Səadət bəxş edib ilk bahar kola;
bənəvşə ilmələr xalı toxuyur,
adamın elə bir boğazı ola,
eşidən deyə ki: “Bülbül oxuyur”,
Bəzən nəvazişə dözəmmir ürək,
gülüm,o vaxtdanam bu cürə kövrək,
bəxtəvər başına,xallı kəpənək,
hərdən ürəyini bir gül oxuyur,
Qismətin səninlə düşməsə tərsə,
eləyər ürəyin hər nə istəsə,
çöldə kərəntiynən verib səs-səsə,
“Bərəkət nəğməsin” sünbül oxuyur,
“Femida” nə üçün belə kor baxır?
bilmir ki,çox hakim işə xor baxır?!
bəzən “yüngül” işin hökmünü “ağır”,
“dözülməz” olana “yüngül” oxuyur,
Veribdir hər zaman ömrün girdabı
doğru sualıma əyri cavabın,
nəğməsi dəhşətdir sönmüş ocağın–
ya hisli bacası,ya kül oxuyur,
Şair,yaşasan da doğma Vətəndə,
ayıq ol hərcayı yellər əsəndə!
mən öz taleyimə-“Gözəl” deyəndə,
Fələk orda-burda-“Müşkül” oxuyur,
Dözmədi tənəyə,acı qınağa,
saç “qara gününü” dəyişdı “ağa”,
qəfəsdə bülbüllər,ağacda qarğa,
səndə,Vahid ƏZİZ,könül oxuyur…