Doğulandan sonra…
…Öncə dörd əllə yapışarsan yerdən,
Sonra yıxıla-dura qalxarsan…
Qalxarsan, gözün yerlə doymaz.
ayaq açarsan yerə,
əl açarsan göylərə…
Ayaqlarınla yerdən, əllərinlə göydən tutmaq istərsən…
İstərsən… Eşqə düşərsən.
Gah yerdəkiləri sevərsən, gah göydəkini…
Sevərsən tapdadığın torpağı…
dünyanın belində fırlanarsan bir oxun ətrafında.
Günəşə çatmaq üçün hərəkətin hız alar,
diləyin qanad açsa,
dəyişər məsafələr,
yorulmazsan…
tərk etmək istərsən dünyanın tərkini,
fırlana-fırlana dövr eyləyərsən…
canlı, cansız – hər nə var, fırlanır, zatən,
düşünüb, təsəlli taparsan, təntiməzsən…
…Nəhayət, gün gələr –
ansızın, biri alar səni dünyanın əlindən…
Diləklər gerçək olar,
o vaxt
sevincdən bölünərsən –
özün yerdə qalarsa, ruhun çıxar göylərə…
yerlər özünün olar, göylər ruhunun…
Nə ola, bu dünya
bir yuxu ola…
Yaman usanmışam, tənbəl olmuşam,
Ta heç kim tanımır bu gənc qoçağı.
Yuxuma bir gözəl girəndən bəri,
Yuxudan qalxıram günorta çağı.
Yuxuda görürəm bizdən danışır,
Daha gizli-gizli Günəş də, Ay da.
Bir dəli adamın “kənd” ürəyində,
Sevgi yaşayırmış bir ölkə boyda…
Yerlər də asıla göyün üzündən,
Göylərin qoynunda yuxusu gələ.
Nə ola bu dünya bir yuxu ola,
Bizim sevgimiz də yuxuda ölə…
Rahat olasan
Durasan ayağa… özün-özünə,
Bir əlac qılasan, rahat olasan.
Yazanın əlindən… qanı qaralmış,
Qələmin alasan, rahat olasan.
Artırıb sevincin, dəmin sayını,
Verəsən kədərin, qəmin payını.
Tapasan dərdlərin şah sarayını,
Taxtından salasan, rahat olasan.
Əzab qan ağlaya, gözlərin sıxa…
Ömürdən getməyə yaman darıxa…
Kədər qız cildində qarşına çıxa,
Saçını yolasan, rahat olasan…
Yerdə gün atılır ömürdən hələ…
Göylərin adama yazığı gələ…
Asa yaxasından… yağmasan belə,
Buludtək dolasan, rahat olasan.