01

Zaman-zaman Aybəniz Əliyarın dövrü mətbuatda, feyzbuk səhifəsində yeni şerləri ilə qarşılaşıram. Hər şerini də diqqətlə oxuyuram. Açığını deyim ki, onun şerlərindəki cəsarət məni ovsunlayıb. Hamının gündəlik həyatda qarşılaşdığı məqamları Aybəniz xanım sözün sehri ilə elə cilalayır ki, ovsunlanmaya bilmirsən. Balaca bir ürəyə bu qədər sözün və sözdən doğan sevginin necə yerləşdiyi düşündürür adamı. Onun həyata və həyata xüsusi rəng verən sevgiyə münasibəti tam fərqlidir. İstər ilahi eşq yolunda, istər vətən, təbiət sevgisində çox səmimidir. Yazdıqları boğazdan yuxarı deyil, ən başlıcası sözü zorlamır. Çox aydın görünür kü, söz bu xanımın içindən qaynayıb dilinə gəlir. Belə olan halda da qələmə aldığı fikir və düşüncələr sevilə-sevilə oxunur. Əslində şairlik özü bir ilahilikdir, haqqdan gələn vergidir. Poeziya isə bu ilahilikdən su içib zənginləşən mənəvi bir qidadır.

Aybəniz xanımın şerləri məni elə cəlb etmişdi ki, bir gün də ondan mənə kitab göndərməsini xahiş etdim. Sağ olsun, qırmadı məni və sonuncu- “Qürubda günəş” kitabını göndərdi. Fikrim Aybəniz xanımın şerləri barədə sadə bir oxucu fikirlərini bölüşmək idi. Aradan bir xeyli keçsə də mən fikirlərimi indi qələmə aldım. Amma istədim söz dünyasının fatehi olan bu xanımın sonuncu kitabına onu hansı şerləri ilə gəlməyimdən qısaca deyim.

Hər şair yaradıcılığında öz ömrünü yaşayır. Sevinci, kədəri, vüsalı, sevdalı günlərini, zamanını, tarixini, gələcəyini yazır. Aybəniz xanım da belədir. Şerləri onun ömrüdür, dəyəridir. Həm də bu xanımda Yaradanın ömrünə gətirdiklərinə bir şükür demək cəsarətidə var. Alnına yazılanlarla barışmağı bacarır.

Vallah, qəmdi hər tərəfim,
Ömrü qəm edənə şükür.
Qəmləri qəlbdə yoğurub,
Gözdə nəm edənə şükür.

Şükür dedim milyon kərə,
Şükür etsin bir cür hərə.
Ürəyimi bu qəmlərə,
Verib yem edənə şükür.

Gözlərim göz qaydasında,
Sözlərim söz qaydasında.
Hər şeyi öz qaydasında,
Eşqi kəm edənə şükür.

Yapıb intizar dağımı,
Bitirib gənclik çağımı,
Həyatda axtardığımı,
Səndə cəm edənə şükür.

Aybəniz xanımın yaradıcılıq miqyası təkcə eşqin aliliyi, bu yolda yaşanan iztirablar, göz yaşları ilə məhdudlaşmır. Çoxşaxəli yaradıcılıq dünyasında yer tutan hər şeri oxunaqlıdır, sevilən və yaddaşlarda yaşayandır. Yaradıcılığında təbiətlə sevginin bir arada təsviri çox inandırıcıdır.
“Qürubda günəş” kitabını çox vərəqlədim. Elə şerləri oldu ki, onu dönə-dönə oxudum. Hər oxuduqca yeni bir məna, yeni bir nəfəs gördüm. Onun böyüklüyü bir də ondadır ki, tək özünü yazmayır. Onu oxuyanların hər biri bu şerlərdə özünü görə bilir. Bu isə şerin dünyəviliyi, yaradıcılığın sərhəd tanımamasıdır. Mənə elə gəldi ki, Aybəniz xanım sözdən sevgiyə, sevgidən isə Qürubda günəşə gəlib çata bilib. Gecəni yatıb səhər yenidən doğan günəşin hərarətini, sevgiləri isitməyini, bumbuz qəlbləri oyatmağını çox dəqiq və dürüst qələmə alıb. Bu yol asan deyil və olduqca çətin, iztirablı, səsli küylüdür. Bütün bunları Tanrının verdiyi istedadla elə gözəl adlayıb ki, adam ona heyran qalmaya bilmir. Xanımın yaradıcılığında bir də bu hikməti və ardıcıllığı gördüm.
Gerçəklik təbii ki, ictimailəşəndə təsirli olur. İctimai fikri isə yalnız cəsarəti olan, düşüncə və məntiqi real həyatla səsləşən insanlar tərəfindən formalaşır. Aybəniz Əliyar kimi. “Yenə bax” şerində reallıq daha qabarıq görünür. Bu şer dəyəri ilə ilk diqqətimi çəkənlərdəndir.

Ağlayan qadını sevmir kişilər,
Çətin bu ürəklə gələm xoşuna.
Yenə bax, gəlmişəm, bir qədəh gətir,
Süzüm göz yaşımı, al çək başına.
Bir də bax,
sən mənə baxanda, canım,
İlk eşqin düşürmü yadına sənin?
Süzüm göz yaşımı, al çək başına,
Qoy sərxoş desinlər adına sənin.
Ümid ağır yükdür, sən də güclüsən,
Nəbadə darıxma, gələcəm yenə.
Hələ axşama var, gözlə ağlayım,
Yarım deməsinlər qədəhlərinə.
Xəyalın dolaşır yarıyuxulu,
Mənim taleyimin küçələrində.
Kaş bir də görəydim necə olursan,
O sərxoş olduğun gecələrində.
Fikrimcə bu şer yalnız sevən və duyan könüllərin harayıdır. Harayı isə Abəniz Əliyar qaldırıb. Özünün saf qəlbinin, düşüncə tərzinin məhsulu kimi. Həm də çox inandırıcı formada sözdən sərxoş bir sevgi dünyası yaradıb. Meydən yox, göz yaşlarında şərxoş bir dünya.

Açdın ürəyini, bildim, anladım,
Bu ürək özğənin, bu bədən yadın,
Axı mən deyiləm dediyin qadın,
Nəyimi sevirsən, nəyimi mənim?
Baxın, nə gözəl deyib Aybəniz xanım. Açılan ürəyin sevgi yükünə səmimi və dəyərli bir cavab. Bu cavab ürəyini açanı sındırmır məncə. Ürəyin və bədənin özgəyə məxsusluğu sadə və səmimi formada deyilib. Əslində həqiqi sevginin axtarışına ümid verilib, ünvanın o olmadığı elə sevgi notları ilə çatdırılıb.

Bir siqaret yandır,
ikimiz çəkək…
Qoyma ki, sönsün…
Heç olmasa, dodaqlarım,
dodaqlarının yerinə toxunsun…

Yanadırılan və iki nəfərin çəkdiyi siqaretin sönməsini istəməyən müəllif əl çatmayan sevgisinin ətrinə, dodaqların bir-birinmə toxunma yoluna necə səmimi yanaşıb. Sanki bu siqaret sönsə qönçə sevgi puç olacaq və dodaqlar bir də heç zaman birləşməyəcək.
Aybəniz Əliyar şerlərində bəzən ağrılı qadın, sevgidən əzaba gedən yolun yolçusu kimi də görünür və hətta əl açıb Allahdan canının elə belə alınmasını yox, iztirab və acı ilə alınmasını, çəkdiyi ağrıların heç kimin bilməməsini istəyir. Bu şairin ağrılarla baş-başa qala biləcəyindən, hətta onu çəkmək gücünə malik olmasından xəbər versə də misraların içində gizlənən nikbinliyi də sezməmək mümkün deyil. “Məni” şerinin ilk bəndi dediyim ağrı yükü ilə, Allahdan daha kəskin ağrı istəməsi ilə təqdim olunur.

Allah, elə-belə alma bu canı,

Bir soyuq baxışa tuş eylə məni.

Qara gecələri sevən gözəlin,

Gözündə bir damla yaş eylə məni.

Elə ağrı ver ki, bilməsin heç kim,

Əqlimi məhkum et, ruhumu küskün.

Əvvəl göyümü qur; buludlu, çiskin,

Sonra bir havalı quş eylə məni.

Baxın, misra-misranın təsdiqi və açılmasıdır elə bil. Allahdan canının elə-belə alınmasını istəməyən şair soyuq baxışa tuş gəlməyini, qara gecələri sevən gözəlin gözlərində yaş olmağı, sərhədsiz göylərdə havalı quş olmağı da istəyir. Deməli, Aybəniz xanım yenə sevgiyə doğru qaçır, ona sığınır, bütün ağrı yükünün məhz göy üzünün dərinliklərində bir havalı quşa dönüb yox etmək, sevdalanan günlərini yaşamaq istəyir. Bu isə olduqca gözəldir. Ziddiyyətlər içində şirin bir ömürdür və Aybəniz Əliyar deyilən ömrü həqiqi mənada yaşaya bilib. Onun “Mən burda ağlayanda” şeri də bu mənada diqqət çəkəndir.

Mən burda ağlayanda kim duyar ki, səsimi?

Baxıram pəncərədən, ağaclar sapsarıdır,

Mənim hıçqırıqlarım mənim səsim deyil ki,

Küsüb ağacdan düşən payız yarpaqlarıdır.

Bəli, hıçqırıqlar Aybəniz xanımın səsi deyil. Saralan bir payız yarpağıdır və budağından qopub düşüb. Amma bu faciə də deyil. Bu ağac hələ çox yarpaqlar gətirəcək. Demək ki, göz yaşı da onu ömrünün sonuna kimi yoldaşı və sirdaşı olmayacaq. Bir yaz günündə ağaclar yenidən yarpaqlayanda onun da sevgi dünyası nurlanacaq. Aybəniz xanımın özü də bunu görür.

Sən orda baxışınla saçlarımı oxşama,
Keçməz ki, bu həsrətim, bitməz ki, bu göynəyim.
Mən burda ağlayanda gecələr xısın-xısın,
Orda yatdığın yerdə islanırmı köynəyin?

Burda qarşı tərəfə etiraz var. Amma kəskin deyil. Yumşaqdır. Sanki qaydacaq secgiyə hələ də ürəyinin qapısını açıq qoyub. Bu iradların, xısın-xısın ağlamağın, yaranan sualların özündə də vüsala ümid yaşayır. Şerlərdəki kədər, ağrı və iztirab hələ hər şeyin sonu olduğu anlamına gəlmir. Hələ yaşanmalı illər var, hələ qapını döyən saf məhəbbət və insanı ilahiləşdirən eşq var. “Sən çıxırsan ” şeri ilə Aybəniz xanım elə bil mən duyanlara möhrünü vurur.

Bu sevginin ürək yeri,

Qazılır, sən çıxırsan.

Yuxlayıram, kipriklərim

Asılır, sən çıxırsan.

Bilmirəm ki, bu sirr nədir,

Məni hər gecə lal edir.

Bütün şifrələr birəbir,

Açılır, sən çıxırsan.

Bu ürək quyudur, quyu,

Suyu dumduru, dumduru.

O təmiz, o şəffaf suyu

İçilir, sən çıxırsan.

Yaradıcılıq bir tərəfli olsaydı təbii sevilməzdi. Hər şer seginin, yaşamın təsdiqi və təsviri kimi təqdim edilsəydi inandırıcı olmazdı. Böyüklük ondadır ki, müxtəlif acıları duya bilirsən, onu ictimailəşdirirsən və nəhayət dərd yüklü anlara üsyan da edə bilirsən.

Qanımın faizi çox aşağıdır,
Sənin gözlərindən yerə qan sızar.
İçərəm qanını, dodaqlarından,
Ağzım dada gələr, otağım qızar.

Nə gözəl üsyan. Həmişə belə olub. Bürün münasibətlərin darmadağın olduğu məqamda dodaqlar bir-birinə yapışıb qanı çıxana, içilənə qədər məhəbbət yaranırsa, barışığa yol beləcə gedirsə bütün gileylər unudulur, həyat yenidən başlanır. Şair bir onda yaddaşlara köçür ki o mövzunu real həyatdan götürür. Ya özü yaşadığını, ya da həssas bir insan kimi onu düşündürənləri qələmə alır.

Sevgidən kəm necə olur,
Baxtı qadının, bilirəm.
Hələ başını qatmağa,
Çoxdu qadının, bilirəm…

Əvvəlin iki misrası ilə sonun iki misrasının ziddiyyətli formada bir-birini gücləndirdiyini gördünüzmü? Sevgidən kəm qadının bəxti və hələ başını qatmağa qadının çoxluğu. Həyat budur. Bunu təbii yaşayanlar və duyanlar bilir.

Nə mən saçlarını sığallayıram,
Nə sən dizlərimdə yata bilirsən.
Bu da bir xəyaldır, sevin ki, hələ,
Mənim işığıma çata bilirsən.

Artıq burda qürurlu bir xanım obrazı var. Saçı sığallaya, dizinin üstündə yatırda bilmir, amma bunu xəyal edərək işığıma indi çata bilirsən deməsi qürurun, mənəviyyatın təntənəsidir.

Bir sevda düşə başına,
Qanında qaynaya keçə.
Bir qadının qız xəyalı,
Gözündə oynaya keçə.

Burda artıq yeni bir tapıntı var. Eşqin aliliyini yaşayan insanın gözündən ömrün yarı yaşında qadınının qız xəyalı keçir. Çox təbiidir. Amma heç kimi demədiyi məqamdır. Saflıqdır, dünənə qayıdış, həyata bağlılıqdır bu misralar.

“Qürubda günəş” kitabı kifayət qədər əhatəli, əksər mövzularda şair qələminin uğuru ilə dolu şerlərlə yüklənib. Özünün dediyi kimi şerləri həyat eşqli, sevgi yüklüdür. Yaxşı ki, yükümüz də ancaq sevgi yüküdür. Bu yükü daşıya bilənlərin sevda dünyasıdır.

Hələ ömrün gənclik illərinin ağuşundadır, Aybəniz Əliyar. Hələ müdrikliyə gedən yolun başlanğıcındadır. Onun Şabran sevgisi, bütöv Vətən məhəbbəti, Bayrağa hörməti, Xocalımızın faciəsinə hönkürtüsü qələminin gücündə, sözünün sehrində hamı üçün doğmadır. İlki belə başlayan yolun sonu təbii sənət zirvəsində yer tutmaqdır. Sizi gözləyən zirvə yeriniz mübarək Aybəniz xanım. Əgər sizi duyub nəsə deyə bildimsə nə xoş mənə. Deyə bilmədimsə bu artıq sizin həyat eşqinizin, ilahi təfəkkürünüzün məndən çox-çox qabağa getməsidir. Amma sadə bir oxucu olaraq bunları bölüşməyi vacib bildim.

02