Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
K Ö N Ü L
“Düşüncələrim” – silsiləsindən
Nə vaxtdır həsrətəm həzin sevincə,
Dərdlər sıxıb onu qəlbdə bir küncə.
Əqlimi tərk edib sağlam düşüncə,
Gizlin, için- için mələyir könül.
Dəyəri qalmayıb zamanın, anın,
Telləri didilib nalan kamanın.
Ardınca gedirəm ötən karvanın,
Dərdini yollara ələyir könül.
Qazancım yek, düdü, seyim qalmayıb,
Ürəyim üzülüb, heyim qalmayıb.
Bayatı çəkməyə neyim qalmayıb,
Allahdan hey mədəd diləyir könül.
Bayramdan çox olub yasım, ələmim,
Təsəllim ağ kağız, bir də qələmim.
Xalqa xidmətimdir işim, əməlim.
Aləmə nur, ziya çiləyir könül.
Yaradan bəxş edib dəyanət, dözüm,
Kimsənin malında olmayıb gözüm.
Dövranam, sənətdə vardı öz sözüm,
Özüynən iftixar eləyir könül.
GÜLƏ-GÜLƏ
/”Könül dəftərim” – silsiləsindən/
Bəzənibdir sərvi boylum,
Sığal çəkib qızıl telə.
Gözəllərdə dəbdir-məlum,
Naz eyləyə gülə-gülə.
On beş günlük nazlı qəmər,
İncə belin qucub kəmər.
Körpə ceyrandır südəmər,
Düşəcəkdir dildən-dilə.
.
Şux gülüşü alır canım,
Damarımda coşur qanım.
Balla dolu pətək, şanım,
Damcıldayır gilə-gilə.
Kirpikləri kölgə salır,
Kəpənəktək qanad çalır.
Gah can verir, gah can alır,
Üzür məni bilə-bilə.
O, Dövrana açıb meydan,
Nurludur o, ulduz, aydan.
Sürünürəm keçən yaydan,
Nə hə deyir, nə yox hələ.