* * *
Gecənin sənsizliyinə bürünüb…
Mahnı bəstələyirəm
Sükutun addım səslərini
Notlara duzub.
Həsrətimə toy tutacam
Bu gecə….
Divar kağızlarından qoparıb
Gül dəstələyirəm.
Xatirəndən qopub düşmüş
ümidlərlə
Qol qaldırıb oynayacam,
Həsrətimə toy tutacam
Bu gecə…
Arsızlığıma salıb
Kədərimi üstələyirəm…
Ətrin qalmış geyimlərini yuyub
suyunu
Yüz yüz vuracam
Həsrətimə toy tutacam bu gecə…
Buz dağı
Tərk etdin
isti bir yay gecəsində,
Qəlbimdə
buz bağladı, don vurdu,
qəfil gedişin.
Səhər açılar, günəş çıxar,
Qəlbimin
buzu əriyər
deyə,
fikirləşdim…
Dan yeri söküldü, günəş çıxdı,
Qızmar günəş daş-kəsəyi əritdi,
Asfalt əridi, torpağı yandırdı,
Amma
Günəş məni isitdikcə,
mən don atdım,
Qəlbim döndü buz dağına,
Qəlbimin buzu
ərimədi ki, ərimədi…
Çünki…
(qoy nöqtələr danışsın.)