12111937_472520186252742_297742977754560256_n

Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Başımın üstündə ağlayan
payız
Başımın üstündə ağlayan payız,
yolların vəfası yoxdu,
saxlamaz göz yaşını.
Gedənimin arxasınca
elə töküb qarğışını,
geri gəlmir.
Gözlərimdə su qalmadı,
başımdakı daşı atdım,
daşım da diri gəlmir…
Başımın üstündə ağlayan payız,
Ağaclar da ağlayır,
yarpaq-yarpaq,
sarı-sarı…
Mən bu qarı yolların
inadın qıra bilmədim,
Yoruldum, yora bilmədim…
Ürəyimi atanın
arxasınca ürək atdım.
Gözlərim qara buluddu,
heç kim bilmir…
Heç kim bilmir…
payızı mən yaratdım.
Gözlərim təzə yol çəkir
Həsrətin ağacdı sənin,
Yanağımda bar veribdi.
Tanrı mənim əllərimi
Göz yaşıma gor veribdi…
Ürəyimi bədənimə
Bağlayan ruh bağı yoxdu.
Canımdan çıxıb qaçardı,
Yaxşı ki, ayağı yoxdu…
…Ağaclar da üstümüzə
Saçlarını yolub tökür.
Qayıt, sənin dönüşünə
Gözlərim təzə yol çəkir