Soyuyub düşür
Od püskürən məhəbbət,
Dildə soyuyub düşür.
Kəpənəyin sevgisi,
Güldə soyuyub düşür.
Ya kol ol, ya bənövşə,
Arxa durmaz çöl, meşə,
Alovlar qalxır ərşə,
Küldə soyuyub düşür.
Hər gün diridir sabah,
Sabahda yaşar Allah,
Nalə çəkir çahargah,
Zildə soyuyub düşür.
Götürmür qarğışları,
Dağ qoruyur daşları,
Sel kimi göz yaşları,
Lildə soyuyub düşür.
Qəm içirəm hər axşam,
Mən də belə əyyaşam,
“Ol”da olan od, yaşam,
“Öl”də soyuyub düşür…
Qanadlarınla
Bahar gətirdin ömrümə,
Külək qanadlarınla.
Sevdalar yazdın alnıma,
Lələk qanadlarınla.
İçim yandı, qar gətirdin,
Gül üzlü bahar gətirdin,
Körpə arzular gətirdin,
Leylək qanadlarınla.
Unutdum dövrü, zamanı,
Qurban verdim sənə canı,
Qovdun İçimdən şeytanı,
Mələk qanadlarınla.
Səni sevməmək günahdı,
Hər qədəmin “bismillah” dı,
Hayıf sahibin Allahdı, –
Neylək qanadlarınla?!
Darıxıram
Göyərdi getdiyin yollar,
Arxanca gül açıb bahar,
Öldürür məni intizar,
Vermir aman, darıxıram, –
Sənsiz yaman darıxıram.
Çat düşür sabahlarıma,
Göy diksinir ahlarıma,
Güvəndiyim dağlarıma,
Çökür duman darıxıram, –
Sənsiz yaman darıxıram.
Ay göylərdə dilim kimi,
Haray salıb dilim kimi,
Sinəm üstə ölüm kimi,
Çökür hicran, darıxıram, –
Sənsiz yaman darıxıram.
Dərdin nə uca, dağdımı,
Həsrətə qurub vaxtımı,
Nə falçı açmır baxtımı,
Nə də şaman, darıxıram, –
Sənsiz yaman darıxıram.
Etmisən talan ömrümü,
Sevgisiz yalan ömrümü,
Demişəm qalan ömrümü,
Sənə qurban, darıxıram, –
Sənsiz yaman darıxıram.
Bəxtim donub qarda qalıb,
Yol dolaşıb yarda qalıb,
Gəl, gözü yollarda qalıb,
Can versin can, darıxıram, –
Sənsiz yaman darıxıram…
Dağılışağın
Daha şər qarışır, sübhə əmanət,
Gülüb şirin-şirin, dağılışağın.
Oxuyub öyrəndik, daha bu ömrün,
Bağlayaq dəftərin, dağılışağın.
Çevrildik gül üzlü günə, cücərdik,
Tapdayıb əzdilər, yenə cücərdik,
Şumladıq, su verdik, əkib becərdik,
Silib alın tərin, dağılışağın.
Zəhər, ağu dadır badamlar indi,
Peşmandı həyatı dadanlar indi,
Adam əti yeyir adamlar indi,
Sonudur bəşərin, dağılışağın.
Ölü basdırmaqdan torpağı bezib,
Ümidin bu günü, sabahı bezib,
Nizama salmaqdan Allahı bezib,
Bu göyün, bu yerin, – dağılışağın.
Tutduq qəm yükünü, ələmimiz var,
Dünyaya borcumuz, sələmimiz var,
Yaxından, uzaqdan gələnimiz var, –
Bir fatihə verin, dağılışağın…
Bu şeiri şeirlərinin vurğunu olduğum, bənzərsiz ruh şairi, Yunis İmrə nəfəsli adaşım Məmməd Dəmirçioğlunun ruhuna bağışlayıram. Məqamın cənnət olsun, Şair!!!