,
özgə dərman istəmirəm…
Rahat olasan
Hər zaman Tanrı qapısın
döyəsən rahat olasan.
Tanrının evində boyun
əyəsən rahat olasan.
Tapasan haqqın izini,
tutasan şərin üzünü;
Hər yerdə sözün düzünü
deyəsən, rahat olasan.
Bürüdükcə nahaq tini,
gözlər arayar mərdini;
Özün elə öz dərdini
yeyəsən rahat olasan…
Nə etsəm qəlbim ovunu?..
gözləməm ömrün sonunu…
Kəfən adlı ağ donunu,
geyəsən rahat olasan…