Türkiyənin Antalya şəhərində dünyanın 15 ölkəsindən 250-dən artıq nümayəndənin qatıldığı möhtəşəm bir törən gerçəkləşdirildi. Tədbir artıq sayca yeddincisi düzənlənən Uluslararası Avrasiya Sənət, Kültür və Edebiyyat Böyük Buluşması kimi təqdim olunsa da, gedişatda bütün detallarıyla Türk Dili, Sənəti, Mədəniyyəti və Ədəbiyyatı yönündə gələcəkdə mühüm işlər görəcək və önəmli layihələri həyata keçirəcək daha möhtəşəm bir qurum – ASKEF (Avrasya Sanat, Kültür ve Edebiyat Federasyonu) olaraq tarixə öz imzasını atdı.
Dekabr ayının 11-14-ü tarixləri arasında baş tutan qurultay xarakterli bu tədbirdə başqa türkdilli dövlətlərlə yanaşı, Azərbaycan da böyük bir nümayəndə heyəti ilə təmsil olunurdu. Nümayəndə heyətimizin başçısı, eyni zamanda ASKEF(ASKED) Uluslararası Sanat Danışmanı və Azərbaycan Komitə Başkanı Raifə Sərxanqızı beynəlxalq tədbirdə ölkəmizin Antalyada ləyaqətlə və yüksək səviyyədə təmsil olunmasında bütün səyini ortaya qoydu. Öz çıxışını Türk Dünyasına tükənməz sevgi ruhu üstündə qurmuş Raifə xanım, “Bir millət, iki dövlət” kimi ayrılmaz bir bütünün yaradıcı övladlarının sənət və ədəbiyyat müstəvisində yenidən bir araya gəlməsinə yüksək dəyər verdiyini vurğuladı. Türkiyə-Azərbaycan mədəniyyət və ədəbiyyatlarının qardaşlığı, ortaq Türk dili səviyyəsində ortaya qoyulan bütün paylaşmalar törən iştirakçılarının ruh, can və qan qohumluğundan xəbər verirdi.
Təsadüfi deyil ki, Azərbaycan bayrağı altında duyğularını dilə gətirən yazarlarımız çıxışlarının sonunda hərarətlə alqışlanır, “Can Azərbaycan!”, “Can Azərbaycana selam olsun!” nidaları ilə qarşılanırdılar. Nümayəndə heyətimizin tərkibində tədbirə qatılmış 13 yaşlı istedadlı muğam ifaçımız Mətin Əbilovun ifası isə tədbirin pik nöqtəsinə öz möhürünü vurdu. Tədbirin davam etdiyi günlər ərzində “Sarı gəlin”, “Qarabağ şikəstəsi” kimi xalq mahnı və muğamlarından ibarət musiqi çələngini mərasim iştirakçılarına böyük şövqlə çatdıran Mətin dəfələrə “Bir daha!”- deyə təkrar ifa arzulayanların istəklərini sevə-sevə yerinə yetirdi. Qeyd edək ki, Bülbül adına musiqi məktəbində xalq artistləri Mənsum İbrahimov və Ağaxan Abdullayevin tələbəsi olan balaca xanəndəmizin repertuarında yer tutan hər bir əsər onun böyük gələcəyindən xəbər verir. Tədbir boyunca müntəzəm olaraq səslənən ASKEF himninin müəlliflərinin Arzu Nehrəmli və Hüseyn Sözlü olması da qürurverici idi.
Türkdilli dövlətlərin dil, tarix, siyasi gündəm və sair kimi taleyüklü problemlərinə həsr olunmuş mühüm bir bölümdə elm adamı və şair olaraq məhz oxuduğunuz sətirlərin müəllifinin Azərbaycanlı elm adamı olaraq məruzə ilə çıxış etməsi və təşkilatın Onur Kurulunda Azərbaycanımız adına təmsil olunması da önəmli addım kimi təqdir olunmalıdır.
Oxucularımızın nəzərinə çatdıraq ki, Azərbaycanımızı Antalya Uluslararası Avrasiya Sənət, Kültür və Edebiyyat Böyük Buluşmasında ASKEF(ASKED) Uluslararası Sanat Danışmanı və Azərbaycan Komitə Başkanı Raifə Sərxanqızı, filologiya üzrə fəlsəfə doktoru, AYB üzvü, şair Qiymət Məhərrəmli, AYB üzvləri Arifə Əliyeva, Şəfəq Sahibli, Narıngül Babayeva, Fərqanə Mehdiyeva, Daşkəsən içra başçısının müavini, şair Cavanşir Atəşi, bəstəkar-şair Hüseyn Sözlü, şairlərdən Arzu Nehrəmli, Qüdrət Minhacoğlu, Aqil Kəngərli, İlham Qazaxlı, Vüsal Oğuz, Ayna Hüseynli, həkim-şair Aqil Məmmədov, Azərbaycan Qarabağ qazisi Arif Məhərrəmov, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin əməkdaşları Vaqif Nəcəfli, Dilbər Sultanova, gənc muğam ifaçısı Mətin Əbilov layiqincə təmsil etdilər.
Tədbir iştirakçılarına ASKEF üzvləri olan şairlərin şeirlərindən ibarət poeziya antologiyası, iştirakçı plagetləri və digər hədiyyələr təqdim olundu. Azərbaycan nümayəndə heyətinin üzvləri də öz növbəsində ASKEF başkanı Savaş Ünala xatirə hədiyyələri bağışladılar.
Antalya Böyük Şeir Buluşmasının gerçəkləşdiyi dörd gün ərzində tədbir iştirakçıları rəssamlıq əsərlərindən ibarət sərgi ilə tanış oldular, ədiblərin kitablarının imza mərasimi baş tutdu. Rəsmi hüssələrin ardınca incəsənət ustalarının çıxışları mərasimə əsil bayram əhval-ruhiyyəsi qatırdı. Tədbirin son günü Antalyanın gəzintisinə sərf olundu.
Qiymət MƏHƏRRƏMLİ, Bakı-Antalya-Bakı.